Tarix : 2008 Sep 23
Kod 7491

Din xadimlərinin vahid geyimi olsunmu

Vahid geyimə keçməklə bağlı müzakirələr indi də dini müstəviyə keçir
Azərbaycan servisi/Aran Agentliyi
Vahid geyimə keçməklə bağlı müzakirələr indi də dini müstəviyə keçir. Belə ki, parlamentin Sosial-siyasət komissiyası din xadimlərinin Türkiyədə olduğu kimi vahid geyimə keçməsini təklif edib. Qafqaz Müsəlmanları Idarəsinin sədr müavini isə KIV-ə açıqlmasında “belədirsə, deputatlar üçün də vahid geyim olsun” deməklə bu təklifə qarşı çıxıb. Görək, Dini Etiqad və Vicdan Azadlıqlarını Müdafiə Mərkəzinin sədri Hacı Ilqar Ibrahimoğlu təkliflə bağlı nə düşünür? I.Ibrahimoğlu əvvəlcə onu qeyd etdi ki, bu məsələdə Türkiyə təcrübəsinə istinad etmək doğru deyil: “Türkiyədə bu sahəyə məsul olan konkret bir nazirlik var. Orada din xadimləri dövlət məmuru statusundadır. Bu da onların geyimlərinə, müxtəlif məsələlərinə müdaxiləni mümkün edir. Azərbaycanda belə bir durum olmadığından bunun necə baş verəcəyi ilə bağlı hüquqi müstəvidə ciddi suallar çıxa bilər. Bizdə dini icmalar müstəqildir. Bu qaydanın tətbiqi ona bənzəyir ki, QHT-lərə də geyimlərinin necə olacağı tövsiyə olunsun. Icmaların öz daxillərində bu məsələlərə müəyyən yanaşmaları ola bilər. Amma ümumilikdə inancımızda xüsusi təbəqə və ya kasta yoxdur ki, insanların inancla bağlı məsələlərini onlara ötürmüş olsun. Yəni, Islam dini xristianlıqda və digər dinlərdə olduğu kimi keşiş təbəqəsini qəbul etmir. Inancımızda bilən və ya bilməyən, daha çox bilən yaxud daha az bilənlər var. Ölkədə Islamla bağlı bilgilərin vəziyyəti o qədər bərbaddır ki, insanlar ən elementar məsələləri öyrənmək üçün bilənlərə müraciət edirlər. Bu da sovetdən qalmış ənənə kimi bir təbəqə formalaşdırıb. Bir az da tarixə getsək, bu təbəqənin formalaşma dövrü Çar imperiyası dönəminə gedir. Azərbaycanda sırf xristianlıq institutlarında olduğu kimi din xadimi təbəqəsi formalaşdırmağa cəhd edilib. Ona görə hesab edirəm ki, Türkiyədəki ənənəni burda tətbiq etməkdən söhbət gedə bilməz. Söhbət Çar imperiyası dönəmindən qalmış ənənələrdən gedirsə, mənə elə gəlir ki, müstəqil Azərbaycanın buna ehtiyacı yoxdur”. I.Ibrahimoğlunun fikrincə, söhbət, dini sahədəki neqativ halların dəyişməsindən gedirsə, forma məsələsi o qədər də önəmli deyil: “Mahiyyətin dəyişməsi barədə düşünmək lazımdır. Necə edək ki, maarifçilərin inancımıza uyğun əxlaqı, dünyagörüşü, rəftarları, yaşayış tərzləri olsun? Insanlarda məhəbbət, səmimiyyət, sayğı əmələ gətirən duyğular yaratsınlar. Mahiyyətin dəyişməsindən söhbət gedirsə, bu, geniş islam maarifçiliyinə aparan prosesdir. Forma şəxəsiyyətin daxili azadlığından irəli gələn məsələdir və o, insanları o qədər narahat etmir”.
  • Yazılıb
  • da (də) 2008 Sep 23