Azərbaycan servisi/Aran Agentliyi
Son 1 ildə Azərbaycanda qiymtələr 28 faiz artıb. Ölkədə alternativ inflyasiyanı hesablayan iqtisadi tədqiqatlar mərkəzinin məlumatına görə, il ərzində ən çox bahalaşma 38 faizlə ərzaq mallarında qeydə alınıb. Bu müddətdə qeyri-ərzaq malları 21, xidmətlər isə 14 faiz bahalaşıb. Qiymət artımı ilin əvvəlindən 17 faiz, sentyabrda isə 0,6 faiz təşkil edib. Sentyabrda əvvəlki ayla müqayisədə ərzaq məhsullarından ən çox bahalaşanı 30 faizlə şaftalı olub. Bir ayda yerkökü 29, pomidor 21 faiz bahalaşıb. Sentyabrda yumurtanın qiymətində 8 və düyünün qiymətində 4 faiz bahalaşma qeydə alınıb. Xidmətlərə gəlincə, ay ərzində ən çox bahalaşan 14 faizlə repetitor xidmətləri olub. Bununla yanaşı soyuducu təmiri və təhsil haqları 3 faiz artıb.
Sentyabrda ərzaq məhsullarından ən çox ucuzlaşma 10 faizlə soğan və sarımsaqda qeydə alınıb. Bununla yanaşı alma və kələm 9, soğan və şəkər tozu 5 faiz ucuzlaşıb. Mərkəzin ekspertləri bildirir ki, ötən ay minimum istehlak səbətinin dəyəri əmək qabiliyyətli əhali üçün 109, uşaqlar 99 pensiyaçılar üçün 81 manat təşkil edib. Təşkilatın mütəxxəssisləri bildirir ki, son aylar ərzaq və qeyri-ərzaq mallarının qiymət artımı zəifləyəib və ilin axırına inflyasiya 25 faiz proqnozlaşdırılır. Hökumətsə ilin sonuna inflyasiyanı 20-22 faiz ətrafında proqnozlaşdırır. Nazirlər kabinetinin dünən keçirilən iclasında bildirilib ki, 9 ayda illik inflyasiya 21 faiz təşkil edib. Növbəti illərdə də inflyasiyanın azaldılması üçün tədbirlər görüləcəyi bildirilib.