Tarix : 2008 Oct 06
Kod 7808

400 HİCABLI QADIN MEHRİBAN ƏLİYEVAYA MÜRACİƏT ETDİLƏR

Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 48-ci maddəsinə əsasən, hər kəsin dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək hüququ vardır
Azərbaycan servisi/Aran Agentliyi
Azərbaycan Respublikasında Prezident seçkiləri ərəfəsində hicablı vətəndaşlar hələ də şəxsiyyət vəsiqələrini əldə edə bilmədiyindən, Heydər Əliyev Fondunun Prezidenti, millət vəkili, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri xanım Mehriban Əliyevaya müraciət yönəltmişlər. Müraciəti 400 hicablı vətəndaş imzalamışdır. Belə ki, artıq 10 ilə yaxındır ki, Azərbaycanda islam dininə mənsub olduğunu öz həyat tərzində birmənalı şəkildə ifadə edən 4000-ə yaxın xanım, baş örtüyündə olduqlarına görə, vətəndaşlığı təsdiq edən sənədi ala bilmir və ya yaşadıqları ünvan, ailə vəziyyəti, soyadı dəyişildikdən sonra şəxsiyyət vəsiqələrini təzələyə bilmirlər.
Bütün dünyada gender bərabərliyinin təmin olunması prosesləri getdiyi zaman, bizim ölkədə, təəsüflər olsun ki, qadınlar hələ də mədəni, sosial, siyasi həyatda layiqincə iştirak edə bilmir, hətta şəxsiyyət vəsiqələri olmadığına görə bu proseslərdən süni şəkildə tədric olunublar.

Qeyd etmək lazımdır ki, Azərbaycan qanunvericiliyi rəsmi sənədlərdə müsəlman qadınların baş örtüyündə fotoşəkil çəkdirilməsinə heç bir qadağa və ya maneə qoymur, əksinə bunun üçün hüquqi şərait yaradır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 48-ci maddəsinə əsasən, hər kəsin dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək hüququ vardır. Hicab (müsəlman xanımların baş örtüyü) islam əqidəsinin zahiri ifadəsi olduğuna görə, konstitusiya hüququnun müdafiə obyektləri sırasındadır. Belə ki, Allah Təalanın müsəlmanlara qoyduğu Qurani Kərimin Nur surəsinin 31-ci ayəsində buyurulub: “Mömin qadınlara de ki, ayıb yerlərini qorusunlar, örtülü saxlasınlar; öz-özlüyündə görünən əl və üz istisna olmaqla, zinətlərini (zinət yerləri olan baş, boyun, boğaz, qol, ayaq və s.) naməhrəmə göstərməsinlər, baş örtüklərini yaxaların üstünə çəksinlər”. Beləliklə, müsəlman qadınların baş örtüyündə olması onların məhz islam dininə münasibəti ilə bağlı əqidələrinin zahiri ifadəsidir. Azərbaycan Respublikası Konstitusiyasının 71.2-ci maddəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Konstitusiyada təsbit edilmiş hüquq və azadlıqlar təbii ki, qanunvericilik hakimiyyəti tərəfindən qəbul edilən qanunlar vasitəsilə təmin olunur.

Azərbaycan Respublikası Milli Məclisinin 1994-cü il 29 noyabr tarixli 928 saylı Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnaməsinin 6-cı bəndində müəyyən edilmişdir ki, 16 yaşına çatmış vətəndaş öz şəxsiyyət vəsiqəsi üçün bir neqativdən eyni ölçüdə çıxarılmış, sifətin papaqsız, gündəlik həyatda ona xas olan xarici görkəm və əlamətlərlə (eynək, saqqal, bığ və s.) yalnız öndən görünüşü təsvir edilmiş fotoşəkilləri ərizə və başqa sənədlərlə birlikdə müvafiq dövlət orqanına təqdim etməlidirlər. Beləliklə, qanunvericinin tələbi tam aydın şəkildə ifadə olunub və müsəlman xanımlarının gündəlik həyatda xarici görkəmlərində, yəni baş örtüyündə fotoşəkil çəkdirilməsində heç bir maneə olmadığını görürük. Lakin Bakı şəhər Baş Polis İdarəsinin Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi Şöbəsi heç bir normativ hüquqi-akta istinad etmədən şəxsiyyət vəsiqəsinin alınması üçün çəkdirilən fotoşəkilin başı açıq halda olmasını rəsmi surətdə qadınlardan tələb edir. Belə ki, yalnız Bakı Şəhər Baş Polis İdarəsinin internet səhifəsində yerləşən “Azərbaycan Respublikası ərazisində Azərbaycan vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınması, onların müvafiq şəxsiyyət və qeydiyyat vəsiqələri ilə təmin olunması və qeydiyyatdan çıxarılması qaydaları haqqında məlumat”da qeyd edilir ki, “fotoşəkil başı açıq şəkildə, gündəlik həyatda vətəndaşa xas olan xarici görkəm və əlamətlərlə” olmalıdır. Beləliklə, Bakı Şəhər Baş Polis İdarəsi qanunvericilik orqanının səlahiyyətini mənimsəməklə, qanunun tələbini dəyişmişdir.

“Başı açıq” ifadəsi özündə nəinki papaqsız, həmçinin baş örtüksüz, hicabsız, hətta onların məntiqi ilə saçı olmayan xəstə insanların pariksiz də çəkilməsini özündə əks etdirir. Əlbəttə, bu halda müsəlman qadınlarının gündəlik geyiminə aid edilən baş örtüyü (hicab) nəzərə alınmayır, bununla da vətəndaşların konstitusion hüquqları tapdalanır.
  • Yazılıb
  • da (də) 2008 Oct 06