Azərbaycan Dövlət Neft Fondunun və Milli Bankın Ehtiyat Fondunun pullarının əhəmiyyətli hissəsi beynəlxalq maliyyə bazarlarında işləyən qurumlarla idarə edilir
Azərbaycan servisi/Aran Agentliyi
Ötən həftə sonunda Amerikada maliyyə sisteminin mərkəzi sayılan “Wall Street”də yaranan çaxnaşmanın əks-sədası dünya səhm bazarlarında dünən də hiss edilib. Səhmlər London, Paris və Almaniya bazarlarında 3 faizə yaxın aşağı düşüb. İqtisadçılar narahatdılar ki, ABŞ-da baş verən bu çaxnaşma domino effekti verərək dünya maliyyə bazarlarının nizamını poza bilər.
Azərbaycanda da iqtisadçılar hesab edirlər ki, beynəlxalq maliyyə bazarlarındakı böhran Bakının da narahat olması üçün kifayət qədər ciddi səbəbdir. İctimai Maliyyənin Monitorinqi Mərkəzinin direktoru İnqilab Əhmədov “Azadlıq” radiosuna bildirib ki, Azərbaycanın bank və maliyyə sektoru beynəlxalq maliyyə strukturlarına o qədər sıx birləşməyib. Bu baxımdan həmin böhranın o qədər də təsirli olmadığını düşünmək olardı. Amma Azərbaycanın Neft Fondunun, ölkənin maliyyə ehtiyatlarının əsas hissəsi beynəlxalq maliyyə bazarlarındadır. Böhran həmin pullara da təhlükədir:
“Azərbaycan Dövlət Neft Fondunun və Milli Bankın Ehtiyat Fondunun pullarının əhəmiyyətli hissəsi beynəlxalq maliyyə bazarlarında işləyən qurumlarla idarə edilir. Əgər bu bazarda böhran varsa, adını çəkdiyim hər iki dövlət qurumu üçün də narahatçılıq üçün əsas var”.
Azərbaycan Dövlət Neft Fondunda isə narahatlığa o qədər də əsas olmadığını deyirlər. Fondun icraçı direktoru Şahmar Mövsümov “Azadlıq” radiosuna deyib ki, qurumun pulları tez satıla bilən qiymətli kağızlarda saxlanır və tam qorunur.
Fondun məlumatına görə, hazırda onun aktivlərinin miqdarı 10 milyard dollardan yuxarıdır.