Tarix : 2008 Oct 12
Kod 7978

ÇEÇENİSTANDA GÜCLÜ ZƏLZƏLƏ BAŞ VERİB

Dünən gecə baş vermiş yeraltı təkanlar nəticəsində onlarla tikinti yerlə yeksan olub
Rusiya servisi/Aran Agentliyi

Moskva vaxtilə saat 23.50 radələrində Çeçenistanda güclü zəlzələ baş verib. «İnterfaks» informasiya agentliyinin yaydığı məlumata əsasən, baş vermiş təbii fəlakət nəticəsində 13 nəfər ölüb, onlardan 5-i azyaşlı uşaqdır. Çeçenistanın səhiyyə naziri Şəhid Əhmədov bildirib ki, müxtəlif dərəcəli bədən xəsarəti almış şəxslərdən 30 nəfərinin vəziyyəti olduqca ağırdır, bu səbəbdən də təbii fəlakət qurbanlarının sayının artacağı istisna deyil.Əhmdov bildirib ki, zəlzələ nəticəsində dağılan Kurçaloy şəhər xəstəxanasının həyətində çadırlar qurulub və yaralılar orada qəbul edilir. «Xəstəxananın binası dağılıb, doğum şöbəsi isə yerlə yeksan olub», - deyən səhiyyə naziri qeyd edib ki, rəsmən 105 nəfər yaralı var. Rusiya Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumatda isə bildirilir ki, gecə saatlarında göyərtəsində 34 xilaskar və «Tsentropas» kinoloji şöbəsinin xüsusi öyrədilmiş itlərinin olduğu İl-76 təyyarəsi Kurçaloya yola düşüb. Səhər saatlarında təyyarə Çeçenistana, müxtəlif təbii fəlakətlər zamanı fərqlənmiş beynəlxalq təcrübəli xilaskar qrupunu çatdırıb. Hazırda onlar dağıntılar altında qalan insanların axtarışlarına cəlb edilib.

Elə gecə saatlarındaca Rusiya prezidenti Dmitri Medvedev Fövqəladə Hallar naziri Sergey Şoyqu ilə telefonla danışıb. Dövlət başçısı, Çeçenistanda təbii fəlakətdən zərar çəkmiş ailələrə hərtərəfli yardımın göstərilməsinə dair tapşırıqlarını verib.
Çeçenistan prezidenti Ramzan Kadırov isə bəyan edib ki, baş vermiş hadisəyə baxmayaraq, ölkədə parlament seçkiləri vaxtlı-vaxtında, təyin olduğunu tarixdə keçiriləcək. «Zərər çəkmiş insanlardan heç birinin diqqətsiz qalmaması üçün əlimizdən gələni edirik. Biz dağılmış evləri təmir etməliyik, çətinlikdə qalan soydaşlarımıza hərtərəfli yardım göstərməliyik. Təəssüf ki, biz bundan da ağır və çətin vaxtlar görmüşük». Çeçenistan prezidenti R.Kadırov belə deyib.
Rusiyanın «Novosti» informasiya agentliyinin məlumatında isə bildirilir ki, Çeçenistan Respublikasında baş vermiş zəlzələ nəticəsində çoxlu dağıntı var. Ən çox Kurçaloy rayonu zərər çəkib. Bu rayonun Boçi-Yurt, Mayrtup, Kurçalov şəhərlərində çoxlu sayda dağıntı var, Şali rayonunda isə əsas xəstəxana dağıntıya məruz qalıb. Çeçenistanın səhiyyə naziri Şəhid Əhmədov bildirib ki, şəhər xəstəxanasının terapevtik, ginekoloji, pediatriya şöbələri yerlə yeksan olub. Kurçaloy rayonunun Mayrtup şəhərində isə yaşayış evlərinin 90% dağılıb. Yolların hamısı yararsız hala düşüb ki, bu da xilaskarların və yardım briqadalarının əraziyə gedişini çətinləşdirir. Şalidə isə Respublika Mərkəzi Bankının binası qismən dağılıb.
Çeçenistan prezidenti Ramzan Kadırov Qroznı, Qudermes və Arqun şəhər icra hakimiyyətlərinin başçılarına tapşırıq verib ki, tez bir zamanda onlar, təbii fəlakət nəticəsində evsiz-eşiksiz qalmış insanların müvəqqəti yaşayış yerlərilə təmin edilməsinə dair tədbirlər görsünlər. R.Kadırov habelə ölkə əhalisinə müraciət edərək, onları bu gün keçiriləcək parlament seçkilərində iştirak etməyə çağırıb.

  • Yazılıb
  • da (də) 2008 Oct 12