Azərbaycan korrupsiya ilə mübarizəyə görə dünya ölkələri sırasında 158-ci yerdə dayanır
Azərbaycan servisi/Aran Agentliyi
Dünən İctimai Televiziyada Ümid Partiyasının prezidentliyə namizədi İqbal Ağazadənin növbəti təbliğat çıxışı oldu. Çıxış uyğun olmayan vaxtda, yəni seçicilərin əksərinin tamaşa edə bilməyəcəyi saatda efirə verildiyindən onun mətnini olduğu kimi təqdim edirik.
- Hörmətli televiziya tamaşaçıları, möhtərəm seçicilər. İlk nöbvədə sizi müqəddəs Ramazan bayramı münasibətilə təbrik edirəm. 11 ayın sultanı olan Ramazan sona yetir. Növbəti çıxışımız bayramdan sonrakı günə təsadüf edəcək. Bu Ramazanda etdiyiniz dualarınız qəbul olunsun. Cənab Allahdan arzu edirəm ki, hər birimizin ailəmizə, yaxınlarımıza, evimizə, o cümlədən millətimizə, dövlətimizə bu müqəddəs ayda ancaq xeyir-bərəkət gəlsin.
Hörmətli seçicilər! Uzun müddətdir ki, biz Azərbaycanda seçki ilində, seçki kampaniyası dönəmində qiymətlərin artmasından, fantastik bahalaşmadan danışırıq. İqtidar nümayəndələri isə bunu təkzib etməklə məşğuldur. Onlar bahalaşmanı dünyada baş verən proseslərlə əlaqələndirməyə çalışır. Bəli, dünyada neft məhsullarının qiyməti qalxdıqca, dolların məzənnəsi aşağı düşdükcə müəyyən artımlar olur. Amma bunlar heç də Azərbaycanda bilavasitə qiymət artımına təsir edən amillər deyil. Azərbaycanda qiymət artımının, fantastik bahalaşmanın tək səbəbi korrupsiya və rüşvətdir, iş adamlarının hüquqlarının hər addımda pozulmasıdır, onlara süni əngəllər yaradılmasıdır, ayrı-ayrı strukturların sahibkarların cibinə girməsidir. Bu gün Azərbaycanın istər gömrük, istər vergi, istərsə də digər sahələrində kifayət qədər ciddi problemlər var. Azərbaycanın iş adamı bu gün sərbəst şəkildə ölkəyə məhsul gətirə və ölkədən məhsul apara bilmir. Hər bir iş adamına məlumdur ki, gömrükdən keçən hər bir vaqon taxtaya görə 3 min, armatura görə 11 min, kafel-metlaxın vaqonuna 9 min manat və s. məbləğdə rüşvət ödənilir. Bu məbləğlər artan xətlə davam edir.
Hər kəs bilir ki, bu gün deklorasiya işi görmük orqanlarından kənarda görülür. Bunları iş adamlarının hamısı çox gözəl bilirlər. Və təbii ki, bu alınan rüşvətin də hesabına ölkədə bütün sferalarda kifayət qədər qiymət artımı, fantastik bahalaşma baş verir. Bu gün ölkəyə gətirilən ərzaq məhsullarının böyük əksəriyyəti inhisarçıların nəzarətindədir. Hansısa kənar şəxslər ölkəyə nəsə bir məhsul idxal etmək istəsələr belə onların birini də ölkəyə buraxmırlar. Bu şəxslərə gətirdikləri məhsulları sərhəddən bu yana keçirməyə imkan vermirlər. Azərbaycanda qiymət artımının başlıca səbəbi, bəlası budur.
Bu gün daxildə bütün strukturların hamısı iş adamlarının cibinə əl uzadırlar, onun qazancının üçdə iki hissəsini əlindən alırlar. Nəticə etibarilə iş adamı verdiyi pulların əvəzini çıxmağı qiymətləri artırmaqda görür. Müşahidə aparsanız görərsiniz ki, dükanlarda, mağazalarda ərzağın qiyməti hər gün, hər həftə, hətta saatbasaat qalxır. Bu bahalaşma, digər tərəfdən də inflyasiya əhalinin həyat şəraitinə ciddi təsir göstərir. Azərbaycandan xaricə mal aparmaq istəyənlər də bu və ya digər şəkildə rüşvət ödəməli olurlar. Bu da Azərbaycanın ən ciddi problemlərindəndir.
Bu yaxınlarda bir sahibkar prezidentliyə namizəd, millət vəkili kimi mənə müraciət etmişdi. Ondan xaricə apardığı malı gömrük orqanından keçirmək üçün külli miqdarda rüşvət istəyiblər. Mən bununla əlaqədar Bakı Şəhər Baş Gömrük İdarəsinə məktubla müraciət etdim. Onlardan soruşdum ki, niyə bu adamdan rüşvət tələb olunur, niyə bu adam rüşvət verməlidir. Mənə heç bir cavab tapıb verə bilmədilər. Görün, əvəzində nə etdilər. Malı gedib yerində yoxlayıb, deklorasiya edib xaricə yola salmalı olan Bakı Şəhər Baş Gömrük İdarəsi mənə bir məktub yazdı ki, sahibkar malı nəylə aparacaqsa, həmin nəqliyyat vasitəsini məhsulla birlikdə sürüb gətirsin Bakı Şəhər Baş Gömrük İdarəsinə. Mən onun savadsızlığı ucbatından yenidən cavab yazdım ki, sahibkar malı xaricə təyyarə ilə aparır, xahiş edirəm Bakı Şəhər Baş Gömrük İdarəsinin təyyarə meydanını mənə göstərin, deyim təyyarəni ora endirsinlər. Yəni məsələlərə bu şəkildə laqeyd və savadsız yanaşılır.
Bu gün rayonların əksəriyyətində gömrük orqanları var. Amma çox təəssüf ki, yerlərdə gömrük orqanları tərəfindən heç bir iş görülmür. Bu gün istehsal olunan konservləşdirilmiş məhsulları, şirələri, digər məhsulları xaricə aparıb satmaq istəyən sahibkarların hamısına “haqq” qoyulur. İldən-ilə də bu “haqq”ın məbləği artırılır. İş adamına bu cür münasibət bəsləniləcəksə, Azərbaycana investisiya qoymaq istəyən tapılmayacaq. Diqqət edin, bu gün Azərbaycana qoyulan investisiyaların böyük əksəriyyəti neft sektoruna aiddir. Daxildə bu investisiyaların böyük hissəsi ya məmurlar tərəfindən yatırılıb, ya da onların nəzarəti altında fəaliyyət göstərən biznes strukturları tərəfindən. Bu gün Azərbaycanda müstəqil şəkildə biznes strukturları ilə məşğul olan, ölkəyə ciddi sərmayə qoyan çox az adam var. Bu, ölkədə mənim sadaladığım neqativ hadisələrin baş verməsinin nəticəsidir.
Azərbaycanda rüşvət və korrupsiya bütün sferalarda hər bir seçicinin həyat şəraitini sıxan, onu əzən, mahiyyət etibarilə vətəndaşın yaşamına təsir edən neqativ bir amilə çevrilib. Çox təəssüf ki, Azərbaycan iqtidarı bu gün ölkədə rüşvət və korrupsiyanın ifrat həddə çatdığı bir vaxtda bunu inkar etməyə çalışır. Deyirlər ki, rüşvət və korrupsiya deyilən miqdarda deyil və bu, dünyanın hər yerində var. Bu gün beynəlxalq təşkilatların açıqladıqları hesabata görə, Azərbaycan korrupsiya ilə mübarizəyə görə dünya ölkələri sırasında 158-ci yerdə dayanır. Bu, Azərbaycan hökuməti üçün dəhşətli bir rəqəmdir. Bunun barəsində çox ciddi düşünməlidirlər.