Tarix : 2008 Oct 13
Kod 8004

NAZİRLƏRİN XARİCİ BANKLARDAKI PULLARI BATIR

ölkənin bir sıra yüksək vəzifəli məmurlarının Avropanın offşor banklarında böyük məbləğdə pulları batıb
Azərbaycan servisi/Aran Agentliyi
Kəmaləddin Heydərov, Ziya Məmmədov və Heydər Babayevin böyük məbləğdə ziyana düşməsi xəbəri yayıldı.

Dərinləşməkdə olan qlobal maliyyə böhranı Azərbaycan məmurlarını da “silkələməyə” başlayıb. Belə ki, bank çevrələrindəki mənbələrdən redaksiyamıza daxil olan məlumatlara görə, ölkənin bir sıra yüksək vəzifəli məmurlarının Avropanın offşor banklarında böyük məbləğdə pulları batıb. Bəzi məmurlar isə Rusiyada daha kəskin xarakter alan maliyyə böhranı səbəbindən iri məbləğlər itiriblər.
Mənbənin dediyinə görə, pulları batanlar arasında Azərbaycan iqtisadiyyatına nəzarət edən oliqarxların əksəriyyəti, o cümlədən fövqəladə hallar naziri Kəmaləddin Heydərov, iqtisadi inkişaf naziri Heydər Babayev, nəqliyyat naziri Ziya Məmmədov, habelə xeyli orta səviyyəli məmurlar var. Onlar bu böhrandan müxtəlif formalarda fərqli məbləğlər itiriblər. Bəzilərinin Avropa və Amerikanın fond birjalarında qiymətli kağızlara yatırılmış kapitalı indekslərin davamlı olaraq enməsi nəticəsində “əriyib”, digərlərinin Avropa ölkələrindəki offşor banklarında saxladıqları pullar bu bankların müflis olması nəticəsində batıb, bir çox məmurların pullarını saxladıqları banklar isə batmaq təhlükəsi ilə üzləşib.
Mənbə bildirir ki, azərbaycanlı oliqarxların böhrandan nə qədər itirdiyini müəyyən etmək çətindir, bunu heç onların özləri də hesablamaq qabiliyyətində deyillər. Lakin güman olunur ki, söhbət milyardlarla dollardan gedir. Azərbaycanlı oliqarxların ötən həftə bütünlüklə müflis olan İslandiyanın offşor banklarında da pullarının olduğu bildirilir. Böhran bu ölkəni qəfil haqladığından onlar pullarını çıxarmağa imkan tapmayıblar. Digər tərəfdən, hazırda Azərbaycanda seçki ərəfəsi olduğu və hər məmur öz sahəsi üzrə bu işə cəlb edildiyi üçün onların pullarla məşğul olmağa vaxtı olmayıb.
Məlumata görə, Qərb ölkələrinin mümkün maliyyə sanksiyaları ilə üzləşməmək üçün bəzi yüksək səlahiyyətli məmurlar öz pullarını hələ bir neçə il əvvəldən Rusiyaya transfer edərək “LUKoil”, “NorNikel”, “RosAl” kimi iri, gəlirli şirkətlərin səhmlərinə yatırmışdılar. Lakin Rusiyada maliyyə böhranı daha ağır keçdiyinə görə oliqarxların bu ölkədə qiymətli kağızlara yatırdıqları pullar da dəyərdən düşüb. Qeyd edilir ki, artıq pullu məmurların əksəriyyəti böyük təlaş içindədir və nə qədər sürəcəyi məlum olmayan böhrandan necə çıxmağın yollarını tapmaqda çətinlik çəkirlər. Çünki indiyədək onların ən etibarlı hesab etdikləri banklar da batır, yaxud batmaq təhlükəsi qarşısındadır.
Əlbəttə, offşor banklarda pulları anonim hesablarda saxlamaq mümkün idi, lakin böhran şəraitində həmin pulları çıxarıb dövlət nəzarətinə keçən banklara yerləşdirmək də riskli işdir. Ekspertlərə görə, Azərbaycan kimi korrupsiyanın geniş yayıldığı, siyasi və iqtisadi qeyri-sabitliyin hökm sürdüyü ölkələrdə pullu şəxslər öz kapitallarını bir qayda olaraq offşor banklarda saxlamağa üstünlük verirlər. Çünki belə banklarda pul saxlamağın üstünlükləri var. Xüsusən Avropanın bəzi offşor bankları fiziki şəxslərə anonim və ya rəqəm kodlu bank hesabları açmağa imkan verir. Offşor bankları həmçinin əksər hallarda digər strukturlarla, offşor şirkətlər və investisiya fondları ilə əlaqəli olur. Bu isə bankın yerləşdiyi ölkələrdə yaşamayan fiziki şəxslər üçün aktivlərin mühafizəsi və idarə edilməsi üçün sərfəli şərait yaradır.
Bəllidir ki, azərbaycanlı oliqarxlar öz pullarını bir neçə istiqamətdə yönəldirdilər. İndiyədək belələri daha çox kapitalın bir hissəsini ölkə iqtisadiyyatına yönəltməyə, digər hissəsini Bakıda və Azərbaycanın başqa yerlərində, habelə bir sıra xarici ölkələrdə daşınmaz əmlak almağa, qalan hissəsini isə xarici banklarda və qiymətli kağızlarda saxlamağa üstünlük veriblər. Məlumatlara görə, oliqarxların xarici banklardakı pullarını idarə edən menecerlərdən hər gün onlara həyəcanlı siqnallar gəlir; belə ki, ən bacarıqlı menecer belə indiki şəraitdə pulları ziyana düşmədən idarə edə bilmir.
Xatırladaq ki, Qərb mətbuatı rusiyalı oliqarxların da böhrandan böyük zərərə düşdüyü haqda yazmışdı. Bildirilir ki, Rusiyanın ən varlı şəxslərinin qlobal böhrandan itirdiyi ümumi məbləğ 250 milyard dollara çatır.
 
  • Yazılıb
  • da (də) 2008 Oct 13