Tarix : 2008 Sep 18
Kod 7369

VASİF TALIBOVUN ŞƏKİLLƏRİNİ POLİS QORUYACAQ

Azərbaycanın hər yerində olduğu kimi, Naxçıvanda da prezident seçkiləri təbliğat kampaniyasına start verilib
Azərbaycan servisi/Aran Agentliyi
Azərbaycanın hər yerində olduğu kimi, Naxçıvanda da prezident seçkiləri təbliğat kampaniyasına start verilib. Dünən bölgədəki mənbəmizdən aldığımız xəbərə görə, Şərur və 1 saylı Şərur-Sədərək seçki dairəsində təmsil olunan dairə və məntəqə seçki komissiyaları üzvlərinin ümumi müşavirəsi keçirilib.
“Müşavirə keçirilən zalda nədənsə YAP-ın və İlham Əliyevin şəkilləri asılmışdı. Müxalifətdən olan komissiya üzvlərindən biri bu barədə iradını bildirdikdə müşavirəni aparan Naxçıvan MR MSK-sının sədri Məhərrəm Qasımov polisə müraciət edərək onu zaldan çıxartdırdı. Bundan sonra Qasımov YAP-ın Şərur rayon təşkilatının sədrinə tapşırıq verdi ki, İqdırda, İstanbulda, Bakıda, harda olmasına baxmayaraq, seçicilərin seçkidə iştirakını təmin etməlidir”,- deyə mənbə bildirir.

Məlumata görə, M.Qasımov müşavirənin sonunda iki özəl açıqlama ilə çıxış edib. Bildirib ki, seçkidə iqtidar nümayəndəsinin qələbəsində əməyi olan hər bir şəxsin zəhməti lazımınca qiymətləndiriləcək. Bundan sonra isə o, başqa bir açıqlama ilə çıxış edib. M.Qasımov deyib ki, Naxçıvanda dövlət başçısının təbliğatı istiqamətində 102 iri reklam stendləri quraşdırılacaq. Sən demə, bu stendlərdə dövlət başçısı ilə birgə Vasif Talıbovun da şəkli yer alacaq: “Məhərrəm Qasımov öz çıxışında bildirdi ki, bu stendləri polis gecə-gündüz qorumalıdır”.
 
  • Yazılıb
  • da (də) 2008 Sep 18