Cənubi Qafqaz strateji baxımdan dünya dövlətləri üçün çox mühüm bölgədir
Azərbaycan servisi/Aran Agentliyi
Cənubi Qafqaz strateji baxımdan dünya dövlətləri üçün çox mühüm bölgədir. Ona görə də bura həmişə böyük dövlətlərin münaqişə ocağı olub. Hazırda ABŞ-la Rusiya arasında açıq-aşkar mübarizə gedir. Avqustun 8-də Vaşinqtonun təhriki ilə ABŞ-ın Gürcüstandakı marionet prezidenti Mişa Saakaşvilinin Cənubi Osetiyaya axmaqcasına basqın etməsi bu rejimi bir daha dünyanın diqqət mərkəzinə gətirdi. Bu baxımdan Abdulla Gülün Ermənistan və Azərbaycana, Dik Çeyninin Azərbaycan və Gürcüstana, Maniçöhr Möttəkinin Moskva və Bakıya, nəhayət Azərbaycanın dövlət başçısının Rusiyaya səfər etməsi, əlbəttə ki, birbaşa bu regionda baş verənlərlə bağlıdır. Sözsüz ki, həm ABŞ, həm də Rusiya Azərbaycanın öz siyasi strateji rejimini seçimini etməyi tələb edirlər. Maraqlıdır ki, Qafqazda yerləşən üç dövlətin bir-birinə uyğun olmayan öz strateji siyasi xətti var. Rusiya hakimiyyəti Ermənistanı özünün forpostu elan edib və bu hökuməti adətən Kremlin təyin etdiyi marionet rəhbərlər idarə edir. Gürcüstanın siyasi kursu isə Qərbyönlü, Amerikapərəst olduğu üçün aydın məsələdir ki, Saakaşvili də ABŞ-ın marionet rəhbəridir. Azərbaycan hakimiyyəti isə hazırda balanslaşdırılmış siyasət aparır və bu siyasət adı altında BTC boru kəməri ilə Qərbə neft ötürür. Qazı isə Rusiyaya ötürmək üçün "Qazprom"a satır. Əlbəttə ki, həm BTC, həm də Rusiyaya satılan qaz iqtisadi gəlirdən daha çox siyasi xarakter daşıyır. Cənubi Qafqazda baş verən son olaylar həm Qərbi, həm də Türkiyəni ağır iqtisadi durum qarşısında qoyub. Qərb neft və qaz istəyir. Çalışır ki, Azərbaycanın təbii sərvətləri Ermənistan ərazisi ilə Türkiyəyə, ordan da Qərbə ötürülsün. Məhz Türkiyə prezidenti Abdulla Gülün əvvəl Yerevana, sonra isə Bakıya səfəri bununla bağlıdır. Lakin yəqin mənimlə razılaşarsınız ki, bu, çox çətin və ağlasığmayan məsələdir. Azərbaycan rəhbərliyi Qarabağ torpaqları işğaldan azad olunmayınca qaz, neft kəmərləri və dəmiryol xəttinin Ermənistan ərazisindən keçməsinə icazə verməz. Ermənistan hakimiyyəti Rusiya dövlətinin əlaltısı olduğu üçün müstəqil söz sahibliyinə malik deyil. Rusiya isə Qarabağ probleminin tam həllində maraqlı deyil. Əks təqdirdə, Ermənistan öz strateji, siyasi kursunu Qərbə yönəldə bilər. Əslində Cənubi Qafqazda baş verən son olaylara qədər Qarabağ problemi ilə məşğul olan ATƏT-in MQ-na daxil olan hər üç dövlətin - ABŞ, Rusiya və Fransanın Azərbaycana münasibəti eyni olub. Yəni problemi uzatmaqla həm Qərbi, həm də Rusiyanın maraqları təmin olunurdu. İndi isə faktiki olaraq ABŞ-la Rusiya "soyuq müharibə" vəziyətindədir və hesab edirəm ki, bu uzun müddət davam edəcək. Azərbaycan isə öz siyasi kursunu təyin etməlidir. Yalnız xalqın iradəsinə söykənən Azərbaycan hakimiyyətinin düzgün siyasi kursu Qarabağ probelmini həll edə bilər. Danışıqlar davam etdiriləcəksə, İran İslam Respublikası öz müsbət töhfəsini verə bilər.
Artıq İİR xarici işlər naziri cənab Möttəki Bakıda olarkən Azərbaycanın dövlət başçısına öz ölkəsinin vasitəçiliyini təklif edib. Neft, qaz və "Şimal-cənub" dəmiryol xətti Azərbaycandan İrana, oradan da Avropaya ötürülərsə, bundan hər iki müsəlman dövləti yüksək iqtisadi gəlir götürər. Düşünürəm ki, bu da hər iki dövlətin maraqlarına uyğun olar. İran həmişə bizə dost və qardaş dövlət olub. Milli adət-ənənələrimiz eyni olmaqla hər iki xalqın müştərək dinə mənsubluğu və uzun illər eyni dövlətin tərkibində yaşamaları bizi bir-birimizə bağlayır. ABŞ və Rusiya həmişə müxtəlif bloklara başçılıq edib və bu dövlətlər öz maraqlarını qoruyurlar. İran isə bloklara qoşulmayan dövlətdir və heç bir böyük dövlət qarşısında öhdəliyi yoxdur. Bu da Qarabağ probleminin haqq və ədalətlə həllinə imkan verir. Haqq və ədalət isə Azərbaycanın xeyrinədir.