Tarix : 2008 Sep 28
Kod 7630

PROFESSOR RAFİQ ƏLİYEV: MƏN ALLAHSIZ ALİM TANIMIRAM

Dünyada bu günə kimi elmin üç inkişaf modeli olub. Hər üçünün bəşəriyyət üçün əvəzsiz xidmətləri olub
Azərbaycan servisi/Aran Agentliyi
Nyuton, Eynşteyn, Zadə... Onların heç biri Allahsız olmayıb.
 

Dünya şöhrətli alim Rafiq Əliyevin Lent.az-a müsahibəsi

Qeyri-səlis riyazi məntiq nəzəriyyəsinin davamçısı, SSRİ Dövlət Mükafatı laureatı Rafiq Əliyev 1942-ci ildə Ağdam rayonunun Novruzlu kəndində anadan olub. Orta məktəbi medalla, ali məktəbi fərqlənmə diplomu ilə bitirib, 25 yaşında namizədlik, 32 yaşında doktorluq dissertasiyasını müdafiə edib, 47 yaşında AMEA-nın müxbir üzvü seçilib. Onun rəhbərliyi altında 30 doktorluq, 150-dən çox namizədlik dissertasiyası müdafiə olunub. Nəşr edilən 60 kitabından 48-i xarici ölkələrdə çap olunub, "Soft komputing" və "Soft komputing its aplications" bestseller-kitabları dünyanın 5 qitəsində dərsliklərə salınıb. Azərbaycan Dövlət Neft Akademiyasının "Avtomatlaşdırılmış idarəetmə sistemləri" kafedrasının müdiri, eyni zamanda Corciya Dövlət Universiteti (ABŞ), Təbriz Universiteti (İran) və Zigen Universitetinin (Almaniya) professorudur.

Onunla söhbət etmək çətindir – kimin qarşısında əyləşdiyini yaxşı bilirsən...
Onunla söhbət etmək asandır – çox mürəkkəb elmi nəzəriyyələri olduqca səlis, aydın bir tərzdə izah edir...

- Bu gün dünyanın yaranma səbəbini tapmağa çalışan alimlərin qeyri-adi eksperiment keçirmək istəyi birmənalı qarşılanmadı. Siz necə düşünürsünüz, layihə bəşəriyyət üçün təhlükəli ola bilərmi?


- Mən fizik deyiləm, amma həmişə deyirəm ki, bir yaxşı nəzəriyyə yüz təcrübədən irəlidir. Düzdür, nəzəriyyəni həmişə axıra çatdırmaq olmur. Bu layihədə yalnız dünyanın əvvəli və sonunun öyrənilməsi nəzərdə tutulmayıb. Zərrəciklərin toqquşması nəticəsində həmçinin digər fiziki proseslərin öyrənilməsinə də eksperimental cəhd göstərilir. Bu layihənin müsbət tərəfləri var. Əvvəla, dünyanın diqqəti siyasətə deyil, alimlərin tədqiqatlarına yönəlib. İkincisi, tədqiqatlara, demək olar ki, dünyanın bütün alimləri cəlb edilib. Bu layihə dünya alimlərinin böyük miqyaslı əməkdaşlığına imkan yaradıb. Ehtimal edilir ki, təcrübə zamanı o qədər çox informasiya əldə ediləcək ki, onu emal etməyə dünyanın əksər ölkələri cəlb olunub. Eksperimentin əsas məqsədinin dünyanın yaranma səbəbini tapmaq olduğunu düşünmürəm. Dünyanın yaranmasında bir başlanğıc var - Allah. Layihənin dünya üçün təhlükəli olacağına inanmıram. Alimlərin ən xırda detalı belə nəzər aldıqlarına əminəm.

- Sizcə, müasir elm nəyə can atır - dünyanın yaranma səbəbini tapmağa, yoxsa onu təzədən yaratmağa?


- Atom nüvə proqramı üzrə "Manhetten" proyektində iştirak etmiş bir qrup görkəmli Amerika alimləri "Qiyamət gününün saatı" adlı simvolik nəhəng bir divar saatı quraşdırıblar. Bu saatda gecə yarısı 12.00 qlobal nüvə fəlakət anını ifadə edir. İndi bu saat 11.55– i göstərir. Gecə yarısına cəmi beş dəqiqə qalıb... Bu simvolik saatın böyük bir mənası var: yəni ay alimlər, dünyanı bu günə siz qoymusunuz. Amma dünyanın bu vəziyyətə düşməsində siyasətçilərin günahı alimlərdən çoxdur. Alimin öz dünyası var və hər halda onun ümumbəşəri əxlaqı başqalarından yüksək səviyyədə olur. O, nəyisə yaradanda bir mənəvi açar da qoyur. Albert Eynşteynin ABŞ-ın prezidenti Ruzveltə yazdığı məşhur məktub ABŞ-da atom silahının yaranmasına əsas təkan oldu. Lakin o, atom bombası ilə Yaponiyanın dağıdılmasını istəmirdi.

Dünya balaca bir gəmidir. Göründüyü kimi, maliyyə böhranı hazırda bütün dünyanı əhatə edib. Bu böhranın nə ilə qurtaracağını, həmin bu balaca gəmini gələcəkdə nə gözlədiyini indi heç kim bilmir. Bu gün dünya zəncirvarı şəkildə bir-birinə bağlanıb. Heç bir uğur və ya təhlükə artıq konkret ərazi tanımır. Dünyanın diqqətini özünə çəkən yeni eksperimentin bir cəhdi də elə budur ki, alimləri bir yerə yığıb həyəcan təbili vursunlar: Dünya hara gedir? Unutmayaq ki, bəşəriyyəti bütün dolaşıq vəziyyətlərdən siyasət, ədəbiyyat, sənət yox, məhz elm xilas edib.

- Bəs elm özü bu gün hansı səviyyədədir, nəyə qadirdir?


- Mən düşünürəm ki, elm bu gün çox yüksək səviyyədə inkişaf edib. Elm inkişaf edib, amma ümumbəşəri əxlaq çox geri qalıb. Əgər belə olmasaydı, İraqda qan tökülməzdi. Yerdə belə problemlərə nə qədər ehtiyac var? Nəyimiz əskikdir, yaşamaq üçün burada hamıya yer çatır axı! Ən böyük problem budur ki, siyasətçilərin əxlaqı elmin səviyyəsi ilə uzlaşmadı. Məndən tez-tez soruşurlar ki, doğrudanmı, amerikanlar robot əsgərlər istehsal ediblər? Deyirəm, bəli. Elm bundan da artığına qadirdir, baxır onu nəyə, hansı səmtə yönəldirsən. Eyni zamanda çəkinmədən bunu da deyirəm ki, klassik iqtisadi və neoklassik iqtisadi nəzəriyyələr iflasa uğradı. Çünki bu nəzəriyyələrin əsasında real olmayan bir postulat durur: bütün iqtisadi agentlər rasionaldır. İstehsalçı öz gəlirini, istehlakçı öz faydalılığını, istəklərini maksimallaşdırır. Qərar qəbul edənlərin motivasiyaları, sosial normaları nəzərə alınmır. Eqoistik nəzəriyyə, Alturizm yoxdur. Yəni heç kim qonşusunu, Afrikada acıdan ölənləri fikirləşmir. Ona görə də dünya yeni iqtisadi model axtarır. Bu gün elmi bəşəriyyətin sabahı, taleyi düşündürür. Gəlin, dünyanın xəritəsinə baxaq, neft ölkələrinin hamısının ərazisindən qan iyi gəlir. Yalnız Norveçdən başqa, çünki bu ölkə Avropada yerləşir. Həm də Norveçin iqtisadiyyatı yalnız neftdən gələn gəlirə söykənməyib. Əgər biz dünyanı bu vəziyyətdən xilas etmək istəyiriksə, onda alternativ yanacaq tapılmalıdır. Neftin yerini tuta biləcək bu alternativ yanacağın tapılması dünyanın nicatı olacaq. Bunu isə yalnız elm bacara bilər.
Digər tərəfdən isə, elm dünyanın sirlərinin heç milyonda birini hələ açmayıb. Xüsusən də, anomaliyalarla bağlı olanları.

- Bizi hansı yeni elmi sıçrayışlar gözləyir?


- Bunu yalnız proqnoz şəklində demək olar. Mənim fikrimcə, ilk sıçrayışlar intellektual maşınlarda olacaq. Onlarla insanlar arasında ünsiyyətin təbii dildə olması hazırda alimləri çox düşündürür. Onda maşınları idarə etmək qat-qat asanlaşacaq. Bu dil isə daha çox qəlibləşmiş, yəni hamı tərəfindən başa düşülən ümumi dil olacaq. Mən yaxın 30-40 ildə bu ideyanın gerçəkləşməsini gözləyirəm. Digər tərəfdən, elmin alternativ yanacaq məsələsini həll ediləcəyinə ümid edirəm. Törəmə məsələlərə gəlincə, elmi nəzəriyyəyə görə, dünya birqütblü yaşaya bilməz. Ona görə də, dünya bu gün dayanıqlı deyil. Amerikadakı, Avropadakı çıxışlarımda, mühazirələrimdə də bunu vurğulayıram. Söhbət iki rəqibin üz-üzə dayanıb müharibə aparmasından getmir. Artıq hamının taleyi bir-birinə elə birləşib ki, dünyanın bir tərəfinin əyilməsi bütün yer üzünün silkələnməsi deməkdir. Başqa sözlə, artıq hər kəsin mənafeyi başqasının mənafeyi ilə uzlaşmalıdır. Dünyada iqtisadi bərabərsizliyin aradan qaldırılmasına yönələn yeni iqtisadi modelin yaranması növbəti sıçrayışlardan biri olacaq.

- Bir vaxt qeyri-səlis məntiq nəzəriyyəsi də dünya elmində, istehsalatda bir sıçrayış yaratdı. Bu sahə dünya elmi üçün hələ də modern sayılır, yoxsa artıq onu qabaqlayan başqa istiqamətlər yaranıb?

- Dünyada bu günə kimi elmin üç inkişaf modeli olub. Hər üçünün bəşəriyyət üçün əvəzsiz xidmətləri olub. Əvvəllər, determinizm dövründə deyirdilər ki, bütün məsələlər bizə məlumdur, hər şey barədə tam informasiyamız var və hər şey məlum qanunla yazılır, necə deyərlər, qətiyyən əl yeri qoymurdular. Alimlər təbiət və cəmiyyət proseslərinin sadə bir modelini yaratmağa çalışırdılar. Əslində heç bir elm real həyatın üzərində yox, onun modeli üzərində qurulur. Dünyada elm həmin modelin reallığa yaxın olduğu qədər inkişaf edib. Sonralar kvant mexanikası, riyaziyyatda ehtimal nəzəriyyəsi meydana gəldi. Ehtimal nəzəriyyəsi dünyada olan qeyri-müəyyənliyi nəzərə almağa imkan verir. Ehtimal nəzəriyyəsi ikili Aristotel məntiqinə əsaslanır, onun real həyat proseslərindəki qeyri-müəyyənlikləri nəzərə almasına ciddi məhdudiyyətlər var. Mən həmişə belə bir misal çəkirəm: ABŞ-da qadının prezident olması ehtimalı nə qədərdir? Klassik ehtimala görə, gərək, məsələn, 43 belə nəticə qeydə alınsın ki, onun əsasında nə isə deyəsən. Tutaq ki, 43 əvvəl seçilmiş prezidentdən ikisində qadın prezident olubsa, onda deməlisən ki, 43-də iki ehtimalı var. Real həyatda isə heç vaxt belə hadisə olmayıb, lakin qadının ABŞ-da prezident olması ehtimalı qüvvədə qalır. Lütfi Zadə də bunu dedi. Başqa sözlə, nəzəriyyənin kökündə duran modeli köklü yaxşılaşdırdı, reallığa körpü saldı. Hazırda müasir sənayenin çox sahələri qeyri-səlis məntiq üzərində qurulub. Müasir kompüter, paltaryuyan maşın, fotoaparatlar və s. qeyri-səlis məntiq nəzəriyyəsi əsasında hazırlanır və gəlirlər milyardlarla hesablanır. Eynşteyn ölümündən bir neçə saat əvvəl ağzından bir söz çıxarıb: imkanlar nəzəriyyəsi. Bu, elə qeyri-səlis məntiqdir və Zadə bu imkanlar nəzəriyyəsini yaratdı. İndi Zadə bir addım da irəli getməyi təklif edir: ikiqat qeyri-müəyyənlik. Yəni ehtimalla qeyri-səlisliyi birləşdirmək, ikiqat qeyri-müəyyənliyi nəzərə almaq və reallığa bir addım da yaxınlaşmaq.

- Qeyri-səlis məntiq nəzəriyyəsi yeni texniki avadanlıqlarla yanaşı artıq insan yaratmağa can atır. Robotlarla insanlar bir-biri ilə necə yola gedəcək?


- Bu çox ağır sualdır, bütün bəşəriyyəti düşündürən bir məsələdir. Mənim ən qorxduğum məsələ robotların insanları əvəz etməsidir. Qorxuram ki, robotlar insanlardan daha ağıllı ola bilər və üsyan edər. İndi virtual hisslər, onların modelləri yaradılıb. Robotlar artıq istehsal olunur və yaxın zamanlarda onların hissləri, "mənəviyyatı" da olacaq. Amma bu, proqramlaşdırılmış "mənəviyyat" olacaq. Bu o deməkdir ki, robotlar rüşvət almayacaq, üz vuranda güzəştə getməyəcək... Yəni robotlar ümumbəşəri əxlaq baxımından insanlardan üstün olacaq, əxlaqsızlığa meyl etməyəcəklər. Ona görə də hazırda məni ən çox qorxudan insandır, robot deyil. İnsanın mənəviyyatı elmin inkişafı ilə ayaqlaşa bilmir. İnsan-robot müstəvisində qərarı ağıl və mənəviyyat verəcək. Yəni "mən-mən" iddiası insanı da, dünyanı da məhvə apara bilər.

- "2009-2015-ci illər Azərbaycanda elmin inkişafı üzrə milli strategiya və həmin strategiyanın həyata keçirilməsi üzrə Dövlət Proqramı"nın layihəsi artıq hazırlanıb. Bu layihədə konkret təklifləriniz əks olunubmu?


- Xeyr. Mən fikirlərimi bildirməmişəm və mənə müraciət edən də olmayıb. Mən islahatı yalnız belə görürəm: elmə ayrılan vəsait 10 dəfələrlə artırılmalıdır, elmlə məşğul olanların məvacibi dəfələrlə bugünkündən çox olmalıdır. Mənim həmkarım, Corciya Dövlət Universitetinin professoru ildə təxminən 180 min dollar məvacib alır. Amma maliyyədən də vacib olan amil elm adamlarının vicdanlılığı, dürüstlüyüdür. Nəhayət, üçüncü amil - elmə sosial sifariş olmalıdır. Bu gün Azərbaycanda elmə sosial sifariş, tələbat yoxdur.

- Yaxın 40-50 ildə dünyanın tamam dəyişəcəyini, elmi potensialı olmayan ölkələrin təkrar neolitə qayıdacağını deyirsiniz. Güclü elmi potensialın yaranması üçün ən azı neçə il lazımdır?


- Millət vəkili Rəbiyyət Aslanova bir dəfə yaxşı dedi ki, Allahın altında bizimkilər özümüzünkülərə başqalarından daha tez inanaydılar. Bizdə dünyada yaxşı tanınmış alimlər var. Bir dəfə Zadədən soruşdum ki, Azərbaycanın gələcəyini necə görürsünüz? Cavab verdi ki, Sinqapura, Malayziyaya baxın, onların nə qızılı, nə də nefti var. Yaxşı seçilmiş gəncləri, mütəxəssisləri qabaqcıl ölkələrə təhsil almağa göndərmək lazımdır. Qoy onlar bu ölkədə həm elm, həm də dürüstük, dəqiqlik öyrənsinlər. Deyirlər ki, o millət azaddır ki, axırıncı qulu ölür. O universitet yaxşı ola bilər ki, axırıncı rüşvətxoru yox olsun. Yalnız ciddi elmi-texniki baza, seçilmiş, tanınmış alimlərin olması, kreativ və rüşvətsiz təhsili böyük elmi potensial yarada bilər və bunun üçün də onilliklər lazımdır.

- Elmin, texnikanın tərəqqisi ilə dünya təbiilikdən animasiya olunmuş bir şəklə çevrilir. Elm süni dünya, süni insan yaradır... Sizcə, bu yaxşıdır, yoxsa pis?


- Bütöv götürəndə, bu yeniliklərə münasibətim müsbətdir. Elmi-texniki inkişaf qorxulu deyil, əsas məsələ bütün bu imkanların kimin əlində olmasıdır. Ona görə də bu gün Madonnanın modernləşdirilməsini, insanı necə öldürməyin təsvirini, ölümü sürətləndirmək üsulunun açıqlanmasını anlaya bilmirəm. Bu baxımdan, alimlər dönə-dönə qeyd edirlər ki, elmin inkişafı ilə bərabər ümumbəşəri mənəviyyat da yüksəlməlidir. Mənəviyyatın tərəqqidən geri qalması bizi xoşagəlməz mənzərə ilə üzləşdirir ki, bu da əsla alimlərin günahı deyil.

- Sizin müasir informasiya anlayışına münasibətiniz necədir? Bu xəbər bolluğunda ürəyiniz istəyən məlumatları oxuya bilirsinizmi?


- Bugünkü xəbər bolluğunu alimlərdən biri belə qiymətləndirib: "İnformasiya dənizində boğulduq, bir damla bilik üçün ürəyimiz gedir". Müasir dünyanın televiziya, internet, mətbuatında yer alan xəbərlərin insan beyninə yüklənməsi fiziki baxımdan çox zərərlidir. Əsl elm adamı, səviyyəli oxucu odur ki, bu bolluqdan lazımlısını qəbul edir. Gəlin görək, bugünkü mətbuatda bir alimlə müsahibəyə nə qədər tez-tez yer ayrılır? Alimlərin fikirləri nə qədər oxucunu maraqlandırır? Bu problem də artıq bəşəriləşib. İndi çox adam informasiya ilə məlumat anlayışını qarışdırır. İnformasiya məlumat deyil. Cəmiyyətin bol informasiyalı yox, bilikli adamlara ehtiyacı daha çoxdur.

- Rasional düşünən bir insanın, dəqiq elmlər üzrə tanınmış alimin dinə münasibəti də maraqlıdır...


- Mən dünyada elə bir alim tanımıram ki, Allahsız olsun. Söhbət elmi dərəcəsi olanlardan getmir, Nyuton, Eynşteyn, Zadə... Onların heç biri Allahsız olmayıb. Ümumiyyətlə, istənilən insanın dünyagörüşünün üç başlanğıcı var: Allah, insanın daxilindəki Mən və universitetlər. Söhbət yüksək bilik, səviyyə verən universitetlərdən gedir. Mənim inamım və imanım dinimdən çox yüksəkdir. Yanlış başa düşülməsin, dini etiqada tolerant yanaşıram, amma məndə qətiyyən fatalizm yoxdur. Lev Tolstoy vəfat edəndə onun üstündən Məhəmməd peyğəmbərin "Qurani-Kərim"ə düşməyən 100 kəlamı tapılıb. Bu kəlamlardan biri belədir: "Allaha ümid et, amma dəvəni bağlamağı unutma". Allah məni yaradıb, mənə əxlaq, normalar verib, deyib ondan kənara çıxma. Mənim qəti fikrim belədir ki, normadan kənara çıxan cəzalanır. Bizdə həmişə deyirdilər ki, Allahın barmağı olmur ki, adamın gözünü çıxartsın... Amma Allah insanı tarazlıqda yaradır və yaşadır, nəyisə sənə çox versə, bil ki, əvəzində nəyisə də alacaq, ona görə həmişə həddi gözləmək lazımdır. Allah rəhmət eləsin, Abdulla Şaiqin oğlu akademik Kamal Talıbzadə həmişə deyirdi ki, dədəm danışırdı, mən "Tülkü həccə gedir"i böyüklər üçün yazmışam, onu niyə uşaqlar üçün oxuyurlar, başa düşə bilmirəm...

- Deyirlər, insanı doğulduğu torpaq həmişə özünə sarı çəkir. Bu illər, iş-güc Lütfi Zadəni Azərbaycana, Sizi Qarabağa bağlayan bağlardan tamam ayırmayıb ki?


- Lütfi Zadənin qəlbində Azərbaycana sonsuz sevgi var. O, Bakıda doğulub, burda məktəbə gedib. İnsan yaşlandıqca tədricən onda torpaqlaşma gedir, ona görə də doğulduğu torpağı arzulayır. Bu, bir həqiqətdir, amma gərək Zadəni yaxından tanıyasan. "Başına dönüm, qurbanın olum" deməklə ona yaxınlaşmaq mümkün deyil, onunla danışmaq üçün ortaq, ümumi harmoniya olmalıdır. Mənim ən yaralı yerimə gəlincə, Qarabağın xilası çox ağır yoldur. Qarabağı ilk növbədə beyin laboratoriyasında, masa arxasında qaytarmaq lazımdır...

  • Yazılıb
  • da (də) 2008 Sep 28