Tarix : 2008 Sep 23
Kod 7493

Kondoliza Rays: Türkiyə Amerikanın mükəmməl müttəfiqidir

Qafqazda yaranmış son böhranlı vəziyyət də daxil olmaqla bir çox çətin vəziyyətlərdə Türkiyə Amerika üçün mükəmməl müttəfiq olub
Türkiyə servisi/Aran Agentliyi

«Türkiyə Amerikanın mükəmməl müttəfiqidir». Bu bəyanatla Amerika Birləşmiş Ştatlarının (ABŞ) dövlət katibi Kondoliza Rays çıxış edib. o, bu sözləri ABŞ-da səfərdə olan Türkiyənin xarici işlər naziri Əli Babacanla görüşdə bildirib. Kondoliza Rays bildirib ki, Qafqazda yaranmış son böhranlı vəziyyət də daxil olmaqla bir çox çətin vəziyyətlərdə Türkiyə Amerika üçün mükəmməl müttəfiq olub. O qeyd edib ki, bölgədə sülh yaratmağa çalışan Türkiyə Qafqaz üçün çox önəmli ölkədir: «Türkiyə son böhran da daxil olmaqla bizim böyük müttəfiqimizdir. Böhran başlayandan xatırlayıram ki, bir neçə dəfə əlaqə yaratmışıq. Çünki Türkiyə bizim üçün Qafqazda böyük qüvvədir və Qafqazda sülhün daha da möhkəmlənməsinə çalışır».
    Əsasən bölgədəki son vəziyyətin müzakirəsinə həsr olunmuş görüşdə Əli Babacan amerikalı həmkarını rəsmi Ankaranın irəli sürdüyü «Qafqazda sabitlik və təhlükəsizlik platforması» təklifi ilə bağlı məlumatlandırıb. Görüşdə Türkiyə prezidenti Abdullah Gülün Ermənistan səfəri də gündəmdə olub. Əli Babacan bu səfərin həm Türkiyə-Ermənistan, həm də Azərbaycan-Ermənistan əlaqələri baxımından əhəmiyyətli olduğunu vurğulayıb. Əli Babacan bu münasibətlərin inkişaf etdirilməsinin rəsmi Ankara ilə İrəvanın əlaqələrinə müsbət təsir göstərəcəyini deyib. Təxminən yarım saat davam edən görüşdə Kondoliza Raysın Türkiyənin bölgədə sülh yaratmaq cəhdlərini təqdir etdiyi bildirilir.

  • Yazılıb
  • da (də) 2008 Sep 23