Tarix : 2008 Sep 19
Kod 7388

GÜRCÜLƏR RUSİYA QƏZƏBİNİN MEYVƏLƏRİNİ DƏRİRLƏR

.
Gürcüstan servisi/Aran Agentliyi
Rusiya üçün geosiyasi «bürcün ulduzları» ideal şəkildə düzülmüşlər
 

(«The Washington Times», ABŞ )

    İndiki dövr, artıq NATO alyansında iştirak edən üzv ölkələrin hər hansı birinə olan hücumun NATO tərəfindən bu alyansın digər üzvlərinə olan hücum kimi qiymətləndiriləcəyi zəmanəti vaxtlar olduğu kimi deyildir. Belə ki, hətta Gürcüstan NATO-nun tərkibinə daxil olsaydı da belə, bir sıra Avropa ölkələri orada baş vermiş hadisələri öz ərazilərinə hücum kimi qiymətləndirməyə hazır deyillər.

    Beləliklə, Rusiya üçün geosiyasi «bürcün ulduzları» ideal şəkildə düzülmüşlər. Belə ki, əvvəla, ABŞ öz qüvvəsini həddən ziyadə gərginləşdirmişdir. Və indi bu ölkənin səsləndirdiyi hər hansı kəskin söz, qaçılmaz şəkildə boş-boşuna deyilmiş ritorika kimi qəbul ediləcəkdir. Çünki, Amerika öz resurslarını Əfqanıstanda və İraqda apardığı müharibələrdə və həmçinin «terrorla mübarizədə» tükətmişdir. İkincisi, Avropa Birliyi hərbi cəhətcə elə əvvəlki kimi Kremlə təsir etmək imkanları olmayan «cırtdan» olmaqda qalmaqdadır. Və nəhayət, Gürcüstan rəhbərliyinin səriştəsizliyi Rusiya liderləri qarşısında geniş imkanlar açdı.

    Çox güman ki, avqustun 8-də, ölkədən «qırılıb ayrılmış» əyalətə – Cənubi Osetiyaya hücum etmək əmri verəndə prezident Mixail Saakaşvili hesab edirmiş ki, əgər rus qoşunları gürcüləri geriyə – Gürcüstan ərazilərinə sıxışdırsalar, onda amerikalılar hərbi vasitələrlə köməyə gələcəklər. Lakin, rus əks-hücümü nəticəsində onun qoşunu tamamilə darmadağın edildiyi zaman Saakaşviliyə yalnız məyusluq və gücsüz qəzəb hissi qaldı. Bu əməliyyatın nəticəsi olaraq isə Gürcüstan nəinki yalnız Cənubi Osetiyanı və həm də digər bir əyalətini – Abxaziyanı itirdi.

Partnyorlar


    Qeyd etmək lazımdır ki, Gürcüstan ABŞ-dan başqa İsraillə də xüsusi münasibətlərlə bağlanmışdır. Düzdür, onun İsrail ilə olan münasibətləri xüsusi olaraq qabardılmırdı. Məsələn, Gürcüstanın keçmişdə İsrail vətəndaşı olan müdafiə naziri David Kezeraşvili, amerikalıların köməyi ilə Təl-Əvivdən Tbilisiyə silah göndərilməsini təşkil edirdi. Mətbuat onun aşağıdakı sözlərindən sitat gətirmişdir: «Biz nəhəng Rusiyaya qarşı vuruşuruq. Və bizim ümidlərimiz Ağ Evin yardımına bağlıdır. Çünki, təkbaşına Gürcüstan xilas ola bilməz».

    Avqust ayının 12-də İsrailin «Jerusalem Post» qəzeti xəbər verirdi:
«Həftənin çərşənbə axşamı günü (avqustun 12-də – red.) səhər Gürcüstanın baş naziri Vladimir Qurgenidze İsrailin Xaredi icmasının ən nüfuzlu liderlərindən biri olan rabbi Aaron Leyb Şteynmanın (Aaron Leib Steinman) xeyir-duasını almaq üçün oraya zəng etmişdir». Qəzet baş nazirin sözlərindən sitat gətirir: «Mən bizim üçün və bizim dövlətimiz üçün dua etməyi ondan xahiş edirəm».

    Sionist rejim Gürcüstana silah satmağa hələ yeddi il əvvəl başlamışdı. Bu silahların alınması isə ABŞ-ın maliyyə yardımının köməyi ilə həyata keçirilirdi. İsrail tərəfindən bu işdə «Elbit Systems» şirkətini təmsil edən sabiq nazir və Təl-Əvivin meri Roni Milo (Roni Milo) və onun qardaşı, «Müdafiə sənayesi» konserninin sabiq baş direktoru Şlomo Milo iştirak edirdi. İsrailə məxsus və «Elbit Maarahot Systems» şirkəti tərəfindən istehsal edilən «UAV» pilotsuz uçan aparatları Rusiyanın cənub rayonları və həmçinin İranın əraziləri üzərində kəşfiyyat uçuşları həyata keçirirdilər.

    Təl-Əvivlə bağladığı gizli razılaşma çərçivəsində Gürcüstan İsrailin ixtiyarına ölkənin cənubunda iki aerodrom təqdim edəcəyi barədə təəhhüd götürmüşdü. İsrail İranın nüvə obyektlərinə önləyici zərbələr endirəcəyi halda bu aerodromlardan özünün qırıcı-bombardmançı təyyarələri üçün istifadə edə bilərdi. Bu isə həm də eyni zamanda İsrail təyyarələrinin İranda olan hədəfləri vurmaq üçün keçilməsi zəruri olan məsafələrinin kəskin şəkildə azalması demək idi. İsrail Hərbi-Hava Qüvvələrinin gürcü aerodromlarına göndərilməsi isə Türkiyənin hava məkanının üzərindən həyata keçirilməli idi.

   
Moskvada keçirilən mətbuat konfransı zamanı Rusiya Hərbi Baş Qərargahının sədr müavini Anatoli Noqovisın Gürcüstana olan İsrail hərbi yadımının miqyasından da danışmışdır. Bu yardıma isə «səkkiz növ pilotsuz uçan aparatlar, piyada əleyhinə minalar və minalanmış sahələrdə keçid yerləri açmaq üçün olan daşınan mərmilər» daxil idi. Müxtəlif qiymətləndirmələrə görə, Gürcüstan ordusunda olan israilli təlimatçıların sayı 100 - 1000 nəfər arasında idi. Bundan da başqa, gürcü əsgərlərinin hazırlığı ilə 110 nəfər amerikalı hərbçi də məşğul olurdu. İyul ayında keçirilmiş «Təxirəsalınmaz cavab-2008» («Immediate Response 2008») adlı müştərək təlimlər zamanı ölkəyə hava yolu ilə 2000 nəfər amerikalı əsgər gətirilmişdi.

    Təl-Əvivin Gürcüstana etdiyi hərbi yardımın təfərrüatlarını İsrail rejiminin qəzetləri açmamağa çalışırlar. Belə ki, qəzetlər bu məlumatların, iki il əvvəl faktiki olaraq «Hizbullah» təşkilatına qarşı aparılmış Livan müharibəsi zamanı İsrailin hərbi sahədə olan yüksək nüfuzuna dəymiş zərərdən sonra, bu orduya növbəti zərbə kimi qiymətləndiriləcəyindən çəkinirlər. İsraildəki Gürcüstan səfirliyinin yüksək rütbəli bir əməkdaşı, Təl-Əvivin onun ölkəsinin hərbi uğursuzluqlarına həddən ziyadə «süst» tərzdə reaksiya verməsindən şikayətlənirdi. Dirlomat İsraili «Moskvaya diplomatik təzyiq göstərməyə» çağırmışdı. «Jerusalem Post» qəzetinin qeyd etdiyinə görə, diplomata «bu xahişlə Vaşinqtona müraciət etməyi» məsləhət görüblər.

    «Haaretz» qəzeti isə xəbər vermişdi ki, yəhudi olduğu iddia edilən gürcü naziri Temur Yakobaşvili İsrail rejiminin Hərbi Qüvvələrinin radiostansiyasına verdiyi müsahibəsində: «İsrail gürcü əsgərlərinə təlim keçmiş öz hərbçiləri ilə qürur hissi duymalıdır»,
- deyə bildirmişdir. Buna sübut olaraq isə o, doğruluğu böyük şübhə altında olan bir məlumatı: «israillilər tərəfindən hazırlanmış bizim kiçik əsgər qrupumuz bütöv bir Rusiya diviziyasını məhv etmişdir», - qondarma məlumatını gətirmişdir.

    Hərbi Təl-Əviv–Tbilisi «mehvəri» Buş administrasiyasının xeyir-duası ilə ən yüksək səviyyədə yaradılırdı. Onun iştirakçıları arasında rəsmi «əlaqələndirici həlqə» 2006-cı ilin iyul ayında Livanla sərhəddə İsrail qoşunlarına rəhbərlik etmiş ehtiyatda olan briqada generalı Qal Hirş (Gal Hirsch) idi. O, İkinci Livan Müharibəsinin nəticələrini araşdıran «Vinoqradın komissiyası»nın («Winograd commission») bu müharibənin gedişində İsrail hərbi qüvvələrinin hərəkətlərinə mənfi qiymət verməsindən sonra istefaya getmişdi.

    Əlbəttə, şübhəsiz ki, Rusiya, gürcü ordusuna israillilər tərəfindən təlim keçirilməsinə Vaşinqton tərəfindən razılıq verildiyinə əmindir. ABŞ-ın özündə kosmik kəşfiyyat aparmaq üçün azad olan qüvvələrin və vasitələrin çatışmazlığı hiss olunurdu. Belə ki, Amerikanın ixtiyarında olan casus-peyklər qruplaşması İraq və Əfqanıstan müharibələri ucbatından bütün qüvvələrini o bölgələrə yönəltmişdilər. Və bu baxımdan nə Amerika və nə də gürcü kəşfiyyatının rus qoşunlarının Tbilisinin hücumuna anındaca və kütləvi şəkildə reaksiya verəcəyinə hazır olmasından xəbəri yox idi. Moskva isə başa düşürdü ki, bu reaksiyanın vaxtı yetişir. Guya Gürcüstan xüsusi xidmət orqanlarına «işləyən» ikili agentlər isə yəqin ki, verdikləri məlumatlarla impulsiv prezident Saakaşvilinin davakar fantaziyalarını rahlayır və onu «qəfil hücuma» təhrik edirdilər.

    2000 nəfər gürcü əsgərini İraqa göndərmiş (Rusiya qoşunları böyük əks-hücum zamanı Gürcüstanın içərilərinə doğru irəlilədikləri zaman ABŞ HHQ-nin təyyarələri gürcü əsgərlərini təcili şəkildə vətənlərinə gətirdi) Saakaşvili bu cür sədaqətin mükafatsız qalmayacağını hesab edirdi. O, inanmırdı ki, şəxsi dostu olan Buş onu çətinlikdə qoya bilər. Axı, Saakaşvilinin özü öz ölkəsini «Qafqaz İsraili» rolunda görürdü!

    İsrailə məxzsus «YNet» elektron qəzetinin verdiyi məlumata görə, Təl-Əviv–Tbilisi «mehvəri» ən yuxarı kürsülərdə düzəldilmişdir. Lakin, indi bundan sonra İsrail HHQ-nin təyyarələrinin İranın nüvə obyektlərinə zərbə endirmək üçün Gürcüstan aerodromlarından istifadə edə biləcəkləri böyük sual altındadır.

    Gürcüstan böhranının sona çatmasından sonra birinci yerə İran məsələsi çıxır. Nə Rusiya, nə də Çin Tehrana qarşı yeni, daha kəskin sanksiyaların tətbiq edilməsi ilə bağlı Qərbin xahişlərini yerinə yetirmək arzusunda deyildir. İranın Avropadakı ticarət partnyorları da bu ölkənin iqtisadi blokadasına qarşıdırlar. Gələn ilin əvvəli üçün isə İranın Buşəhr şəhərində ruslar tərəfindən tikilmiş və 1000 meqavatt gücü olan reaktorun istismara verilməsi nəzərdə tutulmuşdur.

    Vladimir Putinin və neftə olan yüksək qiymətlərin sayəsində Rusiya dünyanın geosiyasi xəritəsinə qayıtdı. Moskvanın bu il üçün proqnozlaşdırılan neft-qaz gəlirləri 201 milyard dollar olmalıdır ki, bu da səkkiz il əvvəl ölkə başçısı kürsüsündə Putin Boris Yeltsini əvəz etdiyi vaxtdakından 13 dəfə çoxdur.

   
Buş administrasiyasının demokratiya uğrunda ümumdünya «xaç yürüşü» Kreml tərəfindən və həm də elə ABŞ-ın özünün bir çox müttəfiqləri tərəfindən imperiya lovğalığı evfemizmi (evfemizm – qaba və ya namünasib söz və ya ifadə əvəzinə işlədilən daha yumşaq söz və ya ifadə – Dəyərlər) kimi qiymətləndirilir. Putin-Medvedev tandeminin cavabı isə beş bənddən ibarət yeni doktrina oldu. Bu doktrinada isə mahiyyət etibarilə söhbət amerikalıların sabiq Sovet İmperiyasının maraq dairələrinə – özü də ki, nəinki yalnız sabiq sovet respublikalarının, eyni zamanda sabiq satellit və ya müştəri-ölkələrin yerlərinə girişməməsindən gedir.

    Və yalnız qocaman «soyuq müharibə döyüşçüləri» bunda «Soyuq Müharibə və yaxud digər sosialist ölkələrinin daxili işlərinə qarışmaq haqqı» dövrlərinin «Brejnev doktrinasına» qayıdışı görə bildilər. Həmin o «haqla» ki, 1968-ci ildə Çexoslovakiya hadisələri baş vermişdi.

    Lakin, yaranmış yeni vəziyyət isə rus ayısını cəzasız şəkildə qıcıqlandırmağın bundan sonra alınmayacağını göstərir ki, artıq bunda Gürcüstan əmin oldu.

  • Yazılıb
  • da (də) 2008 Sep 19