Tarix : 2008 Sep 23
Kod 7501

Azərbaycanda Hakim partiya İqbal Ağazadəyə ''sarı vərəqə'' göstərdi

xəbərdarlıq İqbal Ağazadənin təşviqat prosesinə vaxtından qabaq başlaması ilə əlaqədar olunub
Azərbaycan servisi/Aran Agentliyi
Mərkəzi Seçki Komissiyası nəzdində fəaliyyət göstərən təşviqat prosesinə nəzarət komissiyası bu gün “Ümid” partiyasının rəhbəri və prezidentliyə namizəd İqbal Ağazadəyə xəbərdarlıq edib.

MSK-nın mətbuat katibi Azər Sarıyevin dediyinə görə, xəbərdarlıq İqbal Ağazadənin təşviqat prosesinə vaxtından qabaq başlaması ilə əlaqədar olunub.

İqbal Ağazadə isə ona qarşı tutulan iradla razılaşmadığını deyir.

MSK-nın nəzdində fəaliyyət göstərən təşviqat prosesinə nəzarət komissiyası İqbal Ağazadə ilə bağlı məsələyə Yeni Azərbaycan Partiyasının icraçı katibi Əli Əhmədovun MSK-ya göndərdiyi məktub əsasında baxıb. Beləki, icraçı katib İqbal Ağazadəni təşviqat günündən qabaq təşviqata başlamaqda suclayıb və Mərkəzi Seçki Komissiyasında prezidentliyə namizədi cəzalandırmağı tələb edib.

Mərkəzi Seçki Komissiyasının mətbuat katibi və təşviqat prosesinə nəzarət komissiyasının üzvü Azər Sarıyevin dediyinə görə, hakim partiya rəsmisinin təqdim elədiyi DVD-də olan çıxışlarda İqbal Ağazadə həqiqətən də təşviqat qaydalarını pozub.

İqbal Ağazadə isə Mərkəzi Seçki komissiyasının iradları lə razılaşmır və deyir ki, millət vəkili kimi parlamentdə etdiyi çıxışlar təşviqata tez başlama kimi qiymətləndirilə bilməz.

Məsələyə müstəqil hüquqşünasın münasibəti ilə də maraqlandıq. İREX mediaya yardım təşkilatının hüquqşünası Ələsgər Məmmədli Mərkəzi Seçki komissiyası nəzdində fəaliyyət göstərən təşviqat prosesinə nəzarət komissiyasının bugünkü qərarını heç bir hüquqi əsası olmayan qərar adlandırdı.

Hüquqşünasın fikrincə, seçki qanunvericiliyinə görə, prezident, millət vəkili və bələdiyyə nümayəndələri seçki müddətinə vəzifələrindən kənarlaşdırılmırlar.

Odur ki, İqbal Ağazadənin parlamentdəki çıxışı qanun pozuntusu kimi dəyərləndirilə bilməz.

O ki qaldı bu qərarın İqbal Ağazadənin namizədliyinə hər hansı təsir edə bilib-bilməyəcəyinə Ələsgər Məmmədli dedi ki, bu qərarı futbol dili ilə desək İqbal Ağazadəyə göstərilən “ sarı vərəqə ” adlandırmaq olar. Belə ki, ikinci belə xəbərdarlıqdan sonra namizədi “qırmızı vərəqə” yəni namizədliyinin ləğvi gözləyir.

Prezidentliyə namizədlərin təşviqat prosesi oktyabrın 14-ü 8.00-dək davam edəcək.

Bu müddətdə namizədlərin apardıqları təşviqat kompaniyası daim MSK nəzdində fəaliyyət göstərən təşviqat prosesinə nəzarət komissiyası tərəfindən monitorinq ediləcək.
 
  • Yazılıb
  • da (də) 2008 Sep 23