Tarix : 2008 Sep 28
Kod 7624

MƏŞHUR MÜXALİFƏTÇİLƏRƏ PREZİDENT TƏQAÜDÜ

Müxalifətdən ayrılmış, fəqət sifətini və müsbət imicini qorumuş bir sıra keçmiş hərəkatçılarla, o cümlədən də hazırda düşərgənin önəmli təşkilatlarında rol alan bəzi şəxslərlə ciddi iş gedir
Azərbaycan servisi/Aran Agentliyi
“Hakimiyyət seçki gününə az qalmış öz aktivinə daha bir neçə sanballı siyasi xal yazmaq üçün gözlənilməz addımlar atacaq. Bu sırada əhalinin köhnədən qalmış qaz, işıq, su və digər kateqoriyadan olan kommunal borclarının silinməsindən tutmuş ictimaiyyətdə tanınan şəxslərə ucdantutma ”saray ənamları”nın paylanmasına qədər bir sıra tədbirlər yer alacaq. Planda bütün ölkənin yaxşı tanıdığı çox məşhur müxalifətçilərə, müxalifət düşərgəsinin keçmiş və bugünkü tanınmış simalarına prezident təqaüdünün verilməsi də nəzərdə tutulub”.
Bu xəbər “Yeni Müsavat”a hökumətə yaxın qaynaqlardan daxil olub. Bizi bilgiləndirən mənbənin sözlərinə görə, iqtidar sahibləri seçki ərəfəsində təbliğat-təşviqat sahəsində ciddi problemlərlə üzləşdiyindən vəziyyəti düzəltmək üçün təxirəsalınmaz tədbirlərə əl atmaq zorunda qalıblar. Xəbərdə bildirilir ki, hakimiyyətin seçkidəki namizədi İlham Əliyevin vəkillərinin seçkiqabağı çıxışları, bütövlükdə YAP-ın apardığı seçki kampaniyası istənilən effekti vermədiyi üçün iqtidarın siyasi texnoloqları ictimai rəyi çaşdırmaq və tərəddüdə saldıqları seçiciləri öz tərəfinə çəkmək üstündə baş sındırır. Bu məqsədlə cəmiyyətdə daha çox ayrı-ayrı sosial təbəqə və qrupların rəğbətini qazanmaq yollarını arayır. Müğənnilərə, idmançılara, mədəniyyət və incəsənət xadimlərinə heç bir dəqiqləşmə və seçim aparılmadan bir ucdan fəxri adların verilməsi də həmin planın tərkib hissəsi idi. İqtidar sahibləri bu məqsədlə hətta ayrı-ayrı tanınmış şəxslərlə, nüfuz sahibləri ilə fərdi qaydada “işləməyə” də məcbur olub. Bunun üçün xeyli dərəcədə böyük məbləğdə maddi vəsaitin ayrıldığı da söylənir.
Qaynağın sözlərinə görə, iqtidar texnoloqlarının planında müxalifətlə də bağlı ayrıca bənd var. Həmin plan cəmiyyətdə çoxunun yaxşı tanıdığı, yaxın dövrlərə qədər siyasi meydanda fəallıq göstərən bir çox məşhur müxalifətçilərin, tanınmış ictimai-siyasi xadmlərin toplum arasındakı nüfuzundan yararlanmağı nəzərdə tutur: “Müxalifətdən ayrılmış, fəqət sifətini və müsbət imicini qorumuş bir sıra keçmiş hərəkatçılarla, o cümlədən də hazırda düşərgənin önəmli təşkilatlarında rol alan bəzi şəxslərlə ciddi iş gedir. Onlara vəzifə, ev, fəxri adlar, bəzilərinə isə ömürlük fərdi prezident təqaüdü təklif olunur. İş aparılanlar arasında hətta boykotçu müxalif partiyaların sədr müavinləri, müxalifət partiyalarının fəal funksionerləri, eks-deputatlar var. Həmin şəxslərin maddi durumunu nəzərə alan iqtidar texnoloqları onların arasından 10 daha nüfuzlusunu seçib və demək olar ki, artıq anlaşma var”.
Mənbəmiz deyir ki, o siyahı artıq tam hazırdır və bu günlərdə müvafiq sərəncam veriləndən sonra o şəxslərin adı bütün ictimaiyyətə bəlli olacaq: “Həmin adlardan ikisi olduqca məşhurdur və cəmiyyət heyrətindən şoka düşəcək”.
Qeyd edək ki, fərdi prezident təqaüdünün məbləği 1000 manatdır. Mənbəmiz deyir ki, ən maraqlı hadisə də məhz o sərəncamın imzalanmasından sonra baş verəcək. Belə ki, bu “böyük saray ənamı”nı alacaq şəxslər səsvermə gününə az qalmış iqtidar namizədini dəstəkləyən bəyanatlarla çıxış edəcəklər.
Bunun ardınca isə hökumətyönlü mətbuatda və telekanallarda müxalifətin əleyhinə total təbliğata start veriləcək. Həmin müxalifətçilərə geniş tribuna veriləcək və onlar indiki prezidentin fəaliyyətini güclü tərəqqi mərhələsi kimi xarakterizə edib xalqı bir daha ona səs verməyə çağıracaqlar. Burada iki məqsəd güdülür: birincisi, YAP-ın xalqın getdikcə daha geniş təbəqələri və yeni personalar tərəfindən dəstəklənməsi görüntüsünü yaratmaq, ikincisi isə ən qatı müxalifətçilərin də “gerçəkləri nəhayət ki, anlayıb haqq yoluna gəlməsi” təsəvvürünü formalaşdırmaq.
Amma buradan çıxan məntiqi nəticə də çox təzadlı və simvolikdir. Belə çıxır ki, iqtidar yenə də müxalifətçilərin yardım və nüfuzuna möhtacdır. Yaxın keçmişin müxalifətçilərini özünün seçki lobbistlərinə çevirməyə məcbur olan hakimiyyət bunu gizlətməyə nə qədər çalışsa da...
 
  • Yazılıb
  • da (də) 2008 Sep 28