Tarix : 2008 Oct 06
Kod 7800

Rəsmi Bakı Dağlıq Qarabağ münaqişəsinin həllində razılaşdırılmayan məsələləri açıqlayıb

Dağlıq Qarabağın və Laçın dəhlizinin statusu, sülhməramlı qüvvələrin yerləşdirilməsi kimi prinsipial məsələlərlə bağlı razılaşma əldə olunmayıb
Azərbaycan servisi/Aran Agentliyi
Rəsmi Bakı bəyan edib ki, Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı olan prinsipial məsələləri razılaşdırmaq hələ də mümkün olmayıb.
    «Dağlıq Qarabağın və Laçın dəhlizinin statusu, sülhməramlı qüvvələrin yerləşdirilməsi kimi prinsipial məsələlərlə bağlı razılaşma əldə olunmayıb». Bunu Azərbaycan Prezidentinin İcra Aparatının Beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov bildirib.
    O deyib ki, əsas məsələlərin bəziləri ilə bağlı tərəflərin razılığı olmadığı üçün, əvvəllər razılaşdırılmış maddələri də bu gün tam qəbul etmək mümkün deyil: «Belə bir bəyanatı Sergey Lavrov verdiyi üçün çox geniş əks-sədaya səbəb olub. Amma bu cür bəyanatları tərəflər əvvəllər də veriblər. O zaman da bu əks-sədaya səbəb olub. Məsələ ondadır ki, münaqişənin həlli mərhələ-mərəhələ mümkün olduğu üçün, həm tərəflər, həm də həmsədrlər asandan çətinə gedən bir yol keçirlər. Bu da təbiidir. Lakin əsas məsələlər razılaşdırılmayıb».
    Onun fikrincə, bir necə mühüm məsələ ilə bağlı razılaşma əldə olunmalıdır ki, əvvəllər razılaşdırılan maddələr də qüvvədə qalsın. Prezident Aparatının rəsmisi əlavə edib ki, hazırda mühüm məsələlərin razılaşdırılması üçün iş aparılır.
 
  • Yazılıb
  • da (də) 2008 Oct 06