pulun “itməsi”nin kökündə Milli Bankın İdarə Heyətinin sədri Elman Rüstəmovun “vurulması”na zəmin hazırlamaq məqsədi dayanır
Azərbaycan SERVİSİ/ARAN AGENTLİYİ
“Milli Bankdan 3 milyon manat yoxa çıxıb. Bu qədər pulun necə yoxa çıxması hazırda Respublika Prokurorluğunda araşdırılır”. Bu məsələ ilə bağlı qəzetimizə məlumat verən qaynağın sözlərinə görə, pulun “itməsi”nin kökündə Milli Bankın İdarə Heyətinin sədri Elman Rüstəmovun “vurulması”na zəmin hazırlamaq məqsədi dayanır. Mənbə bildirib ki, başı daim qalmaqalda olan E.Rüstəmovun ehtiyatlı olması indiyə qədər onu mümkün təhlükələrdən sovuşdura bilib. E.Rüstəmovun müxalifləri onun tutduğu vəzifədən getməsi üçün dəfələrlə barəsində ölkə rəhbərliyinə müxtəlif ləkələyici məlumatlar ötürüblər.
Hər dəfə də məsələ araşdırılanda ölkənin baş bankirinin təmizə çıxması qarşı tərəfi pis vəziyyətdə qoyub. Buna görə də sonuncu dəfə ölkə rəhbərliyinə “Elman Rüstəmov Milli Bankdan 3 milyon manatı silərək müxalifətə ötürüb” tipli məlumat vermək üçün 3 milyon manat aradan çıxarılıb.
Lakin E.Rüstəmov ona qarşı hazırlanan təxribatı önləyib. O, həmin 3 milyonun yoxa çıxmasından vaxtında xəbər tutub: “Daxili araşdırma aparılandan sonra toplanılan faktlar yoxlanılması üçün respublika prokurorluğuna ötürülüb. İstisna deyil ki, bu qədər pulu aradan çıxaran bank işçiləri həbs olunacaqlar. Onları bu cinayətə sürükləyən isə yəqin ki, kölgədə qalacaq”.
Məlumat üçün bildirək ki, E.Rüstəmov 1992-ci ildə Milli Bankın İdarə Heyəti sədrinin birinci müavini vəzifəsinə təyin edilib. 1995-ci ilin yanvarında isə prezidentin sərəncamı ilə Milli Bankın İdarə Heyətinin sədri vəzifəsinə təyin olunub. 2000 və 2005-ci illərdə keçirilmiş seçkilərdə yenidən seçilməklə bu vəzifəsində qalıb. Onun səlahiyyət müddəti 2010-cu ildə bitir.
Məsələyə Milli Bankın və Respublika Prokurorluğunun münasibətini öyrənmək istəsək də qeyri-iş günü olduğundan telefon zənglərimiz cavabsız qaldı.