Tarix : 2008 Oct 02
Kod 7721

AVROPA BİRLİYİNİN HƏRBİ MÜŞAHİDƏÇİLƏRİ GÜRCÜSTANDADIR

Onlar avqust ayındakı münaqişədən sonra atəşkəsə əməl olunmasına və Rusiya ordusunun geri çəkilməsinə nəzarət etməlidir
Gürcüstan servisi/Aran Agentliyi

Avropa Birliyindən olan hərbi müşahidəçilərin Gürcüstanda yerləşdirilməsi başlayıb. Onlar avqust ayındakı münaqişədən sonra atəşkəsə əməl olunmasına və Rusiya ordusunun geri çəkilməsinə nəzarət etməlidir. 12 müşahidəçi qrupundan hələ ki, biri Rusiya ordusu tərəfindən Cənubi Osetiya ətrafında yaradılmış bufer zonasına daxil olub.
Digər qrupları rus əsgərləri geri qaytarıblar. Ruslar bunu təhlükəsizlik tədbirləri ilə əsaslandırıb. Müşahidəçilər nə zaman ora getmək icazəsi alacaqlarını bilmirlər. Elə müşahidəçi missiyasının məqsədi məhz bufer zonasına daxil olmaqdır. Avropa Birliyinin monitorinq missiyasının rəhbəri Hans-Yorq Haber deyib ki, rəsmi Moskva oktyabrın 10-na kimi müşahidəçilərin öz işlərinə başlaya bilməsi üçün şəraitin yaradılacağına söz verib: “Biz bir kəndin yaxınlığına gəldik. Oradakı sakinlərlə danışdıq. Onlar mənə dedilər ki, kəndə girməyə onlara da icazə vermirlər. Bizim missiyamızın məqsədi də bu vəziyyəti dəyişməkdir. Biz heç vaxt bunun asan olacağını deməmişik. Amma bu mərama doğru hərəkət edəcəyik”.
Sülh planına əsasən, məhz həmin tarixə kimi Rusiya öz qüvvələrini bufer zonasından çıxarmalıdır. Avropa Birliyinin müşahidə missiyası 352 nəfərdən ibarət olacaq. Onların qərargahı Tiflisdə yerləşməlidir. Missiya Cənubi Osetiya münaqişəsi bölgəsində də monitorinq aparmaq niyyətindədir, lakin Rusiya əvvəlcədən elan edib ki, müşahidəçilər ora buraxılmayacaq. Rusiya Cənubi Osetiya və Abxaziyada çoxminli hərbi qüvvələr yerləşdirib və Gürcüstanın bu separatçı bölgələrində hərbi bazalar qurur.

  • Yazılıb
  • da (də) 2008 Oct 02