Tarix : 2008 Oct 14
Kod 8045

Bu gün Azərbaycanda prezident seçkisi keçirilir

MƏRKƏZİ SEÇKİ KOMİSSİYASI SEÇKİNİN İLKİN NƏTİCƏLƏRİNİ SEÇKİ GÜNÜ AXŞAM AÇIQLAYACAQ
Azərbaycan servisi/ARAN AGENTLİYİ
Bu gün Azərbaycanda növbəti prezident seçkisi keçirilir. Bu, Azərbaycanin müstəqillik qazandığı 1991-ci ildən bu yana keçirilən altıncı prezident seçkisidir. Xatırladaq ki, bundan öncə 1991, 1992, 1993, 1998 və 2003-cü illərdə Azərbaycanda prezident seçkiləri keçirilib. Müstəqil Azərbaycanın ilk prezidenti Ayaz Mütəllibov olub. 1993-cü ildən bu yana isə ölkədə Yeni Azərbaycan Partiyası hakimiyyətdədir.

   Qeyd edək ki, builki seçkilər əvvəlkindən bir çox cəhətləri ilə fərqlənir. Prezident seçkisi ərəfəsi Seçki Məcəlləsinə edilən əlavə və dəyişikliklər nəticəsində seçki müddəti 120 gündən 75 günə, təbliğat kampaniyası isə 60 gündən 28 günə endirilib. Dəyişikliklərin beynəlxalq qurumlar tərəfindən də təqdir edilməsinə baxmayaraq, bu və digər səbəblərə görə, bir sıra müxalifət partiyası seçkidə iştirakdan imtina edib.

   Qeyd edək ki, prezident seçkisi günü Mərkəzi Seçki Komissiyasının (MSK) bu il iyulun 28-də keçirilən iclasında elan edilib. Seçkilərə rəsmi start isə MSK-nın qərarı dərc olunduğu gündən, yəni iyulun 29-dan verilib. İlkin mərhələdə 21 nəfər prezidentliyə öz namizədliyini irəli sürüb. Namizədlərin 10-u seçici imzaları toplamadan namizədliyini geri götürüb, 1 nəfər imza vərəqələrini boş, 1 nəfər isə müəyyən olunmuş vaxtdan gec qaytarıb. Tələb olunan 40 min imzanı toplayaraq müəyyən olunmuş müddət ərzində MSK-ya təqdim edən 9 nəfərdən 2-nin - Mais Güləliyev və Ağaevli Əli İsanın topladığı imzaların bir hissəsi etibarsız hesab edildiyindən onların namizədliyi qeydə alınmayıb. Beləliklə, bu gün prezidentlik uğrunda 7 nəfər mübarizəyə qatılıb. Bunlar Yeni Azərbaycan Partiyasının sədri, hazırkı dövlət başçısı İlham Əliyev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Ümid Partiyasının sədri İqbal Ağazadə, Böyük Quruluş Partiyasının sədri Fazil Qəzənfəroğlu, öz təşəbbüsü ilə namizədliyini irəli sürən Qulamhüseyn Əlibəyli, Azərbaycan Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev və Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevdir.

   Namizədlərin təbliğat-təşviqat kampaniyasına sentyabrın 17-də start verilib. Bütün seçki məntəqələrinin ərazisində təşviqat materiallarının yapışdırılması üçün MSK tərəfindən hazırlanmış xüsusi lövhələr quraşdırılıb. Bu lövhələrdən kənarda şəkil və plakatların yerləşdirilməsi isə yalnız bina, obyekt sahibinin icazəsi əsasında baş tutub. Həmçinin, kütləvi tədbirlər üçün də yerli icra hakimiyyətləri tərəfindən müvafiq yerlər ayrılıb. Namizədlər təşviqat üçün yalnız İctimai Televiziya və radionun imkanlarından istifadə ediblər. Onlara həftənin tək günləri İctimai Radioda, cüt günləri isə televiziyada dəyirmi masa formasında 8 dəqiqə 35 saniyə pulsuz efir vaxtı verilib.

   Təbliğat-təşviqat kampaniyası üçün hər bir namizədə dövlət büdcəsindən 28 min manat verilib. Bu, ötən seçkilərdə borclu qalan namizədlərə tam şəkildə şamil edilməyib. Ümumilikdə isə Azərbaycanda prezident seçkisinin keçirilməsi üçün dövlət büdcəsindən 23 milyon 500 min manat vəsait ayrılıb. Təbliğat-təşviqat kampaniyasına MSK-nın nəzdində yaradılmış mətbuat qrupu nəzarət edib. Prosesin gedişində ciddi qanun pozuntuları qeydə alınmayıb. 28 gün müddətində qrupa cəmi 4 müraciət daxil olub.

   Seçkilər elan olunduqdan dərhal sonra MSK, Xarici İşlər Nazirliyi və Milli Məclis seçkinin müşahidəsi ilə bağlı beynəlxalq təşkilatlara, xarici ölkələrin aidiyyatlı qurumlarına dəvət məktubları göndərib. Avropa Şurası, ATƏT, Avropa Birliyi, MDB, Avropa Parlamenti, GUAM müşahidəçiləri, eyni zamanda 60 ölkənin parlamentariləri seçkini izləyəcək. Beynəlxalq qurumların müşahidə missiyaları seçkidən bir müddət əvvəldən Azərbaycandadırlar və onlar seçki prosesin gedişi ilə bağlı ilkin rəylərini də açıqlayıblar. Həmin rəylərdə isə seçki mərhələləri ilə bağlı ciddi iradlar səslənməyib. Onu da qeyd edək ki, beynəlxalq təşkilatlar, eyni zamanda xarici KİV-lər seçkilərə böyük maraq göstərirlər. Qeydə alınmış müşahidəçi və KİV-lərin sayı bunu deməyə əsas verir. Adıçəkilən beynəlxalq təşkilatların Azərbaycanda ümumilikdə 1200-dən çox müşahidəçisi səsvermənin gedişini izləyəcək. ATƏT-in uzunmüddətli Müşahidə Missiyası ölkə üzrə 14 seçki qrupu yaradıb. Qruplar müəyyən olunmuş bölgələr üzrə ətraf rayonlarda yerləşən seçki dairələrində seçki prosesini izləyəcəklər. Seçkini izləmək üçün 30 xarici KİV-dən 92 jurnalist MSK-da qeydiyyatdan keçib.

   Onların arasında "Azadlıq" radiosu (ABŞ), "İmedi", "Rustavi-2" (Gürcüstan), "Əl-Cəzirə" (Qətər), TRT (Türkiyə), "Milli Rumuniya" (Rumıniya), CTB, NTV, "Mir" (Rusiya) televiziyaları, İRNA (İran), "İhlas", "Anadolu" (Türkiyə), "Associated Press", EPA (ABŞ), "Frans-Press" (Fransa), "Bloomberg-News" (Almaniya) informasiya agentlikləri, "Profil", "Vestnik XXI", "Rossiskaya qazeta" (Rusiya) və "El Pais" (İspaniya) qəzetləri də var.

   Ümumilikdə isə səsverməni izləmək üçün seçki komissiyalarında 48 min yerli müşahidəçi qeydiyyatdan keçib. Onların 2672-si MSK-da, qalanları isə Dairə Seçki komissiyalarında qeydə alınıb. MSK-da qeydiyyatdan keçən müşahidəçilər istənilən seçki dairəsində müşahidə aparmaq hüququna malikdirlər. MSK-dan müşahidəçilər üçün hər cür şərait yaradıldığını bildiriblər.

   Eyni zamanda cəzaçəkmə müəssisələrində, hərbi hissələrdə, səhiyyə ocaqlarında, gəmilərdə səsvermə məntəqələri yaradılıb. Xaricdə yaşayan soydaşlarımızın səsverməsi üçün də lazımi şərait təmin edilib.

   Onu da deyək ki, builki seçkidə şəffaflığın təmini üçün 500 seçki məntəqəsində veb-kameralar quraşdırılıb və onlar internetə qoşulub. Yəni dünyanın istənilən ölkəsində və Azərbaycanın istənilən nöqtəsində İnternet vasitəsi ilə həmin məntəqələrdə seçkilərin gedişini izləmək mümkün olacaq.

   Seçki günü daimi qeydiyyatda olduğu ərazidən kənarda olan seçicilər də səs vermək üçün şərait yaradılacaq. Artıq 62 mindən çox seçici qeydiyyatdan çıxma vəsiqəsi alıb. Bu vəsiqəsi alan seçicilər ölkənin istənilən seçki məntəqəsində əvvəlcədən müraciət etməklə səs verə bilər.

   Bu seçkilərin bir fərqli cəhəti də "exit-poll"u xarici yox, yerli təşkilatlar tərəfindən keçirilməsidir. Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) "ELS" Müstəqil Araşdırmalar Mərkəzi ilə birgə 118 seçki dairəsini əhatə edən 800 seçki məntəqəsində, "Vətəndaş Cəmiyyəti Uğrunda" Müstəqil Məsləhət və Yardım Mərkəzi (VCU) 57 seçki dairəsini əhatə edən 488 seçki məntəqədə, "RƏY" Monitorinq Mərkəzi isə 64 seçki dairəsini əhatə edən 500 seçki məntəqəsində "exit-poll" keçirəcək.

   Nəhayət, bu gün, Azərbaycanda qeyri-iş günüdür. Səsvermə iş gününə - çərşənbəyə təsadüf etdiyindən, Seçki Məcəlləsinin 8.2-ci maddəsinə uyğun olaraq, səsvermə günü seçki keçirilən ərazidə iş günü hesab edilmir.

   Onu da xatırladaq ki, səsvermə səhər saat 8.00-da başlayacaq, axşam 19.00-da isə seçki məntəqələri bağlanacaq. MSK gün ərzində seçkinin gedişi ilə bağlı beş dəfə ictimaiyyəti məlumatlandıracaq. Seçkinin ilkin nəticələri də MSK tərəfindən elə seçki günü axşam açıqlanacaq. Beynəlxalq təşkilatların müşahidə missiyaları isə bir gün sonra ilkin rəylərini bildirəcəklər. Bir neçə həftədən sonra isə xarici təşkilatların yekun hesabatı yayımlanacaq.
 
  • Yazılıb
  • da (də) 2008 Oct 14