Tarix : 2008 Oct 08
Kod 7862

ÖLDÜRÜLƏN PKK-çı QADINLAR AZƏRBAYCANLI ÇIXDI

qadınlar öldürülməmişdən iki gün öncə qanunsuz yolla İran ərazisindən Türkiyənin Hakkari bölgəsinə keçiblər
Türkiyə servisi/Aran Agentliyi
Dünən axşam Türkiyənin “Haber Türk” televiziyası sensasion məlumat yayıb. Məlumatda göstərilir ki, bir neçə gün öncə PKK terrorçularının hücumuna məruz qalan Aktütün jandarm məntəqəsinin yaxınlığındakı Güldərə kəndinin ərazisindən tapılan iki qadın meyiti 26 və 46 yaşlarındakı Azərbaycan vətəndaşlarına məxsusdur. Televiziya həmin qadınların adlarını açıqlamasa da, başqa təfsilat verib.
Həmin təfsilata görə, qadınlar öldürülməmişdən iki gün öncə qanunsuz yolla İran ərazisindən Türkiyənin Hakkari bölgəsinə keçiblər. Hakkari PKK terror hörgütünün güclü olduğu və qanlı terrorlar həyata keçirdiyi məntəqələrdən biridir. Xatırladaq ki, bir neçə gün öncə məhz həmin vilayətin Şəmdinli ilçəsində yerləşən Aktütün jandarm məntəqəsinə PKK-nın xain basqını baş verib və nəticədə 17 türk əsgəri şəhid olub. Silahlı atışmalarda isə 23 terrorçu məhv edilib. Türkiyə kütləvi informasiya vasitələri bildirir ki, öldürülən terrorçulardan 4-ü xarici ölkə vətəndaşıdır.
Hadisədən dərhal sonra Türkiyə Silahlı Qüvvələri hərbi aviasiyanın da dəstəyi ilə Hakkari bölgəsində və o cümlədən də Qüzey İraq ərazisində əməliyyatlara başlayıb. Əməliyyatlar nəticəsində terrorçuların gizləndiyi bir neçə mağara dağıdılıb. Təkcə dünən 25 terrorçu məhv edilib. Görünür, Azərbaycan vətəndaşı olan qadınlar da həmin əməliyyatlar nəticəsində öldürülüblər. Türkiyə Silahlı Qüvvələrinin antiterror əməliyyatları davam edir.
Bu məqamda qeyd edək ki, Azərbaycan ərazisində qeyri-leqal fəaliyyət göstərən bəzi PKK simpatizanı olan təşkilatlar və ayrı-ayrı şəxslər ölkənin kürd əhalisi arasında antitürk təbliğat aparırlar. Onlar gəncləri, o cümlədən də qadınları Şimali İraqa, Türkiyənin qərbindəki kürd məntəqələrinə, İranda yerləşən və fəaliyyət göstərən PKK-nın PEJAK adlı qollarından birinin sıralarına qatırlar. “Yeni Müsavat” olaraq bu barədə dəfələrlə yazmış, jurnalist maskası geymiş Tahir Süleyman kimi bir sıra üzdəniraq PKK simpatizanlarının əməllərindən və Azərbaycan vətəndaşları arasında antitürk təbliğatı aparmalarından, onları Həjar Əsgərovun tapşırığı ilə (PKK-nın MDB üzrə koordinatoru, məşhur Şamil Əsgərovun oğlu - red.) Krasnodara, Şimali İraqa, İran ərazisinə göndərmələrindən və orada təlim keçmələrindən bəhs etmişik. Təəssüf ki, bütün bunlara heç bir reaksiya olmayıb.
Xatırlayırsınızsa, bir müddət əvvəl “Yeni Müsavat” PKK-nın Qüzey İraqda və Türkiyənin qərbində dağıdılan bir neçə düşərgəsində Naxçıvanda istehsal olunan və məşhur PKK-çı, Talıbovların şəriki Emil Uçarın şirkətlərinin istehsalı olan ərzaq və geyimlər tapıldığını yazmışdı. Bununla əlaqədar Emil Uçarın həbs olunaraq, Naxçıvandan Bakıya gətirilməsi, MTN-də dindirilməsi, Vasif Talıbovun qardaşının da istintaqa cəlb edilməsi xəbərini də vermişdik.
İndi də iki qadın vətəndaşımızın Türkiyənin PKK-çıların oylağına çevrilmiş və Türk Silahlı Qüvvələrinin bombardmanlarına məruz qalan bölgəsində meyitləri tapılıb. Əlbəttə ki, olduqca ciddi fakt və diqqət tələb edən hadisədir.
Ümid edirik ki, heç olmasa bundan sonra Azərbaycanın xüsusi xidmət və hüquq-mühafizə orqanları ölkəmizdə PKK təbliğatı aparanlara, kürd kökənli gənclərimizi bu terror hörgütünə cəlb edənlərə diqqət ayıracaqlar. Eyni zamanda, həlak olan azərbaycanlı qadınların kimliyi və oralara necə getməsi faktları da araşdırılmalıdır.
 
  • Yazılıb
  • da (də) 2008 Oct 08