Tarix : 2008 Oct 12
Kod 7975

TƏLƏBƏLƏRƏ BAKIDAN ÇIXMAMAQ QADAĞASI

Rayonlardan olan tələbələrə oktyabrın 15-də paytaxtda səs vermək tapşırılıb
Azərbaycan servisi/Aran Agentliyi

İki gündən sonra Azərbaycanda prezident seçkisi keçiriləcək. Amma hələ də ölkədə seçki əhval-ruhiyyəsi hiss olunmur, vətəndaşların seçkiyə marağı azdır. Seçki günü məntəqələrə çox az sayda seçicinin gedəcəyi gözlənilir. Bunu hakimiyyət də bilir və odur ki, inzibati üsullarla ən azı büdcə təşkilatlarında çalışanların seçkidə iştirakına nail olmağa çalışır. Artıq bununla bağlı büdcə təşkilatlarında işləyənlərə birmənalı şəkildə xəbərdarlıq olunub.

Hakimiyyətin seçkiyə cəlb etmək istədiyi digər təbəqə isə tələbələrdir. Dünən redaksiyamıza zəng vuran bir qrup tələbə bununla bağlı bəzi məlumatlar verdi. Gəncə şəhərində qeydiyyatda olan tələbə bildirdi ki, təhsil aldığı İqtisad Universitetinin rəhbərliyi onu qeydiyyatdan çıxma vəsiqəsini gətirməyə məcbur edir: “Dekan dəfələrlə qrupumuza tapşırıq verib ki, qeydiyyatdan çıxma vəsiqəsini mütləq gətirməlisiniz. Qrupumuzdakı tələbələrin 8-i müxtəlif rayonlardandır. Biz bildirdik ki, gedib öz rayonumuzda səs vermək istəyirik. Amma bizi məcbur edirlər ki, qeydiyyatdan çıxma vəsiqəsi gətirin və burada səs verin. Bu cür qaydalar tətbiq etməklə bizim hüquqlarımızı tapdalayırlar. Kimsə seçkiyə getmək istəmirsə, onu heç kəs məcbur edə bilməz. Bu, qanun pozuntusudur”.

Redaksiyamıza müraciət edən digər tələbə isə Azərbaycan Beynəlxalq Universitetində oxuduğunu dedi: “Adımı deyə bilmirəm. Bunun səbəbini təbii ki, bilirsiniz. Universitet rəhbərliyi rayonlardan olan tələbələrə seçki günü paytaxtı tərk etməmək tapşırığı verib. Bizi heç kəs məcburi şəkildə səsverməyə cəlb edə bilməz. Bunu etməklə tələbələrin hüquqlarını tapdalayırlar”.
Qeyd edək ki, “Azadlıq” qəzetinin ötən sayında Bakı Dövlət Universitetində də tələbələrin eyni problemlə üzləşdikləri qeyd olunub. Rayondan olan tələbələrə tapşırılıb ki, onlar yalnız BDU-da yaradılan məntəqədə səs verməlidir.

  • Yazılıb
  • da (də) 2008 Oct 12