Tarix : 2008 Sep 18
Kod 7367

ƏBU-BƏKR dəki PARTLAYIŞLA BAĞLI ŞOK TƏFƏRRÜATLAR

Hadisədən iki gün əvvəl xarici xüsusi xidmət orqanı əməkdaşı məsciddə namaz qılıb
Azərbaycan servisi/Aran Agentliyi

Avqustun 17-də "Əbu-Bəkr" məscidində baş vermiş partlayışla bağlı Milli Təhlükəsizlik Nazirliyində (MTN) əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Hüquq-mühafizə oraqnlarındakı etibarlı mənbədən Lent.az-a daxil olan məlumata görə, MTN-in sentyabrın 14-də Qusarda keçirdiyi əməliyyat tədbirləri nəticəsində çeçen millətindən olan bir nəfər saxlanılıb. Həmin şəxs istintaqa Bakıda Montin dəmiryol stansiyasının yaxınlığında silah-sursat gizlətdiklərini deyib. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində dəmiryol stansiyasının yaxınlığından 1 ədəd RQD, 1 ədəd F1 tipli əl qumbarası və internetə çıxışı olan 1 ədəd ratsiya aşkar edilərək, götürülüb.

Sentyabrın 16-da MTN-in keçirdiyi növbəti əməliyyat zamanı Bakının Qaradağ rayonunda Elnur adlı Bakı sakini həbs edilib. MTN-in xüsusi təyinatlı dəstəsi onu marşrut avtobusunda yaxalayıb. İlkin dindirmələr zamanı o, məsciddəki partlayışı Samir Mehdiyevin törətmədiyini bildirib.

Mənbə bildirir ki, məsciddə partlayış baş verməmişdən 2 gün əvvəl qonşu ölkələrdən birinin xüsusi xidmət orqanının əməkdaşı məsciddə namaz qılanların arasında olub. Bu məlumat Azərbaycanın xüsusi xidmət orqanlarına hadisədən sonrakı günlərdə verilib.

Sonda mənbə onu da bildirdi ki, "Əbu-Bəkr" məscidindəki partlayışla bağlı aparılan istintaq tədbirləri ilə əlaqədar MTN-də 30 dəqiqəlik film hazırlanır.

Onu da qeyd edək ki, məsciddə baş verən partlayış nəticəsində 2 nəfər ölüb, 19 nəfər isə xəsarət alıb.

  • Yazılıb
  • da (də) 2008 Sep 18