Tarix : 2008 Sep 22
Kod 7478

TÜRKİYƏ KƏŞFİYYATINDAN ŞOK HESABAT

hesabatda Azərbaycanla bağlı da bölmə var. Orada deyilir ki, terror təşkilatı Azərbaycanda rahat şəkildə fəaliyyət göstərir
Türkiyə servisi/Aran Agentliyi
“Səlahiyyətli şəxslərin bəyanatlarının əksinə olaraq PKK/KONGRA-GEL terror təşkilatı Azərbaycanda fəaliyyət göstərməkdə davam edir”. Bu haqda Türkiyənin kəşfiyyat və xüsusi xidmət orqanları tərəfidən hazırlanan “Terror və terror təşkilatı PKK” adlı məxfi hesabatda deyilir. Hesabatdan çıxarışları Türkiyənin “Tərcüman” qəzeti dərc edib. Bildirilir ki, sənəd dövlətin kəşfiyyat və xüsusi xidmət qurumlarının əhatəli araşdırmasının nəticəsi olaraq hazırlanıb. Orada deyilir ki, PKK Türkiyənin lisey və universitetlərində öz sıralarına yeni tərəfdarlar cəlb etmək üçün fəaliyyət göstərir və terror təşkilatı “Türksat” üzərindən yayımlanan özəl telekanallardan birini almaq üçün çalışır.

Hesabatda yunan Kiprinin də PKK-ya dəstək verdiyi, terror hörgütünün bu ölkədə sərbəst faəliyyət göstərdiyi və hər hansı sıxıntı ilə qarşılaşmadığı bildirilir. Hətta təşkilatın başqan yardımçılarından birinin sərbəst şəkildə bu ölkədə toplantılar təşkil etdiyi qeyd olunur. Sənəd müəlliflərinə görə, PKK yaraqlıları İraqın şimalındakı Qəndil dağları bölgəsinə keçmək üçün son vaxtlar İordaniya ərazisindən istifadə etməyə başlayıb, terror təşkilatının rəhbəri Zübeyir Aydar öz adına olan İsveçrə pasportu ilə 2004-cü ilin yanvarında İtaliyanın Milan şəhərindən İordaniyaya, oradan isə İraqa keçib.

Qəzetin yazdığına görə, hesabatda Azərbaycanla bağlı da bölmə var. Orada deyilir ki, terror təşkilatı Azərbaycanda rahat şəkildə fəaliyyət göstərir. “Azərbaycanın səlahiyyətli şəxslərinin PKK/KONGRA-GEL terror təşkilatının ölkədə heç bir fəaliyyəti olmadığı haqda mövqelərini israrla davam etdirməsinə baxmayaraq, terror hörgütü mənsubları və tərəfdarlarının başda qəzet dərc etmək olmaqla, hər cür təşkilati fəaliyyətini rahat şəkildə həyata keçirmələri diqqəti cəlb edir” - deyə sənəddə bildirilir.

Xatırladaq ki, indiyədək PKK-nın Azərbaycanla ilişgilərinə dair çoxsaylı faktlar və məlumatlar üzə çıxıb. Təşkilatın Azərbaycanda maliyyə qaynaqlarının olduğu və xüsusən Naxçıvan bölgəsində PKK-nın fəaliyyət göstərdiyi haqda bu qurumun Türkiyənin təhlükəsizlik qüvvələri tərəfindən yaxalanan terrorçulardan birinin ifadəsində də yer alırdı. Bu yaxınlaradək Azərbaycanda nəşr edilən və yayımlanan “Diplomat” qəzeti isə PKK-nı açıq təbliğ edirdi.
 
  • Yazılıb
  • da (də) 2008 Sep 22