Yeni dərs ilinin başlanması ali məktəblərdə yeni rüşvət mexanizmini ortaya çıxarıb. İndiyə qədər adətən sessiyalar zamanı tələbələrdən rüşvət yığılmasına bir növü hamı adət edib
Azərbaycan servisi/Aran Agentliyi
Yeni dərs ilinin başlanması ali məktəblərdə yeni rüşvət mexanizmini ortaya çıxarıb. İndiyə qədər adətən sessiyalar zamanı tələbələrdən rüşvət yığılmasına bir növü hamı adət edib. Yeni rüşvət növü isə sözün əsl mənasında yenilikdir. Ölkənin bütün ali məktəblərində qrup nümayəndələrinin təyinatı prosesi rüşvətlə həyata keçirilir.
Əvvəllər qrup nümayəndəsi qrupdakı tələbələrin seçiminə buraxılırdı və ya ən bilikli tələbə qrupun birincisi təyin olunurdu. Artıq bu ənənəyə son qoyulub. Qrup nümayəndəsi olmaq istəyən tələbə fakültə dekanına rüşvət verməlidir. Rüşvətin məbləği 200-500 manat arasındadır. Bəzi universitetlərdə bu rəqəm hətta 800 manata çatır. Adının çəkilməsindən ehtiyatlanan tələbələrin verdiyi məlumata görə, məbləğin azaldılması üçün tələbə və ya valideyn dekanla danışıqlar apardıqda dekanlar bunun mümkün olmadığını deyirlər. Səbəbi isə məbləğin prorektorlar tərəfindən müəyyən edilməsi ilə izah edilir.
Ali Məktəblərdə bu cür rüşvətyığma dekanların iştahasını bir az da artırıb. Yuxarı kurslardakı qrupların qrup nümayəndələri dekanlığa çağırılır və 200 manat gətirməyəcəyi halda başqası ilə əvəzlənəcəyi xəbərdarlığı edilir.
Əldə etdiyimiz bu məlumatlar ölkənin ali məktəblərində rüşvətxorluğun miqyasının artıq heç bir ölçüyə gəlmədiyini deməyə əsas verir. Universitetlərdə rüşvətlə düzəlməyən yeganə iş qrup nümayəndələrinin təyinatı idi ki, artıq buna da son qoyulub.