Dağlıq Qarabağ Azərbaycanın ərazisi olduğundan, işğal edilmiş ərazilər azad edildikdən və Azərbaycana qaytarıldıqdan sonra təbii ki, Azərbaycan Dağlıq Qarabağa sərmayə yatıracaq
Azərbaycan servisi/Aran Agentliyi
Azərbaycan öz ərazisi olan Dağlıq Qarabağa ancaq işğal altında olan ərazilər azad olunduqdan sonra sərmayə yatıra bilər. Bunu Prezidentin İcra Aparatının siyasi təhlil və informasiya təminatı şöbəsinin rəhbəri Elnur Aslanov, Ermənistan prezidenti Serj Sarkisyanın bəyanatını şərh edərkən deyib. Onun sözlərinə görə, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir və məlum olduğu kimi, Ermənistan tərəfindən işğal edilib: «Dağlıq Qarabağ Azərbaycanın ərazisi olduğundan, işğal edilmiş ərazilər azad edildikdən və Azərbaycana qaytarıldıqdan sonra təbii ki, Azərbaycan Dağlıq Qarabağa sərmayə yatıracaq, infrastrukturunu inkişaf etdirəcək, evlər, məktəblər, xəstəxanalar tikəcək, təcavüzkarın dağıtdıqlarını bərpa edəcək və məcburi köçkünləri doğma torpaqlarına qaytaracaq». Elnur Aslanov onu da vurğulayıb ki, rəsmi bakının hazırkı mərhələdə əsas məqsədi ədalətin təntənəsi və beynəlxalq hüququn əsas prinsiplərinin reallaşmasıdır.
Xatırladaq ki, Ermənistan prezidenti Serj Sərkisyan bir gün əvvəl xarici jurnalistlərə müsahibəsində bildirib ki, Azərbaycanın Dağlıq Qarabağa sərmayə yatırması müqabilində burada yaşayan ermənilər Azərbaycanın tərkibində yaşamaq istəklərini nümayiş etdirə bilərlər.