Tarix : 2008 Sep 20
Kod 7419

Zakir Nəsirov yenidən MTN-ə köçürüldü

Zakir Nəsirovun yenidən MTN-nin təcridxanasına köçürülməsinin səbəbi hələlik məlum deyil
Azərbaycan servisi/Aran Agentliyi
“Hacı Məmmədov olayı”na görə həbs edilən DIN Baş Cinayət Axtarış Idarəsinin sabiq rəisi Zakir Nəsirov Qobustan həbsxanasından MTN-nin təcridxanasına köçürülüb.

Bu barədə Azadlıqa etibarlı mənbə məlumat verib. Mənbənin sözlərinə görə, Zakir Nəsirovun yenidən MTN-nin təcridxanasına köçürülməsinin səbəbi hələlik məlum deyil. Bununla belə mənbə ehtimal edir ki, Zakir Nəsirovun MTN-ə köçürülməsi Ramil Usubova təzyiq məqsədi daşıyır: “Son vaxtlar DIN-lə MTN arasındakı ziddiyyətlər daha da gərginləşib. Artıq hər iki nazirlik bütün məsələlərdə bir-birilə diş-dişədirlər. Təsəvvür edin ki, bu qurumlar arasındakı gərginlik hətta terror məsələsində özünü biruzə verir. ”Əbu Bəkr" məscidinin partladılması ilə DIN-lə MTN-nin ayrı-ayrılıqda özü də fərqli bəyanatlar yayması buna sübutdur. Ehtimal etmək olar ki, belə bir vəziyyətdə MTN Ramil Usubova növbəti zərbə vurmaq üçün Zakir Nəsirovdan istifadə etməyə çalışır. Xatırlayırsınızsa, Zakir Nəsirov məhkəmə prosesində Ramil Usubova görə həbs olunduğuna işarə vurmuşdu. Ola bilər ki, indi MTN Zakir Nəsirovun bunu açıq şəkildə deməsini istəyir. Bu baxımdan da o, yenidən MTN-ə gətirilib". Mənbə həmçinin Zakir Nəsirovun MTN-ə köçürülməsini hansısa başqa bir cinayətlə bağlı olduğunu da istisna etmir. Xatırladaq ki, Zakir Nəsirov “Qara kəmər” əməliyyatındən bir neçə ay sonra həbs edilərək ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.
  • Yazılıb
  • da (də) 2008 Sep 20