Tarix : 2008 Sep 28
Kod 7622

AZƏRBAYCAN BANKLARI ÇƏTİN VƏZİYYƏTDƏ

İqtisadiyyatda gedən proseslərin nəticəsi olaraq bank sistemində bir neçə ciddi problemlər müşahidə edilməkdədir
Azərbaycan servisi/Aran Agentliyi
Artıq bir neçə aydır ki, Azərbaycanda fəaliyyət göstərən iri banklar istehlak kreditlərini verməkdən imtina ediblər. Nəticədə kreditlə işləyən tikinti şirkətlərinin və iş adamlarının çox ciddi problemləri meydana gəlib. Bir çox binaların tikintisi dayadırılıb və digər sahələrdə pul qıtlığı yaranıb. Digər tərəfdən, dünyada gedən maliyyə böhranı Azərbaycana mikromaliyyələşmə üçün vəsait cəlbinə təsir etməsə də, kreditləri bahalaşdırmaqdadır. Çünki xarici donorlar artıq kreditləri ölkəmizdəki qeyri-bank təşkilatlarına 8-10 faizlə ayırırlar. Kredit təşkilatları isə bu pulu müştərilərə 18-50 faizlə ayırmaq niyyətindədirlər.

Xatırladaq ki, kommersiya bankları müştərilərə kreditləri əvvəllər 24-25 faizlə təklif edirdilər. İndi isə onlar faiz dərəcələrini 30-a qaldırıblar. Bu arada maraqlıdır ki, Milli Bank uçot faizini (15 faiz) dəyişməyib. Son proseslər yaxın müddətdə bank sektorunun inkişafı ilə bağlı optimist proqnozlar verməyin mümkün olmaması yönündə rəylər yaradıb.

Milli Bankın pul dövriyyəsinə təsir imkanları azalıb

İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad İbadoğlu deyir ki, bank sektoru iqtisadiyyatdakı təzyiqin artımına və ya aşağı düşməsinə çox pis reaksiya verir: “İqtisadiyyatda gedən proseslərin nəticəsi olaraq bank sistemində bir neçə ciddi problemlər müşahidə edilməkdədir. Əvvəla qeyd edim ki, bütövlükdə dövriyyədə nağd pul kütləsi artır. Keçən ilin avqust ayı ilə müqayisədə ümumiyyətlə pul kütləsi 72 faiz artıb. 2006-cı illə müqayisədə isə 4,6 dəfə artıb. Amma burada problem ondadır ki, son bir ildə nağd pul kütləsinin artımı 1,9 dəfə, qeyri-nağd pul kütləsinin artımı isə 1,4 dəfə təşkil edib. Dövriyyədəki vəsaitlərin (5,2 milyard manat) 3,5-i nağd pul kütləsinin payına düşür. Nağd pul kütləsinin artması Milli Bankın pul dövriyyəsinə təsir imkanlarının azalması deməkdir. Həmin dövriyyədəki nağd pullar elə hesablaşmalarda istifadə olunur ki, onlar artıq gizli iqtisadiyyata məxsusdur. Eyni zamanda gizli iqtisadiyyatın genişlənməsinin göstəricisidir. Ölkədə korrupsiyanın yüksək səviyyəsini sübut edən indiqatordur”.

Dollarla əmanət cəlbi hələ də üstünlük təşkil edir

“Bu ilin avqust ayının 1-nə olan məlumata görə, kredit qoyuluşlarının 46 faizi dolların payına düşür” - deyən Q.İbadoğlu bildirir ki, bəzi iqtisadi subyektlər milli valyuta ilə deyil, dollarla kreditləşməyə üstünlük verirlər: “O cümlədən valyuta depozitləri də ümumi depozitlərin 57,4 faizi qədərdir. Ümumi əmanətlər 4 milyard manatdır. Bu, başqa bir narahatçılıq yaradır. Dollarlaşma iqtisadiyyatın dünya maliyyə bazarında gedən proseslərdən, ABŞ dollarının məzənnəsindən asılılığının güclənməsi deməkdir. Həm kredit qoyuluşlarında, həm də depozitlərdə dollarlaşmanın yüksək olması dünya maliyyə bazarında gedən mənfi tendensiyaların Azərbaycana təsir imkanlarını artıra bilər. Amma məsələ ondan ibarətdir ki, vətəndaşların Azərbaycan manatının möhkəmləndiyini bilə-bilə nədən dollarla depozitlərə üstünlük verməsini iqtisadi cəhətdən izah etmək çətindir. İndiki halda vəsaitin manatla müqayisədə valyuta ilə qoyulması bank üçün daha sərfəlidir. Çünki buradan daha çox uduzan əmanətçilərdir. Onlar həmçinin məzənnə fərqindən itkilərə məruz qalırlar”.
İqtisadçı bildirir ki, bankların kapitallaşma səviyyəsi son illər genişlənən iqtisadiyyatın miqyasına və artım templərinə adekvat deyil: “Bütün Azərbaycan banklarının aktivi 2008-ci ilin avqust ayının 1-nə olan məlumata əsasən 9,3 milyard təşkil edir. Halbuki keçən ilin yekunlarına görə, Qazaxıstanın yalnız Turan Aləm Bankının aktivləri 26 milyard dolları keçmişdi. Bu gün Polşada orta göstəriciyə malik bir bankın avtivləri Azərbaycanın bütün banklarının aktivlərindən daha çoxdur. Hətta bunlara baxmayaraq Azərbaycanda nizanamə kapitalı 5 milyon manatdan aşağı bank mövcuddur. Eyni zamanda digər 3 bankın da nizanammə kapitalı 5 milyondan 10 milyon manat arasındadır. Bu banklar indiki şəraitdə ümumi bank bazarı üçün riskləri xeyli artırır. Hazırkı vəziyyət Milli Bankın bank idarəçiliyi və səmərəli bank nəzarəti təcrübəsinin yetərli olmadığını deməyə əsas verir. Odur ki, banklar daha intensiv kapitallaşmalıdır”.

İndiyə qədər banklar daha çox istehlak kreditlərini maliyyələşdirib

İqtisadçının sözlərinə görə, sentyarbın 1-ə olan məlumatda bankların cəm aktivlərinin 66 faizini müştərilərə verilən kreditlər təşkil edib: “Ən pisi də odur ki, ayrılmış kreditlərin əsas hissəsi istehlak kreditlərinin payına düşür. Belə ki, son məlumatlara görə, bankların ayırdığı kreditlərin 37,2 faizi ev təsərrüfatlarının, 24,2 faizi təxminən ticarət və xidmətin, 6 faizi istehsalın, 3,8 faizi kənd təsərrüfatının payına düşüb. Halbuki 2000-ci ildə ümumi kreditlərin 8 faizə qədəri kənd təsərrüfatına yönəlirdi. Göründüyü kimi, kredit qoyuluşlarının 60 faizdən çoxu qeyri-real sektorun payına düşür. Son illər kredit qoyuluşlarında artım tikintidə və nəqliyyatda müşahidə edilməkdədir. Bunlar hamısı qısamüddətli kreditlərdir. Göründüyü kimi, kredit qoyuluşlarının strukturu da yaxşı perspektiv vəd etmir. Narahatçılıqların fonunda Milli Bank kreditləşməni, o cümlədən istehlak kreditləşməsini dayandırıb. Son günlər ciddi pul qıtlığı yaranıb. Nəinki banklardan, hətta bankomatlardan da pul tapmaq olmur. Bütün bunlar bank sektorunda vəziyyətin ağır olmasının fəsadlarıdır”.

Azərbaycanın bank sektorunda cari likvidlik problemi yaranır

İTM sədri bildirir ki, bankların kapitalında 83,9 faizi borc kapitalı, 16,1 faizi isə xüsusi kapital təşkil edir: “Borc kapitalının 44,9 faizi əhalidən yığılan depozitlər, 30,1 faiz isə maliyyə sektorundan alınan kreditlərdir. Düzdür, xaricdən cəlb edilən kreditlər bankların ucuz maliyyə mənbələrinə çıxış imkanlarını artırır, lakin bütövlükdə götürəndə borc öhdəlikləri xüsusi vəsaitlərlə müqayisədə daha çox görsənir. Burada narahatedici bir məqam ondan ibarətdir ki, depozit və əmanətlərin 31 faizə qədəri tələb olunanadək qoyulub. Yəni iqtisadi subyekt və əmanətçi istədiyi vaxt o pulu bankdan götürə bilər. Digər tərəfdən də müddətli qoyulan əmanətlər, depozitlər də qısa dövrü xarakterizə edir. Bu isə cari likvidlik problemi yaradır və maliyyə bazarında gözlənilən dezinteqrasiyanın qarşısının alınmasında kapital mövqeyinin zəif olmasını təsdiq edir”.

“Bankların qeyri-faiz gəlirləri qeyri-faiz xərclərindən azdır”

Ekspertin sözlərinə görə, Azərbaycanda fəaliyyət göstərən bank kredit təşkilatlarının mənfəəti daha çox faiz gəlirləri hesabına formalaşır: “Bankların məlumatlarına nəzər yetirdikdə məlum olur ki, onların faiz gəlirləri faiz xərclərindən çoxdur. Eyni zamanda qeyri-faiz gəlirləri qeyri-faiz xərclərindən azdır. Bu nə deməkdir? Əvvəla, bankların faiz gəlirlərinin çox olması bank sektorunun faiz iqtisadiyyatı üzərində qurulmasına dəlalət edir. Banklar bank bazarının digər funksiyalarını yerinə yetirə bilmir. Digər funksiyalarını yerinə yetirsəydi qeyri-faiz gəlirləri çox olardı. Çünki qeyri-faiz gəlirləri daha çox bankların investisiya fəaliyyətindən, valyuta əməliyyatlarından, alınmış komissiya və cərimələrdən və sair bu kimi gəlirlərdən təşkil olunur. Nəticədə zərərlə işləyən bankların sayı artıb. Əgər keçən ilin sonuna zərərlə işləyən bankların sayı 5 idisə, indi onların sayı 9-a çatır.

“Tikinti sektorunda böyük problemlər var”

“Nəzərə almaq lazımdır ki, bank sektoru iqtisadiyyatın qan-damar sistemi sayılır. Bütün bu problemlər domino effekti ilə iqtisadiyyatın digər sektorlarına da təsir göstərir. Bizdə olan məlumata görə, hazırda bir çox tikinti şirkətləri işlərini dayandırıb. O baxımdan “Akkord”da gedən ixtisarlar təsadüfi deyil. Şirkətdə baş verən proseslər təsdiq edir ki, tikinti sektorunda ciddi problemlər yaranır. Bu sahədə ən böyük problem likvidlik problemidir. Kifayət qədər mənzillər təklif olunsa da onların satışında problemlər müşahidə edilir. Digər tərəfdən, tikinti şirkətləri götürdükləri kreditləri texnikaların alınmasına yönəldiblər. Texnika ildən-ilə köhnəldiyindən kreditlərin qaytarılmasında əhəmiyyətli mənbə rolunu oynaya bilmir. Buna görə də şirkətlərin götürdükləri krediti geri qaytarmalarında problemlər yaranıb. Eyni problem istehlak kreditlərinə də aiddir. Əgər problem həll edilməzsə, onda bəzi banklarda depozitlərin faiz dərəcələrinin ödənilməsində problem yarana bilər”.

Əmanətlərin Sığortalanması Fonduna da güvənməyə dəyməz

“Azərbaycanda yaradılan Əmanətlərin Sığortalanması Fondu vəziyyətə necə təsir göstərəcək” sualına cavab verən Q.İbadoğlu dedi ki, kiçik depozit hesabına malik olanların narahatçılığı böyük depozit hesablarına malik olanlarla müqayisədə az olmalıdır: “Çünki fond 2010-cu ilə kimi yalnız 6 min manatdan çox olmayan əmanətin kompensasiya edilməsini həyata keçirəcək. 2010-cu ildən sonra isə bu məbləğ 8 min manata çatdırılacaq. Digər tərəfdən nəzərdən qaçırmaq olmaz ki, heç də Azərbaycanın bütün bankları Əmanətlərin Sığortalanması Fondunun üzvü deyil. Əmanət qoymaq isəyənlərə öz vəsaitlərini kiçik depozit hesablarına tələb olunanadək forması ilə Əmanətlərin Sığortalanması Fonduna üzv olan banklara yerləşdirməyi tövsiyə edirəm. Əmanətlərin Sığortalanması Fonduna da güvənməyə dəyməz.

Kreditlərin bahalaşması qıtlıqla bağlıdır

Q.İbadoğlu kredit faizlərinin bahalaşmasına da toxundu. Onun sözlərinə görə, bu, yaranmış pul qıtlığı ilə bağlıdır: “Onsuz da Azərbaycanda bahalı pul-kredit siyasətidir. İndiki halda vəziyyətdən çıxmaq üçün ayrı-ayrı banklar əlaqələri olan təşkilatlara kredit ayırırlar. Amma pul kütləsindəki qıtlıq, o cümlədən bankomatlarda pulların qıtlaşması, maliyyələşmənin dayanmasının əsas səbəblərindən biri - kredit faizlərinin bahalaşması ilə nəticələnəcək. Azərbaycanda depozit faizləri də kifayət qədər yuxarıdır. Təxminən 14 faizlə 22 faiz arasında dəyişir”.
Bankların vəziyyətinin ağır olduğunu deyən Q.İbadoğlu bildirdi ki, Milli Bank bəzi bankların sağlamlaşdırılması ilə bağlı ciddi tədbirlər görməlidir, ya da birləşdirilməsi yönündə qərar verməlidir: “Həmin bankların indiki halda fəaliyyəti ciddi ictimai-sosial problemlərin yaranmasına gətirib çıxara bilər.
Q.İbadoğlu təkliflərini açıqladı: “Bank kapitallaşması elə artırılmalıdır o, bankların konsolidasiyasını təşkil edə bilsin. Mərkəzi Bank nəzarət proseslərini daha həssas həyata keçirməli, bank sistemində korporativ idarəetmə prinsiplərinin tam tətbiqinə nail olunmalı, bu sistemin maliyyə dərinliyi artırılmalıdır. Eyni zamanda Milli Bank likvidlik fondunun yaradılması haqqında fikirləşmlədir”.
 
  • Yazılıb
  • da (də) 2008 Sep 28