Tarix : 2008 Oct 15
Kod 8057

KƏMALƏDDİN HEYDƏROV İŞ ADAMINI HƏBS ETDİRDİ

bir neçə gün əvvəl rayonun avarlar yaşayan kəndlərində Zaqatala və Balakənin Azərbaycandan ayrılaraq onların bazasında müstəqil respublika yaradılmasına çağıran vərəqələr paylanıb
Azərbaycan servisi/Aran Agentliyi
Zaqatalada separatçılıqda və milli zəmində ayrı-seçkilik salmaqda şübhəli bilinən iki nəfər həbs edilib. Bu barədə redaksiyamıza məlumat verən mənbə həbs edilən şəxslərdən birinin Zaqatalada nüfuzlu iş adamı kimi tanınan Hacıbəy Zaqatalski (İbrahimov) olduğunu bildirib. Bizi bilgiləndirən qaynağın sözlərinə görə, bir neçə gün əvvəl rayonun avarlar yaşayan kəndlərində Zaqatala və Balakənin Azərbaycandan ayrılaraq onların bazasında müstəqil respublika yaradılmasına çağıran vərəqələr paylanıb.
Əhaliyə ünvanlanan bu çağırış-müraciətlə yanaşı 16 səhifədən ibarət sənəd də yayılıb. Bundan sonra Milli Təhlükəsizlik Nazirliyinin yerli şöbəsi rayonda əməliyyat-axtarış tədbirləri həyata keçirib. Oktyabrın 13-də axşam isə Hacıbəy Zaqatalski və onun sürücüsü Nəbi Sulxayev həbs ediliblər.
Əldə etdiyimiz məlumatda deyilir ki, H.Zaqatalskinin rayon mərkəzindəki evində həmçinin Car kəndində yerləşən və iş adamına məxsus olan “Ləzzət” istirahət mərkəzində yoxlamalar aparılıb. Yoxlamalar zamanı iş adamının evindən əl qumbarasının tapıldığı deyilir. Əməliyyatçılar H.Zaqatalskiyə məxsus kompüterləri də müsadirə ediblər. Həmin kompüterlərdə avar kəndlərində yayılmış müraciətin və 16 səhifəlik sənədin elektron variantları aşkarlanıb.
Zaqataladakı digər mənbələrimiz isə bu həbslərlə bağlı fərqli bir versiya haqda məlumat verdi. Onlar H.Zaqatalskinin yüksək rütbəli məmurların sifarişi ilə həbs edildiyini deyir. Qaynağımızın iddiasına görə, fövqəladə hallar naziri Kəmaləddin Heydərovla ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov neçə illərdir H.Zaqatalskiyə məxsus “Ləzzət” istirahət mərkəzini ələ keçirmək istəyir. Lakin H.Zaqatalski nazirlərin təhdidlərinə baxmayaraq, istirahət mərkəzini onlara verməkdən imtina edib. “Rayon ərazisində separatçılığa çağırış vərəqələrinin paylanmasından yararlanan sözügedən nazirlər isə iş adamını şərləmək üçün əllərinə yaxşı girəvə düşdüyünü görərək onun həbsinə nail olub”, - deyə mənbəmiz bildirir.
Qaynağımızın deməsinə görə, o da ola bilər bu vərəqələrin özü də maraqlı qüvvələr tərəfindən məqsədyönlü şəkildə hazırlanaraq yayılıb ki, əllərində iş adamına qarşı tutarlı arqument olsun. Başqa sözlə, məmurlar çox həssas bir nöqtəyə vurmaqla əlində gəlirli obyekt olan “ipə-sapa yatmaz” iş adamına bu yolla tələ qurublar. Plan çox sadədir: iş adamının dövlətə qarşı çıxması görüntüsü yaradıb onun əmlakını asanlıqla mənimsəyirsən.
Qeyd edək ki, bu versiya daha ağlabatandır. H.Zaqatalski bir müddət öncə ölkə mətbuatına ardıcıl açıqlamalar verərək ona məxsus obyektlərin yüksək rütbəli məmurlar tərəfindən ələ keçirilməsinə cəhd göstərildiyini bildirirdi. Bu məzmundakı yazılar 2007-ci ilin yazında mətbuatda dəfələrlə dərc olunub.
Onu da bildirək ki, H.Zaqatalski 2005-ci il parlament seçkilərində deputatlığa namizəd olub. O, avar separatçılığında şübhəli bilinsə də, milliyyətcə Azərbaycan türküdür. H.Zaqatalskinin atası İsaq İbrahimov əslən Qazax rayonundandır. İsaq İbrahimov Zaqatalaya köçəndən sonra avar millətindən olan xanımla ailə həyatı qurub. Atası Azərbaycan türkü, anası avar olan H.Zaqatalski isə hər iki dildə mükəmməl danışır. Qeyd edək ki, H.Zaqatalski parlament seçkilərində avar kəndlərindən olduqca az səs almışdı. Bütün bunlar onun separatçılığı körükləmək niyyətinin olması barədə deyilənlərin tənqidə də dözməyən mülahizələr olduğunu göstərə bilər.
Onu da deyək ki, Zaqatalada milli zəmində ayrı-seçkilik salmaq istəkləri birdəfəlik iflasa uğrayıb və hamı bilir ki, bu işin perspektivi yoxdur. Xatırladaq ki, 2002-2003-cü illər ərzində Zaqatalada Hacı Maqomedovun rəhbərliyi altında separatçı silahlı dəstə fəaliyyət göstərib. Bu dəstə Zaqatala Rayon Polis Şöbəsinə, Daxili Qoşunların Zaqataladakı hərbi hissəsinə və polis postlarına silahlı basqınlar etmiş, bu zaman Daxili Qoşunların 1 zabiti və 10-a yaxın polis həlak olmuşdu. H.Maqomedov isə Sərhəd Qoşunlarının əsgərləri tərəfindən qətlə yetirilmiş, dəstənin onlarla üzvü həbs edilmişdi. Bir neçə ay öncə isə bölgədə “Zaqatala-Balakən Respublikası”nın gerbi yayılmışdı. Amma bunlar artıq köhnə məsələlərdir.
 
  • Yazılıb
  • da (də) 2008 Oct 15