Hər iki partiyanın ideoloji və siyasi baxışlarında fərq olmadığına görə birgə fəaliyyət barədə razılığa gəlinib
Azərbaycan servisi/Aran Agentliyi
Azərbaycanın iki siyasi partiyası ї hakimiyyətyönlü Demokratik Azərbaycan Dünyası və müxalifəti təmsil edən Böyük Millət partiyaları birləşib.
«Hər iki partiyanın ideoloji və siyasi baxışlarında fərq olmadığına görə birgə fəaliyyət barədə razılığa gəlinib», - deyə çərşənbə axşamı Trend Xəbərlər Şirkətinin Beynəlxalq Mətbuat Mərkəzində keçirilən mətbuat konfransında Böyük Millət Partiyasının (BMP) sədri Samir Adıgözəlli bildirib.
Trend News-un arayışı: Hakimiyyətyönlü Demokratik Azərbaycan Dünyası Partiyası (DADP) 1992-ci ildə təsis olunub və 1993-cü ildə Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınıb. Təşkilata Məmməd Əlizadə rəhbərlik edir. Partiya 1993-cü ildə hakimiyyətə gələn Yeni Azərbaycan Partiyasının siyasətini dəstəkləyir.
Müxalifəti təmsil edən Böyük Millət Partiyası 1999-cu ildə yaradılıb.
Hər iki partiya oktyabrın 15-də keçiriləcək prezident seçkisində hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi, hazırki dövlət başçısı İlham Əliyevi dəstəkləmək barədə qərar qəbul edib.
DADP-nin sədr müavini Mirkazım Seyidovun bildirdiyinə görə, BMP-nin partiyaya birləşməsi ilə bağlı müraciəti İdarə Heyəti tərəfindən müsbət cavablandırılıb. «Partiya Nizamnaməsinə əsasən, qrup şəklində birləşməyə razılıq verilmir. Ona görə Böyük Millət Partiyası siyasi fəaliyyətini dayandırıb və onun üzvləri fərdi şəkildə Demokratik Azərbaycan Dünyası Partiyasına qəbul olunub», - deyə Seyidov bildirib.
Onun bildirdiyinə görə, Böyük Millət Partiyasının sədri Samir Adıgözəlli Demokratik Azərbaycan Dünyası Partiyasının sədr müavini və mətbuat xidmətinin rəhbəri vəzifəsinə təyin olunub.
Seyidov əlavə edib ki, Demokratik Azərbaycan Dünyası Partiyasına birləşməklə bağlı daha dörd partiya müraciət edib.