Bu gün Rusiya və Ukraynada istehsal edilən təyyarələrin müəyyən hissəsi Azərbaycanda hazırlanır
Azərbaycan servisi/Aran Agentliyi
Yaxın illərdə Azərbaycanda bir sıra xarici şirkətlərin iştirakı ilə təyyarə və vertolyotların istehsalını başlanıla bilər. Bu barədə «APA-ECONOMICS»ə hökumətdəki mənbələrdən məlumat verilib.
Hazırda Azərbaycan tərəfi Rusiya, Ukrayna, Türkiyə və Çexiya şirkətləri ilə hərbi və mülki təyinatlı təyyarə və vertolyotların istehsalının qurulmasına dair müzakirələr aparılır. Danışıqlar davam etdiyindən həmin şirkətlərin adları açıqlanmır.
«Bu gün Rusiya və Ukraynada istehsal edilən təyyarələrin müəyyən hissəsi Azərbaycanda hazırlanır. Gələcəkdə planlar var ki, həmin təyyarələr Azərbaycanda da istehsal olunsun. Bunun üçün hazırda istismarsız qalmış müəssisə ayrıla bilər», - deyə hökumətdən bildirilib.
Müzakirələrə əsasən, hazırda Müdafiə Nazirliyinin balansında olan Hacı Zeynalabdin Tağıyev qəsəbəsindəki Təyyarə Təmiri Zavodununun yenidən qurulması və məhz burada təyyarələrin yığılmasının təşkili nəzərdə tutulur.
Qeyd edək ki, hazırda Azərbaycanın iki müəssisəsi – Müdafiə Sənayesi Nazirliyinin nəzdində olan «İqlim» Elmi İstehsalat Müəssisəsi və «Avia-Aqreqat» zavodu aviasiya texnikalarının istehsalı ilə məşğuldur. Bu müəssisələrdə xüsusi təyinatlı mürəkkəb aviasiya texnikası, müxtəlif aerodrom kondisionerləri, bort bələdçisinin universal konteyneri, hava-hava radiatorları, yanacaq-yağ, hava-hava istilik mübadiləediciləri, ventilyator və s. istehsal edilir.
Azərbaycanın «İqlim» zavodu Rusiyanın aviasiya texnikası istehsal edən «Vımpel» zavodu, İrkutsk Aviasiya İstehsalat Birliyi, «Aviakor» Samara Aviasiya Zavodu, Novosibirsk Aviasiya İstehsalat Birliyi, «RSK MiQ» müəssisəsi və «Rosoboroneksport» şirkəti ilə əməkdaşlıq edir