Tarix : 2008 Oct 04
Kod 7762

AZƏRBAYCAN HAKİMİYYƏTI MÜXALİFƏTİ DAĞIDIR

Hakimiyyət dairələri müxalifət partiyalarının parçalandığı və müxalifətçilərin iqtidarı dəstəklədikləri görüntüsünü yaratmaq üçün çalışır
Azərbaycan servisi/Aran Agentliyi
Hakimiyyətin tanınmış müxalifətçiləri ələ alıb demokratik düşərgəni zəiflətmək planının olduğu barədə hələ ötən il Müsavat başqanı İsa Qəmbər də toplantıların birində bildirmişdi. Artıq əminliklə söyləmək olar ki, plan tam gücü ilə işə salınıb. Bu planda əsas hədəflərdən biri (bəlkə də birincisi) AXCP-dir. Seçki kampaniyasına rəsmən start veriləndən bir neçə gün sonra AXCP-yə ilk zərbəni vurdular. Ali Məclisin sədri Qulamhüseyn Əlibəyli partiyadan istefa verib prezident seçkisinə qatıldı.
Bölgələrdə, hətta paytaxtda təşkilatı olmayan bir şəxsin cəmi 6 günə 44 min seçici imzası topladı. Əlibəylinin tələsik partiya yaratdığını elan etməsi də AXCP-dən və digər müxalifət partiyalarından qoparılanlar üçün gələcəkdə üz tutacaqları ünvanın yaradılmasıdır. AXCP-dən qoparılan şəxslərin haraya üz tutmalı olduqları nişan verildi. Təsadüfi deyil ki, AXCP-dən bəyanatla çıxan sabiq deputat Nizami Quliyev və Qobustan rayon təşkilatının sədri Qulamhüseyn Əlibəylinin yaratdığı partiyaya keçiblər.
Əldə etdiyimiz məlumatlara görə, Əli Kərimliyə daha bir sarsıdıcı zərbəni vurmaq üçün müavinlərinin istefasına nail olmaq üzərində iş gedir.
Əldə etdiyimiz xəbərlərdə deyilir ki, aparıcı müxalifət partiyalarının rəhbərliyində olan tanınmış şəxslərə istefa verib YAP-ın və ya hakimiyyəti dəstəkləyən partiyaların sıralarına qoşulacaqları halda 2010-cu ildə deputat mandatı ilə mükafatlandırılacaqları vəd edilir.
Hakimiyyətin parçalama planına Müsavat Partiyasının da daxil olduğu haqda son vaxtlar bir neçə dəfə xəbərlər yayılıb. Bir sıra tanınmış müsavatçıların seçkilər ərəfəsi bəyanat verib partiyadan çıxması və hakimiyyəti dəstəkləməsinə nail olmaq üçün iş aparılır. Hələlik ortada hər hansı bəyanat olmasa da, istisna edilmir ki, hakimiyyət bu planı həyata keçirməkdə israrlıdır.
Rəsul Quliyevin liderlik etdiyi Açıq Cəmiyyət Partiyasının başı üzərində də qara buludlar sıxlaşır. Bu yaxınlarda qatı rəsulçu kimi tanınan Solmaz Ələsgərova İlham Əliyevi dəstəkləmək barədə qərar vermiş Çingiz Dəmiroğlunun sədrlik etdiyi Tərəqqi Partiyasında siyasi fəaliyyətini davam etdirəcək. Bu isə o deməkdir ki, Rəsul Quliyevin keçmiş müşaviri də Çingiz Dəmiroğlu kimi İlham Əliyevin müdafiəsinə qoşulub.
Srağagün Ali Məclis sədrinin müavini də partiya üzvlüyündən istefa verib.
Bəzi ekspertlər müxalifət partiyalarından qopmaların sürətlənəcəyi və düşərgə üçün təhlükəli prosesə çevriləcəyi proqnozunu verirlər.
Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı isə belə düşünmür. A.Hacılının sözlərinə görə, müxalifət partiyalarından istefalar ölkədəki hazırkı siyasi durumda müəyyən gərginliyin, demokratik düşərgənin içindəki müəyyən kəsimdə olan inamsızlığın təzahürləridir. Hakimiyyət isə bu vəziyyətdən yararlanmaq üçün addımlar atır: “Hakimiyyət dairələri müxalifət partiyalarının parçalandığı və müxalifətçilərin iqtidarı dəstəklədikləri görüntüsünü yaratmaq üçün çalışır. Qopmaların geniş miqyaslı proses çevrilməsinə nail olmaq istəyirlər. Lakin mən bu prosesin geniş miqyas alacağı və müxalifətə böyük təhlükə yaradacağı qənaətində deyiləm. Düşünürəm ki, yaxın zamanlarda qeyd etdiyim gərginlik və inamsızlıq aradan qalxacaq. Eyni zamanda qopmalar dayanacaq”.
  • Yazılıb
  • da (də) 2008 Oct 04