Bu günlərdə ABŞ Dövlət Departamenti dünyada dini azadlığın vəziyyəti ilə əlaqədar illik hesabatını açıqladı
Azərbaycan servisi/Aran Agentliyi
Azərbaycana həsr olunmuş bölmədə bildirilir ki, bu ölkənin Konstitusiyası və ölkə qanunları dini azadlığa təminat verir, lakin qeydiyyatda müəyyən məhdududiyyətlər və az hallarda təqib olunma halları da yer alır. Sənəddə islam və qeyri-ənənəvi dini qrupların üzvlərinin təqib edilməsi və saxlanması halları da qeyd edilib.
Hesabat müəllifləri hesab edir ki, Azərbaycanda İslam dindən daha çox, mədəni və etnik eynilik olaraq qəbul edilir.
Dini qurumlarla iş üzrə Dövlət Komitəsinin məlumatına görə ölkənin şiə əhalisi ümumi müsəlmanların 65%-ni, sünnülər isə 35%-ni təşkil edir. Xristianların çoxu provaslav ruslardır və onlar əksərən Bakıda məskunlaşıb. Yəhudilərin çoxu isə Qubada və Bakıda (20 min) yaşayır.
Şiələr və sünnilər, xristian və yəhudilər ölkənin ənənəvi dini qrupları hesab olunur. Bundan başqa ölkədə az sayda lüteran, katolik, baptist, yeddinci günün adventistləri və s. kimi kiçik qruplar mövcuddur.
DQDK-nın məlumatına görə son il ərzində ölkədə 106 yeni qrup qeydiyyatdan keçib. Ümumilikdə Azərbaycanda qeydiyyatdan keçmiş 520 dini qrup fəaliyyət göstərir.
Ayrı-ayrı qruplar qeydiyyatdakı çətinliklər və bürokratik məhdudiyyətlərdən şikayətlənirlər. Hüquq-mühafizə orqanları dini qrupların fəaliyyətinə nəzarət edir. Bəzi dini qrupların fəaliyyətinin məhdudlaşdırılması, həmçinin Zaqatala rayonunda dini mərasimərin dayandırılması və duaların edilməsinə qadağalar qoyulması halları qeydə alınmışdır. Belə bir hallar xristianlarla yanaşı, müsəlmanlara münasibətdə də yaşanmışdır.
Bakıda “Cümə” məscidi hələ də bağlı olaraq qalır və hökumət onun imamının ölkədən çıxmasına icazə vermir. Yerli hüqüq müdafiəçiləri xanımlara şəxsiyyət vəsiqəsi və digər rəsmi sənədlər üçün hicabla şəkil çəkdirməyin qadağan olunmasından şikayətlənir. Ali məktəblərə hicablı xanımların buraxılmaması halları da müşahidə olunmuşdur.
Öz növbəsində “Zerkalonun” müxbiri ilə müsahibəsində İçərişəhər «Cümə» məscidinin imam-camaatı, filosof-teoloq Hacı İlqar İbrahimoğlu bildirmişdir ki, Ağ Ev adminstrasiyasının insan haqları və azadlıqlarının pozulması haqqında mülahizə irəl sürməyə mənəvi haqqı yoxdur: “Məsələ burasındadır ki, ABŞ adminstrasiyasının son illər ərzində həm daxili, həm də xarici siyasətindən, xüsusilə də İraq müdaxiləsindən sonra insan haqlarının vəziyyəti haqqında ancaq yaxşını arzulamaq qalır”, - deyə o, qeyd etmişdir.
Eyni zamanda müsahibimiz bildirmişdir ki, bu hesabat əvvəlki illərdə olduğu kimi indiki adminstrasiyanın fəaliyyətindən asılı olmayaraq bu işin mütəxəssisləri tərəfindən hazırlanıb. “Bu ciddi, peşəkarcasına hazırlanmış bir sənəddir və mən belə düşünürəm ki, bəzi yalnışlıqlar istisna olmaqla ümumilikdə hesabat həqiqəti əks etdirir”, - deyə İ.İbrahimoğlu əlavə etmişdir.
O, təəssüflə bildirmişdir ki, ABŞ adminstrasiyasının insan haqlarının pozulmasına yönəli hərəkətləri bu sənədi faktiki olaraq MDB dövlətlərində təsirsiz edir. “Mən ümüd edirəm ki, seçkilərdən sonra yeni adminstrasiya bu məsələyə daha diqqətli olacaq və özünün digər dövlətlərdə insan haqlarının pozulmasına münasibətdə əvvəlki qiymətləndirməsini qaytara biləcək və mən bu məsələdə optimistəm. ABŞ vətəndaş cəmiyyəti, hansı ki, bu gün “Change” (“Dəyişiklik”) hayqırır - bu məsələdə dövlətə təsir göstərə biləcək”, - deyə o, əlavə etmişdir.
İ.İbrahimoğlunun fikrincə məhz hazırki adminstrasiyanın siyasəti nəticəsində bu hesabat nəinki Azərbaycan, eyni zamanda digər ölkələrin hakimiyyətlərinə də təsir etməyəcək.
Bu hesabat hazırlandığı zaman Azərbaycan Daxili İşlər Nazirliyinin Baş cinayət axtarış idarəsinin Sumqayıt polis idarəsi əməkdaşları ilə birgə apardıqları əməliyyat zamanı qadağan olunmuş dini ədəbiyyat aşkarlanaraq götürülmüşdür. Bu barədə nazirliyin mətbuat şurasından xəbər verilmişdir.
Bildirilir ki, Firuz Ağabalayevə məxsus “Muslim-şop” mağazasından 39 nümunə qadağan olunmuş dini ədəbiyyat müsadirə olunmuşdur.
Bununla əlaqədar olaraq Hacı İlqar İbrahimoğluya müraciət etdik: “Hansı xüsusiyyətinə görə müəyyən olunur ki, bu və ya digər dini ədəbiyyat qadağan olunmuşdur?”. Cavabında “Cümə” məscidinin imam-camaatı bildirmişdir ki, bu məsələdə aydınlıq yoxdur: “Dəqiq olaraq meyarlar müəyyən olunmalı və onları kimin təyin etdiyi aydın olmalıdır. Bundan başqa düşünürəm ki, məsələnin həll edilməsi üçün vətəndaş debatları önəmlidir. Əgər hətta söhbət hər hansı ekstremist və radikal ədəbiyyatların müsadirə olunmasından getsə belə, bu halda məhkəmə qərarı olmalıdır, yəni məsələ hüquq çərçivəsində həll edilməlidir. Əks təqdirdə bu hər hansı məmurların özbaşınalıqlarına gətirəcək”, - deyə o, bildirmişdir.