Onu müşayiət edən avtomobillərin sayı artırılıb, kortejdəki maşınların demək olar ki, hamısı böyük ölçülü “Ceep”lərlə əvəzlənib
Azərbaycan servisi/Aran Agentliyi
Son vaxtlar, daha dəqiq desək, prezident seçkisi ilə bağlı təbliğat-təşviqat prosesinə start veriləndən sonra ölkə başçısı İlham Əliyevin mühafizəsi xeyli gücləndirilib. Onu müşayiət edən avtomobillərin sayı artırılıb, kortejdəki maşınların demək olar ki, hamısı böyük ölçülü “Ceep”lərlə əvəzlənib.
Ən əsası isə odur ki, əgər əvvəllər ölkə başçısının keçdiyi yollarda avtomobillərin hərəkəti onun korteji gəlməzdən təxminən yarım saat əvvəl bağlanırdısa, indi bütün yollar təxminən saat yarım öncədən tam nəzarətə götürülür, yollarda hərəkət tam şəkildə dayandırılır. Hətta ölkə başçısı ötən həftə ölkənin şimal bölgəsinə səfər edərkən və paytaxta geri dönərkən Bakı-Sumqayıt yolunu təxminən iki saat əvvəldən tam bağlamışdılar. Yollardakı maşınları Xırdalan şəhərinə və bu yolun üzərində yerləşən digər qəsəbələrə döndərərək magistralı tam bir saat əvvəlcədən boş saxlamışdılar. Məsələ ondadır ki, Bakı-Sumqayıt yolunun Xırdalandan sonrakı hissəsi istifadəyə verilib və şosse ikitərəflidir. Əvvəllər ölkə başçısı şimal istiqamətinə gedərkən yalnız yolun bir hissəsi boşaldılırdı ki, yolda avtomobil sıxlığı olmasın, tıxac yaranmasın. İndi isə yolun hər iki tərəfində hərəkəti dayandırırlar. Analoji hal ötən gün Hövsan yolunda da müşahidə edilib.
Ölkə başçısının mühafizəsinin son dərəcə gücləndirilməsinin səbəbləri barədə danışdığımız bir ekspert söylədi ki, bir qayda olaraq seçki ərəfəsində bu kimi situasiyalar olur: “Dünyanın bir çox ölkələrində də bu praktikaya rast gəlinir. Adətən missioner qüvvələr məhz seçkilər ərəfəsində təxribatlar törətməyə meyllənirlər. Avqustun 17-də Əbu-Bəkr məscidinin, daha sonra isə Xətai rayonunda transformator məntəqəsinin partladılmasından sonra bütövlükdə ölkədə təhlükəsizlik tədbirlərinin gücləndirildiyi hiss olunur. Hər hansı təxribatdan yayınmaq üçün ölkə başçısının kortejinin qarşısında heç bir maneə olmamalıdır, yollarda avtomobillərin hərəkəti dayandırılmalıdır ki, prezidentin korteji işıqforda dayanmaq məcburiyyətində qalmasın. Amma biz müşahidə edirik ki, yolları əhəmiyyətsiz yerə xeyli öncədən bağlayırlar, bu da şəhərdə böyük tıxacların yaranmasına gətirib çıxarır. Hətta bəzən səriştəsizlik ucbatından ölkə başçısının getdiyi yollarda da tıxaclar meydana gəlir. Halbuki bu işi çox peşəkarcasına həyata keçirmək və sadə vətəndaşları narazı salmamaq lazımdır. Ölkə başçısının keçəcəyi yolu iki saat öncədən bağlamaq artıq təhlükəsizlik tədbiri sayıla bilməz və bu, haqlı narazılıqlar yaradır. Yerlərdəki məmurlar bunu bəzən özlərini gözə soxmaq və ya öz işlərini yüngülləşdirmək üçün edirlər”.