Müxalifət isə BŞİH-ə göndərdikləri rəsmi müraciətdə Bibiheybət stadionunun adının qeyd olunmadığını və qanunun tələb etdiyi digər məsələləri əsas gətirərək meriyanın ayırdığı yerdən imtina edib
Azərbaycan servisi/Aran Agentliyi
Xəbər verildiyi kimi, Bakı Şəhər İcra Hakimiyyəti beş müxalifət təşkilatının (Müsavat, AXCP, ALP, Azərbaycan Naminə İctimai Forum, Vətəndaş və İnkişaf Partiyası) birləşdiyi Müxalifətin Əməkdaşlıq Mərkəzinə 28 sentyabrda mitinq keçirmək üçün Bibiheybət stadionunu təklif edib. Müxalifət isə BŞİH-ə göndərdikləri rəsmi müraciətdə Bibiheybət stadionunun adının qeyd olunmadığını və qanunun tələb etdiyi digər məsələləri əsas gətirərək meriyanın ayırdığı yerdən imtina edib.
Xatırladaq ki, təşkilatçıların BŞİH-ə göndərdiyi müraciətdə aşağıdakı 9 ünvandan birinin mitinq üçün ayrılması istənilirdi: Nazirlər Kabinetinin 200 metrliyindəki Teleteatrın binası qarşısındakı meydan, Milli Məclisin 200 metrlik radiusunda yerləşən Əzizbəyov heykəlinin qarşısı, Prezident Aparatının 200 metr radiusunda olan AzNeft meydanı, “Nərimanov” kinoteatrının qarşısındakı meydan, Cəfər Cabbarlı meydanı, Füzuli meydanı, Gənclik meydanı, Milli Elmlər Akademiyasının qarşısındakı meydan, Hüseyn Cavid bağı.
Müxalifətin Əməkdaşlıq Mərkəzindən bildirilib ki, meriyanın həmin 9 ünvanın heç birində mitinqə icazə verməməsi “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanunda yaxınlarda edilən dəyişikliklərin dekorativ olduğunu bir daha ortaya çıxarıb. Hakimiyyət hətta özünün qəbul etdiyi qanunun tələblərini də açıq-aşkar pozub.
Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı bildirdi ki, Müxalifətin Əməkdaşlıq Mərkəzindəki qurumların rəhbərləri arasında müzakirə gedir. Sentyabrın 28-də icazəsiz aksiyanın keçirilib-keçirilməyəcəyi məsələsi ayın 27-də bəlli olacaq.