Srağagün axşamdan yağan yağışlar Bakını yenidən sel sularına qərq etdi. Demək olar ki, ötən gün paytaxtın əksər küçələrini su basdığı üçün avtomobillərin hərəkətində ciddi problemlər yaranıb
Azərbaycan servisi/Aran Agentliyi
Srağagün axşamdan yağan yağışlar Bakını yenidən sel sularına qərq etdi. Demək olar ki, ötən gün paytaxtın əksər küçələrini su basdığı üçün avtomobillərin hərəkətində ciddi problemlər yaranıb. Qara Qarayev, Nobel, Heydər Əliyev prospektlərində və digər küçələrdə yaranmış gölməçələr uzun avtomobil tıxaclarına səbəb olub. Bundan əlavə, sel suları paytaxtın bir çox yaşayış massivlərini də basıb. Ən dözülməz vəziyyət Böyükşor, Keşlə və Alatava qəsəbələrində qeydə alınıb. Kanalizasiya sisteminin işləməməsi üzündən burada çirkab sular ətrafı başına götürüb.
Gün boyu işığın və qazın olmaması adıçəkilən qəsəbələrin sakinlərinin vəziyyətini daha da ağırlaşdırıb. Sakinlərin sözlərinə görə, Keşlə və Böyükşor qəsəbələrində bir çox evlər çirkab suları altında qalıb.
Binəqədi rayonunda da vəziyyət ürəkaçan olmayıb. Dünən burada apardığımız müşahidələr zamanı aydın oldu ki, yağış sularından ən çox əziyyət çəkənlər Dərnəgül qəsəbəsində məskunlaşmış köçkünlər olub. Belə ki, qəsəbədəki yataqxanaların dam örtüyü vaxtında təmir edilmədiyindən beşinci mərtəbədə yaşayan ailələrin əksəriyyəti gecəni su içində keçirib. Bu da azmış kimi gün boyu köçkünlərə işıq verilməyib.
Mütəxəssislər isə paytaxt yolunun belə acınacaqlı vəziyyətə düşməsini imkanlı məmurların Bakıda aparmaq istədiyi eksperimentlərlə əlaqələndirir. Onların fikrincə, 2002-ci ildə Bakı meri Hacıbala Abutalıbov paytaxt küçələrini təmir edərkən küçə boyu salınmış suötürücü kollektorları məhv edib: “Merin bu ”yenidənqurması" şəhər təsərrüfatında ciddi problemlər yaratdı. Bununla da sel sularının kanalizasiyalara axıdılmasının qarşısı alındı və yağış suları birbaşa yaşayış məhəllələrinə və yola axmağa başladı. Merin bu “kəşfi” yağışlı havalarda avtomobillərin və insanların küçələrdə hərəkətinə mane olmaqla yanaşı asfalt yolların da tez-tez sıradan çıxmasına səbəb olub".
Yeri gəlmişkən, bu günlərdə baş nazirin müavini Abid Şərifov mətbuata verdiyi açıqlamasında Bakının qışa hazır olduğunu demişdi. Onun sözlərinə görə, bu qış Bakı əhalisinin işıq və mavi yanacaqla təmin edilməsi baxımından heç bir problem olmayacaq. Amma ötən gün yağan yağış dövlət rəsmisinin dediklərinin yalan olduğunu bir daha üzə çıxardı. Baş verənlər göstərir ki, hökumət bu il də paytaxtın qışa hazırlığı ilə bağlı əsaslı iş görməyib, sadəcə olaraq seçkiöncəsi dövrdə əhaliyə şirin vədlər verməklə məşğul olub. Həmişə olduğu kimi...