MTN-in sentyabrın 14-də Qusarda keçirdiyi əməliyyat tədbirləri nəticəsində çeçen millətindən olan bir nəfər saxlanılıb
Azərbaycan servisi/Aran Agentliyi
Əbu-Bəkr məscidində baş vermiş partlayışla bağlı Milli Təhlükəsizlik Nazirliyində (MTN) əməliyyat-axtarış tədbirləri davam etdirilir. Hüquq-mühafizə orqanlarındakı etibarlı mənbədən lent.az-a verilən məlumata görə, MTN-in sentyabrın 14-də Qusarda keçirdiyi əməliyyat tədbirləri nəticəsində çeçen millətindən olan bir nəfər saxlanılıb. Həmin şəxs istintaqa Bakıda Montin dəmiryol stansiyasının yaxınlığında silah-sursat gizlətdiklərini deyib. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində dəmiryol stansiyasının yaxınlığından 2 ədəd əl qumbarası və internetə çıxışı olan 1 ədəd ratsiya aşkar edilərək götürülüb.
Sentyabrın 16-da MTN-in keçirdiyi növbəti əməliyyat zamanı Bakının Qaradağ rayonunda Elnur adlı Bakı sakini həbs edilib. MTN-in xüsusi təyinatlı dəstəsi onu marşrut avtobusunda yaxalayıb. İlkin dindirmələr zamanı o, məsciddəki partlayışı Samir Mehdiyevin törətmədiyini bildirib. Mənbə bildirir ki, məsciddə partlayış baş verməmişdən 2 gün əvvəl qonşu ölkələrdən birinin xüsusi xidmət orqanının əməkdaşı Əbu-Bəkirdə namaz qılanların arasında olub. Bu məlumat Azərbaycanın xüsusi xidmət orqanlarına hadisədən sonrakı günlərdə verilib.
Sonda mənbə onu da bildirdi ki, Əbu-Bəkr məscidindəki partlayışla bağlı aparılan istintaq tədbirləri ilə əlaqədar MTN-də 30 dəqiqəlik film hazırlanır. Onu da qeyd edək ki, məsciddə baş verən partlayış nəticəsində 2 nəfər ölüb, 19 nəfər isə xəsarət alıb. Baş prokuror Zakir Qaralov isə Əbu-Bəkr məscidində baş verən partlayışla bağlı ayın sonunda geniş məlumatlar açıqlanacağını bildirib. Z.Qaralov APA-ya açıqlamasında istintaqın davam etməsi səbəbindən geniş məlumat verməyin mümkün olmadığını deyib.
Z.Qaralov məscidin bundan sonra fəaliyyət göstərib-göstərməyəcəyi barədə suala konkret cavab verməyib. O, bu məsələ ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin məşğul olduğunu deyib.