Tarix : 2008 Sep 17
Kod 7335

YAP BU GÜN MİTİNQ KEÇİRƏCƏK

Seçkidə iştirak edən qüvvələrdən təbliğat kampaniyasına kütləvi aksiya ilə hansının başlayacağına gəlincə, hakim Yeni Azərbaycan Partiyası bu günə mitinq təyin edib
Azərbaycan servisi/Aran Agentliyi
Bu gün seçki kampaniyasının namizədlərin təbliğat-təşviqat dövrü başlayır. Seçkidə iştirak edən qüvvələrdən təbliğat kampaniyasına kütləvi aksiya ilə hansının başlayacağına gəlincə, hakim Yeni Azərbaycan Partiyası bu günə mitinq təyin edib. Mitinq Bakı Şəhər İcra Hakimiyyətinin kütləvi aksiyalar üçün ayırdığı Bibiheybət qəsəbəsindəki meydançada keçiriləcək. Dünən BŞİH ilə əlaqə saxlayıb YAP-ın bu aksiya üçün rəsmi müraciət edib-etmədiyini dəqiqləşdirdik. BŞİH-in siyasi partiyalar və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Zaur Ramazanov bildirdi ki, YAP Səbayel rayonu ərazisində yerləşən Bibiheybət qəsəbəsindəki meydançada mitinq keçirmək üçün rəsmi məktubla müraciət edibmiş.
YAP-ın icraçı katibi Əli Əhmədov “Trend News”a bildirib ki, mitinqdə 30-35 min nəfərin iştirakı nəzərdə tutulub.
Dünən redaksiyamıza verilən məlumatda isə deyilir ki, Səbayel rayonunda yerləşən bütün məktəblərin və digər dövlət müəssisələrinin əməkdaşlarının YAP-ın mitinqində iştirakının təmin olunması üçün əmr verilib. Müəssisə rəhbərləri, xüsusən də məktəb direktorları tabeçiliyində olanlara xəbərdarlıq edib ki, Bibiheybətdəki mitinqə gəlməyən şəxs işdən qovulacaq.
Seçkidə iştirak edən digər siyasi qüvvələrin heç biri təbliğat-təşviqat kampaniyasının ilk günündə mitinq keçirməyi planlaşdırmayıblar.
Prezidentliyə namizədliyi Böyük Quruluş Partiyası tərəfindən irəli sürülmüş Fazil Qəzənfəroğlu təbliğat kampaniyasının ilk günündə təbliğat plakatlarının yayımı ilə bağlı məsələləri həll etməyə çalışacaqlarını deyir: “Təmsilçilərimiz efir vaxtının ayrılması ilə bağlı püşkatmada iştirak edəcək. Bundan başqa təbliğat kampaniyasının gedişində nəzərdə tutduğumuz tədbirlərin qrafikini də müəyyənləşdirəcəyik. Təbliğat kampaniyasının ilk günü kütləvi aksiya keçirməsək də qarşıdakı müddətdə bu cür aksiyaları nəzərdə tutmuşuq. Aksiyalarımız ölkənin iri şəhərlərində olacaq. Böyük ehtimalla ilk geniş tədbirimiz Sumqayıtda baş tutacaq. Daha sonra Gəncədə, Lənkəranda və digər bölgələrdə seçicilərlə geniş görüşlərimiz olacaq. Bakıda da bu cür tədbirlər keçiriləcək”.
Liberal Demokrat Partiyasının prezidentliyə namizədi Fuad Əliyev isə bildirib ki, bu gün bölgələrə səfərə çıxacaq: “İlk səfərimiz cənub bölgəsinə olacaq. Biz hələlik geniş tədbirlər keçirmədən, sadəcə, seçicilərlə görüşməyi planlaşdırırıq. Növbəti günlərdə isə hazırladığımız plan əsasında fəaliyyətimizi davam etdirəcəyik”.
Prezidentliyə namizədliyi BAXCP tərəfindən irəli sürülmüş Qüdrət Həsənquliyevin seçki qərargahının rəhbəri Elçin Mirzəbəyli bu gün mitinq keçirmək planlarının olmadığını deyib: “Çap təbliğat vasitələrinin bölgüsü aparılacaq. Ayın 17-də bizim yerli təşkilatların nümayəndələri gəlməli və materialları bölgələrə çatdırmalıdır. Bundan başqa, ”qapı-qapı" prinisipinə əsaslanan görüşlərdə paylanması nəzərdə tutulan kiçik posterlərin hazırlıq məsələsi də diqqətdə saxlanılacaq. Seçicilərlə keçiriləcək böyük tədbirlərə isə bölgələrdən başlamağı düşünürük. Daha sonra isə nəzərdə tutduğumuz regionlarda və nəhayət Bakıda geniş aksiyalar keçirəcəyik".
Prezidentliyə digər üç namizədin də təbliğata mitinqlə start verməyəcəyi təmsilçiləri tərəfindən bildirildi.
  • Yazılıb
  • da (də) 2008 Sep 17