Tarix : 2008 Oct 09
Kod 7885

PKK-NIN TÖRƏTDİYİ TERROR AKTLARININ ARXASINDA DAYANAN QÜVVƏLƏRİN MƏQSƏDİ NƏDİR

Bu problem həm də beynəlxalq qüvvələrin Türkiyəyə qarşı qurduğu bir suiqəstdir
Türkiyə servisi/Aran Agentliyi
Qabil Hüseyinli: «Bu problem həm də beynəlxalq qüvvələrin Türkiyəyə qarşı qurduğu bir suiqəstdir. Ancaq bütün bunlara baxmayaraq, hökumətin də burada müəyyən məsuliyyət payı var»
Elşən Manafov: «Türkiyənin bölgədə artan nüfuzundan narahat olan qüvvələr mövcuddur və həmin qüvvələrin də ölkə hakimiyyətinin zəiflədilməsindən ötrü terrordan bir alət kimi istifadə olunmasında maraqlıdırlar»

Məlum olduğu kimi, bu günlərdə separatçı PKK terror təşkilatının üzüvləri Türkiyənin Hakkari vilayətindəki Şəmdinli qəsəbəsində yerləşən hərbi kazarmaya hücüm edərək 17 türk hərbiçisini öldürüblər. 2008-ci ilin 9 ayı ərzində bir neçə analoji terror aksiyası törədilərək onlarla türk hərbiçisi şəhid edilib. Son vaxtlar Türkiyənin regionda nümayiş etdirdiyi siyasi aktivlik bəzi beynəlxalq gücləri narahat edir. O üzdən bütün bunların arxasında terrordan bir vasitə kimi istifadə olunaraq, ölkədəki siyasi status-kvonun dəyişdirilməsindən ötrü hakimiyyət böhranı yaratmaq istəyən qüvvələrin cəhti kimi də dəyərləndirmək mümkündür.

Politoloq Qabil Hüseyinli PKK-nın törətdiyi terror aktlarının arxasında İraqdaki kürdlərin dayandığını deyir: «Problem ondan ibarətdir ki, İraqın şimalındaki kürdlər PKK-çıları silahla, pulla və sairlə təmin edirlər. Onlar da bu bəslənmədən faydalanaraq fürsət düşdükcə böyük sayda qətliamlar törədirlər. Belə aksiyaların arxasında birbaşa olaraq İraqın hazırki prezidenti, mənşəcə kürd olan Cəlal Tələbani dayanır. Düzdür, bu səpkili terror aktlarının mütəmadi hal alması mövcud Türkiyə hakimiyyətinin varlığına mənfi təsir göstərir. Ancaq mən hesab etmirəm ki, bu ölkədə hakimiyyət böhranına gətirib çıxarsın. Çünki PKK problemi bu günkü hakimiyyətin problemi deyil. 20 ildən çoxdur ki, xarici dövlətlərin dəstəyi ilə Türkiyədə sözügedən problem mövcuddur. Ona görə də bu məsələdə təkcə hökumətləri günahlandırmaq ədalətsizlik olardı. Bu problem həm də beynəlxalq qüvvələrin Türkiyəyə qarşı qurduğu bir suiqəstdir. Ancaq bütün bunlara baxmayaraq, hökumətin də burada müəyyən məsuliyyət payı var. Əgər hökumət qısa bir müddətdə effektli tədbir görməsə, dediyiniz kimi Türkiyədə hökumət böhranı yarana bilər».

Politoloq Elşən Manafov hesab edir ki, PKK-nın törətdiyi terror aktlarının arxasında müəyyən dövlətlərin maraqları dayanır: «Bu da daha çox Türkiyənin bölgədə oynadığı geosiyasi mövqedən irəli gəlir. Fikir verirsinizsə, məlum terror aktı Türkiyənin Cənubi Qafqazda yeni platforma ilə çıxış etdiyi vaxta təsadüf etdi. İş ondadır ki, Türkiyənin Cənubi Qafqazda fəallaşmaq və möykəmlənmək cəhtləri bəzi dövlətləri narahat edir. Digər tərəfdən nəzərə almaq lazımdır ki, Türkiyənin son vaxtlar Ermənistanla olan əlaqələrində müşahidə olunan istiləşmə meyilləri də burada rol oynaya bilər. Çünki nəticə etibari ilə bu ona gətirib çıxara bilər ki, Ermənistan ənənəvi siyasət kursunu dəyişərək Qərbə üz tuta bilər. Məhz sadaladığım bu faktorlara görə, Türkiyənin bölgədə artan nüfuzundan narahat olan qüvvələr mövcuddur və həmin qüvvələrin də ölkə hakimiyyətinin zəiflədilməsindən ötrü terrordan bir alət kimi istifadə olunmasında maraqlıdırlar. Bir maraqlı məqam da ondan ibarətdir ki, həmin terror aktı baş verən zaman Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Mərkəzi Asiya ölkələrinə səfərə çıxmışdı. Səfərdə də əsas məqsəd o idi ki, Türkmənistan qazının Cənubi Qafqaz vasitəsi ilə Türkiyədən Avropaya nəqli ilə bağlı danışıqları sürətləndirməyə nail olmaq. Bütün bunların fonunda düşünürəm ki, baş verən terror aktları Türkiyə dövlətinin zəiflədilməsinə hesablanıb».
 
  • Yazılıb
  • da (də) 2008 Oct 09