Tarix : 2008 Oct 05
Kod 7785

NAXÇIVANDA ƏSGƏRLƏRİN HƏRBİ BİLETİ GİROV SAXLANIR

Ordudan təxris olunan şəxslər sənədlərini hərbi hissədə səs verəndən sonra ala biləcək
Azərbaycan servisi/Aran Agentliyi

Bəlli olduğu kimi, 18 yaşına çatmış və bu günədək hərbi xidmət keçməyən yaşı 35-dək olan şəxslərin ölkə başçısı İlham Əliyevin əmri ilə oktyabrın 1-dən həqiqi hərbi xidmətə çağırılmasına başlanılıb. Eyni zamanda bu tarixdən orduda müəyyən olunmuş müddətə qədər hərbi xidmət keçmiş şəxslərin təxris olunmasına start verilib.
Qanunla müəyyən olunmuş hərbi xidmətkeçmə dövrünü başa vurmuş əsgər və çavuşların ordudan təxris olunması prosesi Naxçıvan Muxtar Respublikasında fərqli şəkildə həyata keçirilir. Belə ki, bir qayda olaraq ordudan təxris olunan şəxslər evə buraxıldıqda onlar hərbi biletlərini təhvil alır. Amma Naxçıvandakı hərbi hissələrdə qulluq edən əsgərləri evə buraxmağa başlasalar da onların hərbi biletlərini özlərinə vermirlər.
Bu barədə qəzetimizə muxtar respublika sakinlərindən biri məlumat verdi. O, söylədi ki, ehtiyata buraxılan əsgər və çavuşlara yalnız ordudan təxris olunmaları barədə arayış verilir: “Əsgər və çavuşlara tapşırılıb ki, hərbi biletlərini almaq üçün oktyabrın 15-də qulluq etdikləri hərbi hissəyə qayıtmalıdırlar. Onlara ayın 15-də hərbi hissədə səs verəndən sonra hərbi biletlərini alacaqlarını deyiblər”.
Qaynağımız söylədi ki, bu qayda yalnız Naxçıvandan olan əsgərlərə aiddir: “Naxçıvanda qulluq edən digər rayon və şəhərlərdən olan əsgərləri isə ümumiyyətlə ordudan təxris etmirlər. Adətən Azərbaycanın digər bölgələrindən olan və Naxçıvanda qulluq edən əsgər və çavuşları ən çoxu ayın 10-dək evə buraxırlar. Bu il isə onları seçkiyə qədər orduda saxlayırlar ki, iqtidar namizədinin xeyrinə səs verdirsinlər”.

  • Yazılıb
  • da (də) 2008 Oct 05