Ramana qəsəbəsi 5-ci mədən küçəsində baş verən hadisə nəticəsində Sabunçu Rayon Polis İdarəsinin əməliyyat qrupu tərəfindən “Nissan Murano” markalı avtomobilin sürücüsü və sərnişini öldürülüb
Azərbaycan servisi/Aran Agentliyi
Oktyabrın 1-də axşam saatlarında Sabunçu rayonu, Ramana qəsəbəsində polislə iki silahlı şəxs arasında atışma baş verib. Ramana qəsəbəsi 5-ci mədən küçəsində baş verən hadisə nəticəsində Sabunçu Rayon Polis İdarəsinin əməliyyat qrupu tərəfindən “Nissan Murano” markalı avtomobilin sürücüsü və sərnişini öldürülüb. Polis tərəfindən qətlə yetirilən şəxslərin Cinayət Məcəlləsinin qəsdən adam öldürmə və quldurluq maddəsi ilə axtarışda olan Maştağa qəsəbə sakini, 1969-cu il təvəllüdlü Fərhad Zakir oğlu Quliyev və onun əmisi oğlu, Ramana qəsəbə sakini 1963-cü il təvəllüdlü Azad Məlikheydər oğlu Quliyev olduğu müəyyənləşdirilib. Bu şəxslərin təqib olunaraq zərərsizləşdirilməsinin səbəbi kimi onların polisə silahlı müqavimət göstərdikləri qeyd edilir.
Rəsmi məlumata görə F.Quliyev sentyabrın 29-da axşam saatlarında yaşadığı Maştağa qəsəbəsində yerlisi Mirkərim Xəlilovun “Nissan Murano” markalı avtomobilini quldurluq yolu ilə əlindən alıb və ərazidən uzaqlaşıb. M.Xəlilovun polisə şikayətindən sonra avtomobilin tapılaraq sahibinə qaytarılması üçün əməliyyat qrupu yaradılıb. İlkin araşdırma zamanı məlum olub ki, avtomobili sentyabrın 1-də Maştağa qəsəbəsində qonşusu Hidayət Əlisgəndər oğlu Hüseynovu qətlə yetirməkdə suçlu bilinən və Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə axtarışda olan F.Quliyev sahibindən alıb. Əməliyyat qrupu axtarış nəticəsində avtomobili Bakıxanov qəsəbəsində müəyyən edərək, Ramana qəsəbəsinə kimi izləyib. Ramana qəsəbəsi, 5-ci mədən küçəsində isə avtomoblin yolunu bağlayan polislər maşındakıların salondan çıxmalarını tələb ediblər. Həmin vaxt avtomobildə olan iki nəfər polisə silahlı müqavimət göstərib. Atışma zamanı hər iki şəxs öldürülüb. Hadisə zamanı əməliyyat qrupu üzvlərindən xəsarət alan olmayıb. Qeyd edək ki, rayon prokurorluğunun və polis idarəsinin əməkdaşları maddi sübut kimi hadisə yerindən götürülən avtomobilə ilkin baxış keiçriblər. Bundan sonra “Nissan Murano” avtomobili hadisə yerindən Sabunçu Rayon Polis İdarəsinə aparılıb. Fərhad və Azad Quliyevlərin cəsədini isə Sabunçu rayon məhkəmə tibbi ekzpertizasına aparıblar. Sabunçu Rayon Polis İdarəsindən verilən məlumata görə, Fərhad Quliyev əvvəllər 2 dəfə qəsdən adam öldürdüyünə görə həbs olunub. Hazırda əməliyyat-istintaq tədbirləri davam etdirilir. Qeyd edək ki, bu baş verən hadisə ilə bağlı yayılan rəsmi məlumatlardır. Öldürülən şəxslərin yaxınları isə rəsmi versiya ilə razılaşmırlar. Dünən Maştağada keçirilən yas mərasimində iştirak edərək atışmada öldürülən şəxslərin yaxınlarının baş verən hadisə ilə bağlı fikirlərini öyrəndik. Mərhum F.Quliyevin atası, Azərbaycan Xalq Cəbhəsinin tanınmış simalarından olan Hacı Zakir Quliyev hadisə baş verən vaxt Moskvada müalicədə olduğundan hələ Bakıya dönə bilməmişdi. Bu səbəbdən də mərhum F.Quliyevin dayısı Mircavad Zeynalovla söhbətləşməli olduq.
M.Zeynalovun sözlərinə görə, hadisə heç də rəsmi məlumatda göstərildiyi kimi baş verməyib: “Fərhad sentyabrın 1-də baş vermiş hadisədən sonra axtarışda idi. O evə gəlmirdi. Atası ona dəfələrlə deyirdi ki, müalicə olunduğu 1 saylı Ruhi Əsəb Xəstəxanasına getsin. Lakin Fərhad getmədi. Qonşuluqda baş verən hadisədən sonra polislər Fərhadı tutmaq üçün evlərinə gəlmişdilər. Onu tapa bilməyəndə atasına məxsus ”Nissan-Armada" markalı avtomobili götürüb apardılar. Fərhad isə həmin gündən evə gəlmirdi. Eşitmişdik ki, arabir Ramanada yaşayan əmisi oğlu Azadla əlaqə saxlayır, görüşür. Bu hadisələrdən sonra sentyabrın ortalarında atası xəstələndiyindən Moskvaya müalicəyə getdi. Artıq 14 gündür ki, oradadır. Hacının ayaqlarında və mədəsində problemlər var. Heç oğlunun dəfninə də gəlib çata bilmədi. Məlumat yayırlar ki, guya maşını Fərhad kimdənsə zorla alıb. Amma həmin maşını Fərhad bir həftədir ki, sürürdü. Bu necə maşın oğurlamaqdır?"
Onun sözlərinə görə, öldürülən gün Fərhad əmisi oğlu Azadın evinə gedərək, onu aparıb müalicə olunduğu xəstəxanaya təhvil verməsini xahiş eləyib: “Onlar birgə Azadın evindən çıxandan sonra maşını vurub aşırıblar və güllə-baran ediblər. “Morq”dan dedilər ki, Fərhada 27 güllə vurublar. Qollarını və bir ayağını da sındırıblar. Bu qədər güllə yarası almış şəxsin qollarını və ayaqlarını sındırmaq kimə lazımdır?”
Elə dünən Fərhad və Azad Quliyevlər Maştağa qəsəbəsində torpağa tapşırılıblar.
Dünən həmçinin Ramana qəsəbəsində olaraq hadisənin şahidləri ilə də söhbətləşdik. Adını çəkilməsini istəməyən şahidlərdən birinin sözlərinə görə, oktyabrın 1-də, günün birinci yarısında Fərhad Quliyevin idarə etdiyi “Nisan-Murano”nu Ramana qəsəbəsində, Azad Quliyevin evinin həndəvərində bir neçə dəfə görüblər. Diqqəti cəlb edən məqam isə bu olub ki, hər dəfə “Nissan-Murano” ərazidə peyda olarkən ardınca “Mercedes” və “VAZ-2106” markalı avtomobillər də gözə dəyib.
Bundan beləsini hadisənin şahidinin dedikləri ilə davam etdirək: “Axşam 22:15-də hazırda fəaliyyət göstərməyən ”Borçalı" avtomobil təmiri sexinin qarşısında “VAZ-2106" makalı avtomobil ”Nissan-Murano"nun qarşısına keçdi. Həmin vaxt “Mercedes” markalı avtomobil “Nisan-Murano”nu yandan vuraraq yolun kənarına aşırdı. “Nissan-Murano” böyrü üstə aşandan sonra onun içindən polisə tərəf 2-3 dəfə atəş açıldı. Polisin maşını ilə “Nissan-Murano”nun arasında təxminən 2-3 metr məsafə vardı. Polisə tərəf atəşdən sonra əks istiqamətdən təxminən 10 dəqiqə avtomat silahlardan intensiv atəş açıldı. Hadisə əsas yolun kənarında və yaşayış massivində baş verdiyindən əraziyə çoxsaylı adamlar toplaşdı. Yoldan keçən sərnişin avtobusları dayandığından yolda tıxac yarandı. Güllələr yaxınlıqdakı tikililərə və mağazalara da dəyirdi. 10 dəqiqə atışmadan sonra “Nissan Murano”dan yaralı bir şəxs çıxdı. Bir qədər irəliləyib, sonra yıxıldı və çırpınmağa başladı. Polislərdən biri yaxınlaşdı və ayağını həmin şəxsin boğazına basdı. Sonra onun başına avtomatdan atəş açdı. Təxminən 10-15 dəqiqə sonra yol bağlandı, əraziyə Rayon Prokurorluğunun, Sabunçu və Bakı Şəhər Baş polis idarələrinin əməkdaşları gəldilər".
Onu da qeyd edək ki, bir müddət öncə də Sabunçu rayonu ərazisində atışma baş vermişdi. Həmin vaxt Nardaran qəsəbəsinin üç sakini öldürülmüşdü.