Bu o məsələ deyil ki, hansısa administrativ göstərişlə, yaxud bu və digər məmurun söyləməsiylə namaz qılınsın
Azərbaycan servisi/Aran Agentliyi
Ramazan ayı başa çatmaq üzrədir. Hökumətin qərarıyla bu il bayram sentyabrın 30-u və oktyabrın 1-də qeyd olunacaq. Bəs, bayram namazı hansı gün qılınmalıdır? Dini Etiqad və Vicdan Azadlıqları Müdafiə Mərkəzinin (DEVAMM) sədri Hacı Ilqar Ibrahimoğlunun sözlərinə görə, bayram namazının hansı gündə qılınması ilə bağlı problem bir çox hallarda islam dininin standartlarına düzgün yanaşılmamasından yaranır: “Bu o məsələ deyil ki, hansısa administrativ göstərişlə, yaxud bu və digər məmurun söyləməsiylə namaz qılınsın”. I.Ibrahimoğlu namazın əvvəlcədən dəqiq hansı gündə qılınacağı haqda deyilənlərin düzgün olmadığını bildirib: “Mübarək Ramazan ayı 29, yaxud 30 gün ola bilər. Müsəlman ayları dəqiq astronomik aylardır. Astronomik aylar həm 29, həm də 30 gün ola bilir. Bu isə kainatın quruluşundan irəli gələn bir məsələdir. Ona görə də kiminsə söyləməsi ki, bayram namazı filan günü qılınır, yaxud bayram filan gündür, bu, əsaslı deyilmiş fikir deyil”. Hacı Ilqar Ibrahimoğlu belə bir fikrin əvvəlcədən söyləməyə heç kimin haqqı olmadığını deyib: “Bayram gününün təyin edilməsinin elmi əsaslanması Ayı müşahidə etməkdir. Hazırda gözləmək və müşahidə etmək lazımdır”. Onun sözlərinə görə, istənilən bir şəxs təzə Ayın - hilalın çıxmasını müşahidə edərsə, yeni ayın başlanmasını deyə bilər: “Əgər hava durumu səbəbindən ayı görmək mümkün olmayıbsa, etibar ediləsi mənbələrə inanmaq da mümkündür. Amma bir neçə gün öncədən ayın görünməsini iddia etmək elmə və islamın hüquqi əsaslarına uyğun deyil”. DEVAMM sədrinin sözlərinə görə, təqdirəlayiq haldır ki, bir çox müsəlman ölkələri, həmçinin Azərbaycan hökuməti bir neçə günü rəsmi bayram elan edib: “Bu ona imkan verir ki, məhz Ayı görməyə yəqin olduqdan sonra bayram namazı qılınsın. Islamın nəzərində bayram o gündür ki, insan Allah dərgahında həmin gün günah etməyə. Insanın həqiqi bir insan kimi yaşadığı gün onun üçün bayramdı. Konkret Ramazan bayramına gəldikdə, onun əməlləri var. Ramazanın bitməsi, Şəvval ayının başlanması münasibətilə müsəlmanlar müəyyən əməlləri yerinə yetirməlidir. Bunlar qüsl alınması, fitrə çıxarılması, təzə libas geyinilməsi, bayram namazının qılınmasıdır. Insanların bayram duyğularını bir neçə gün yaşaması da gözəl haldır. Həmin gün insanların bir-birilərinə qonaq getməsi, təbrik etməsi, uşaqlara nəsə almaq, sevindirmək, vəfat edənlərin yad edilməsi bayram təntənəsini yaşadan nüanslardır".