Azərbaycan servisi/Aran Agentliyi
Hacı Namiq Babaxan: "Bir çox məsələlər təkcə Allahın iradəsi altındadır, misli görünməmiş eksprementlər vasitəsilə belə, onlar barədə konkret nəticəyə gəlmək mümkün deyil".
Bəşəriyyət inkişaf etdikcə elmi kəşflərin sayı da artır, dünya elmində müxtəlif eksprementlər aparılır. Belə təcrübələrdən biri də bu yaxınlarda bir qrup alimin kainatın necə yarandığı barədə elmi sınaqlara başlamasıdır. Belə ki, İsveçrə-Fransa sərhədində yerin altında yerləşdirilmiş Böyük Adron Kollayderi işə salınıb. Məlumatlara görə, CERN adlı Avropa elmi mərkəzi yerin altında inşa edilən bu qurğu vasitəsilə hissəciklər fizikası və maddənin təbiəti haqda suallara cavab axtarmaqdadır. 27 km radiosu olan çevrə tunelə atom zərrəciklərini işıq surəti ilə hərəkət etdirməklə, alimlər kainatın "Böyük Partlayış" deyilən nəzəriyyə əsasında mümkün yaranma mexanizmini tədqiq etmək istəyirlər.
Bir çox məşhur tədqiqatçılar isə əsrin növbəti 10 illiyində Yer kürəsini böyük təhlükə gözlədiyini, yəni Qiyamət gününün yetişəcəyini bəyan edirlər. Kainatın yaranışı, Qiyamət gününün nə vaxt yetişəcəyinin Allah-Təalanın iradəsi ilə bağlı olduğunu nəzərə alsaq, onda bu elmi kəşflərlə dünya-aləmin necə yaranması haqqında bilgi əldə etmək mümkündürmü?
Məsələyə münasibətini bildirən ilahiyyatçı alim Hacı Namiq Babaxan ilk öncə dini nöqteyi-nəzərdən istənilən elmi araşdırmaların, eksprementlərin müsbət qarşılandığını diqqətə çatdırdı. Sözlərinə görə, alimlər kainatın necə yarandığı barədə sırf elmi məlumatlar əldə etmək məqsədilə eksprement aparırlarsa, buna heç kim qadağa qoya bilməz: "Yox, əgər sözügedən məsələnin kökündə başqa niyyət gizlənirsə, məsələn, kainatın yaranmasının, Yer kürəsinin dağılmasının, təzədən yeni həyatın formalaşacağının Allahın iradəsindən kənarlığını sübuta yetirmək istəyirlərsə, əvvəla buna nail olmayacaqlar, ikincisi, belə eksprementlər aparmaq ümumiyyətlə yolverilməzdir".
İlahiyyatçı alim heç bir dinin sırf elmi nailiyyətlərə hesablanmış araşdırmaların, təcrübələrin əleyhinə çıxmadığını, əksinə, bəşəriyyətin inkişafını, daim axtarışda olmasını təqdir etdiyini vurğuladı: "Kainatla bağlı bir sıra məsələlər var ki, bəşər övladı araşdırmalarla nəyəsə nail ola bilər. Yerin kürə şəklində olmasını, öz oxu ətrafında fırlanmasını Qurani-Kərim hələ XIV əsr əvvəl bəyan edib. Sonra tədqiqatçılar, alimlər Qurani-Kərimi araşdırarkən Müqəddəs Kitabda bəyan olunanların təsdiqini tapdılar. Və beləliklə, Allahın həqiqətən də böyük varlıq sahibi olması bir daha danılmaz təsdiqini tapdı".
Lakin bütün bunlara baxmayaraq, insan bir çox sirləri açmaqda acizdir. Çünki belə məsələlər yalnız Allahın iradəsi altındadır. Tədqiqatçılar Qiyamət günü haqqında müxtəlif proqnozlar versələr də, onun nə vaxt baş verəcəyini yalnız Allah-Təala bilir. Düzdür, Böyük Yaradan Qurani-Kərim və məsumlar vasitəsilə Qiyamət gününün işarətlərini insanlara çatdırıb. Amma Həzrət Peyğəmbərin (s) də, imamların (ə) da qeyb elmilə bağlı tam məlumatları olmayıb. Ona görə də kainat, qeyb aləmi və s. barədə konkret fikir söyləmək qeyri-mümkündür".