Tarix : 2008 Oct 10
Kod 7930

NAXÇIVANDA UN QITLIĞI FƏLAKƏT HALINA ÇATIB

Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbova və digər iri məmurlara məxsus on minlərlə hektar sahədən yığılan buğda hələ tam üyüdülməyib
Azərbaycan servisi/Aran Agentliyi
“Naxçıvanda dəhşətli un qıtlığı davam edir. Bunun da səbəbkarı Muxtar Respublikanın İqtisadi İnkişaf Nazirliyidir”. Bu barədə “Yeni Müsavat”a bölgədəki mənbəmiz xəbər verib. Mənbənin dediyinə görə, ən böhranlı vəziyyət Şərur, Culfa və Babək rayonlarında yaranıb. Bu rayonlardakı bütün dəyirmanlara göstəriş verilib ki, əhalinin təhvil verdiyi buğdanı üyütməsinlər. Bunun da səbəbi var. Söhbət ondan gedir ki, Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbova və digər iri məmurlara məxsus on minlərlə hektar sahədən yığılan buğda hələ tam üyüdülməyib. Bundan başqa Talıbovun göstərişi ilə Qazaxıstan və Türkiyədən min tonlarla buğda alınıb.

Hazırda dəyirmanlar həmin məhsulu üyüdür. Ona görə də, camaatın buğdası yerdə qalıb. İş o yerə çatıb ki, sıravi vətəndaşların dəyirmana təhvil verdikləri buğdanı boşaltdırırlar". (Qeyd edək ki, zamanında bu barədə yazmışıq).
Mənbə bildirir ki, Şərur rayon Zeyvə kənd sakini İnşallah Vəliyevə isə əsl məşəqqət yaşadırlar. Onun min əziyyətlə yığdığı 15 tona yaxın buğdanı dəyirmandan çölə atdırıblar. “İnşallahın yığdığı buğdanı siçan yeyir. O boyda məhsul batıb gedir. Dünən bizə bildirdi ki, bazar ertəsinədək onun buğdası üyüdülməsə, məhsulu yığıb Şərur rayon icra hakimiyyətinin binası qarşısındakı meydana səpələyəcək”.
Rayonun Mahmudkənd sakini Əsrafil Musayevin gününü isə İqtisadi İnkişaf Nazirliyinin nümayəndəsi Ramin Kərimov qara edib. “Aqrolizinq”dən kredit götürüb buğda əkən Əsrafil yığdığı məhsulu “Arpaçay” MMC-nin dəyirmanına təhvil verib. “Amma Ramin Kərimov dəyirmana gələrək buğdanı çölə tökdürüb. Hazırda Əsrafilin məhsulu yağışın altında batıb gedir. İndi onu ən çox narahat edən ”Aqrolizinq"ə olan borcu necə qaytarmasıdır", - deyə mənbə bildirib. Xəbər verilir ki, başlarına gətirilən bu müsibətdən sonra Şərur kəndliləri payız əkininə başlamaq fikrində deyillər.

YAP-çı OLMAYAN KOMİSSİYA ÜZVLƏRİNƏ VƏSİQƏ VƏ MAAŞ VERİLMİR
“Seçkiyə 5 gün qalmasına baxmayaraq, iqtidar nümayəndəsinin təmsilçilərindən başqa digər namizədlərin seçki komissiyasındakı nümayəndələrinin heç birinə nə vəsiqə, nə də maaş verilməyib”. Bu barədə də bölgədəki mənbəmiz xəbər verib. Mənbənin dediyinə görə, Naxçıvan MR Mərkəzi Seçki Komissiyasına bu barədə dəfələrlə müraciət edilsə də, heç bir xeyri olmayıb. “İndi söz-söhbət gəzir ki, ümumiyyətlə maaş verilməsin. Digər prezidentliyə namizədlərin seçkiyədək əmək haqları verilməyəcəyi təqdirdə onlar 15 oktyabrda dairə və məntəqələrə getməyəcəklərini deyirlər”.

DSK SƏDRİ FƏRARİDİR?
Şərur rayonunda prezidentliyə namizədləri ən çox narahat edən bir məqam isə 1 saylı DSK-nın sədri Asəf Musayevlə bağlıdır. Mənbənin dediyinə görə, 1978-ci il təvəllüdlü Asəf Musayevin keçmişi qaranlıqdır. “O, hərbi xidmətə getməkdən yayınıb fərarilik edib. Bundan başqa adı bir neçə oğurluq hallarında çəkilir. Prezident seçkisi kimi məsuliyyəti bir kampaniyada Asəf Musayevin DSK sədri təyin edilməsi şərurluları bərk narahat edir”, - deyə mənbə bildirir.
  • Yazılıb
  • da (də) 2008 Oct 10