Dünyanı silkələyən maliyyə böhranı Azərbaycana da təsirsiz ötüşmür. Artıq sosial kreditlər və ipoteka kreditlərinin verilməsi müvəqqəti dayandırılıb
Azərbaycan servisi/Aran Agentliyi
Neft Sənayəsi üzrə İnformasiya və Resurs Mərkəzi ekspertlərinin fikrincə, bu qadağanın uzun müddət davam etməsi bankların müflisləşməsinə səbəb ola bilər. Söhbət bankların əhalidən qəbul etdiyi depozitlərin artıq hesablanmış faizlərini qaytarmaqda cətinliklərlə üzləşə biləcəyindən gedir. Kreditlərin dayandırılması avtomobil və daşınmaz əmlak bazarında fəallığın aşağı düşməsində də özünü göstərib.
ABŞ və Avropanı, Rusiyanı sarsıdan maliyyə böhranının Azərbaycan üçün təhlükəli ola biləcəyini hökumət rəsmiləri də səsləndirir. İqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov böhranın ölkəyə təsirsiz ötüşməyəcəyini deyib: «Bu, qlobal hadisədir. Hər hansı bir ölkənin böhrandan 100 faiz sığortalandığını demək düz olmaz. Azərbaycan qoruyucu və qabaqlayıcı tədbirlər görür».
İqtisadçı ekspert Rövşən Ağayev «Media forum»a açıqlamasında Azərbaycanın ciddi risk qarşısında olduğunu deyib. Onun sözlərinə görə, yerli bankların kreditlərin verilməsini dayandırması böhranın ilk təsirləridir: «Ən böyük təsir isə neft bazarı ilə bağlı olacaq. Neftin qiyməti ən pik həddə çatandan sonra artıq 90 dollardan da aşağı düşüb və son iki ayın qiymətləri ilə götürsək, Azərbaycan hər bareldə birdən-birə 60-65 dollar itirir. İndi müxtəlif institutlar neftin qiymətinin 40 dollara düşəcəyini proqnozlaşdırır. Bundan da aşağı qiymət mümkündür. 1970-ci illərin ortalarında neftin qiyməti 1,8 dollara qədər düşmüşdü. Neftin qiyməti aşağı düşdükcə isə Azərbaycanda çalışan xarici kompaniyalar hasilatı aşağı salmaq haqda düşünə bilərlər».
Ekspert deyir ki, Azərbaycan büdcəsinin ən azı 65 faizinin, ümumi daxili məhsulun 60 faizinin neft gəlirləri hesabına formalaşdığını nəzərə alanda itkilər çox böyük olacaq: «Ümumi daxili məhsul kəskin şəkildə aşağı düşəcək, xarici ticarət balansında azalma müşahidə olunacaq. Belədə strateji valyuta fondundakı vəsaitlə öyünməyə də dəymir, valyuta ehtiyatları ölkənin bir illik büdcəsi - təxminən 13,5 milyard dollar həddindədir. Çox ciddi təsir isə Azərbaycandan kapital axını ola bilər. Belə ki, böhran illərində kapital özünə daha əlverişli və sərfəli yer axtarır. Azərbaycan iqtisadiyyatında isə neft sektorundan başqa gəlirli sahə, demək olar, yoxdur. Azərbaycanın kredit ödəmə qabiliyyəti də aşağı düşəcək. Hələ ki, bunlar proqnozlar və gözlənilən risklər şəklindədir».
R.Ağayevin fikrincə, ölkədə reallaşdırılan iri və xırda həcmli layihələr də risk altındadır: «Bu layihələr böyük neft pullarının daxil olacağı ilə bağlı proqnozlar əsasında həyata keçirilməyə başlayıb. Neftin qiymətinin bu qədər aşağı düşdüyü halda bir çox layihələr yarımçıq qala bilər. Hökumət üzə vurmasa da, bu yöndə müəyyən narahatçılıqlar özünü göstərir».
Ekspert hesab edir ki, Azərbaycan üçün ən təhlükəli məqamlardan biri xarici banklarda saxlanan kapitalla bağlı ola bilər. «İflas dərinləşərsə və dünya dövlətləri öz maliyyə institutlarını xilas edə bilməzsə, təsəvvür edin bizi nə gözləyir. Azərbaycanın ehtiyatlarının əhəmiyyətli hissəsi xarici banklarda saxlanılır. Hətta bəzi ekspertlər belə banklarda yığılan vəsaitlərin sıfırlanması versiyasından danışırlar. Bu o qədər real görünməsə də, xeyli miqdarda itki ilə üzləşə bilərik».
Hökumətin yuxarı qatlarında isə optimizm var. «Azadlıq» radiosunun məlumatına görə, iqtisadi inkişaf naziri beynəlxalq iqtisadi böhranın Azərbaycana təsiri olmayacağını söyləyib: «Ölkənin neft və qaz ehtiyatları və maliyyə imkanları böhranın ölkəyə keçməsinin qarşısını alacaq».
Nazir Azərbaycan banklarının müxtəlif növlü kreditlərin verilməsinin dayandırması məsələsinə də toxunaraq bunu maliyyə böhranın bank sektoruna müəyyən təsiri kimi izah edib: «Ancaq bizim banklar belə şəraitdə işləməyə öyrəşib. Çünki bizim bankların heç vaxt ucuz mənbələri olmayıb və heç indi də yoxdur».
Nazir gələn il üçün ölkədə inflyasiyanın 12-14 faiz təşkil edəcəyini söyləyib: «Bu, İqtisadi İnkişaf Nazirliyinin proqnozlarıdır. Digər ölkələrlə müqayisədə inflyasiyanın səviyyəsi o qədər də yüksək deyil».
H.Babayev ümid etdiyini bildirib ki, dünya bazarında neftin qiyməti 80 dollardan aşağı düşməyəcək.