Naxçıvan Muxtar Respublikasında hərbi təlim zamanı tankda baş vermiş partlayış üç əsgərin ölümü ilə nəticələnib
Azərbaycan servisi/Aran Agentliyi
Naxçıvan Muxtar Respublikasında hərbi təlim zamanı tankda baş vermiş partlayış üç əsgərin ölümü ilə nəticələnib.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Eldar Səfərovun APA-ya verdiyi məlumata görə, hadisə Muxtar Respublikada yerləşən “N” saylı hərbi hissələrin birində baş verib. Poliqonda hərbi təlim keçirilən zaman mərminin lülədə partlaması tankda olan üç ekipaj üzvünün ölümü ilə nəticələnib. Əsgərlərdən ikisi hadisə yerində, biri isə hospitalda dünyasını dəyişib. Faktla bağlı Müdafiə Nazirliyi tərəfindən araşdırma aparılır. Qeyd edək ki, hadisə zamanı həlak olanlar 1989-cu il təvəllüdlü, əsgər Asif Həsən oğlu Orucov (Laçın rayon Hərbi Komissarlığı), 1989-cu il təvəllüdlü, əsgər Rauf İlqar oğlu Məmmədov (Göyçay rayon Hərbi Komissarlığı) və 1977-ci il təvəllüdlü, gizir Mayis Tahir oğlu Abıyevdir (Yardımlı rayon Hərbi Komissarlığı).