Tarix : 2008 Oct 17
Kod 8081

İMAMLARDAN QALMIŞ MÜALİCƏ ÜSULLARI

Rəvayətlərə görə dörd müalicə üsulu vardır: 1)Qan almaq, 2)Dərman çəkmək, 3)Qusmaq, 4)İmalə etmək
Azərbaycan servisi/Aran Agentliyi

Rəvayətdə buyurulur ki, əgər bir şeydə şəfa olarsa, o da qan almaq üçün olan şüşədə və bal yeməkdədir. (Səfinətul-Bihar, 1-ci cild, səh.226) Nəql olunur ki, bir şəxs cümə günü İmam Museyi Kazim (ə)-ın öz bədənindən qan almasını görüb ərz etdi:-Canım sənə fəda olsun, cümə günü qan alırsan?

Həzrət «hər vaxt qanın çoxalarsa, istər gecə, istərsə də gündüz olsun fərqi yoxdur, Ayətəl-kürsünü oxuyub artıq qanını çək» - deyə söylədi. İmam Rza (ə) da bir çox hallarda gecə yarısı qan çoxluğunu görüb elə həmin vaxtda da bədənindən qan alırdı. (Məkarimul-əxlaq, 1-ci cild, səh.170) İmam Cəfər Sadiq (ə)-dan nəql olunur ki, Ramazan ayında gecə qan almaq daha yaxşıdır. (Məkarimul-əxlaq, 1-ci cild, səh.170, hədis 490)

Nəql olunmuşdur ki, ən yaxşı dərman imalə etməkdir. (Rovzeyi-kafi, səh.167, hədis 226) O, qarnı kökəldir, daxili dərdləri təmizləyib bədəni qüvvətli edir. (Xisal, 2-ci cild, səh.637). «Fiqhur-Rza» kitabında yazılmışdır ki, «Himye» (pəhriz saxlamaq) və çox yeməkdən çəkinmək bütün dərmanların başıdır. Mədə isə dərdlər məkanıdır. Hər hansı bir bədən üçün adət etdiyi şeylərdən istifadə et. (Müstədrək, 1-ci cild, səh.82, hədis 3) Həmçinin bədənin xəstəliyə qarşı dözümü varsa, dərman içməkdən çəkin. Hər vaxt ac oldun yemək ye və hər zaman susuzladın su iç.

Sidiyin gələndə ayaq yoluna get, zərurət olanda yaxınlıq et və yuxun gələn zaman yat. (Biharul-ənvar, 62-ci cild, səh.260) əgər bunlara riayət etsən, bədənin həmişə sağlam olar. Nəql olunmuşdur ki, bəzi vaxtlarda Allah-təala dərmanın bədənə təsir etməsinə mane olur. Müəyyən olunmuş vaxta qədər həmin xəstəlik qalır və bu müddət keçib gedəndən sonra dərmanın təsir etməsinə rüxsət verilir və bu dərmanla şəfa tapılmış olur. Lakin insan bu müddət keçməzdən əvvəl dua oxuyub sədəqə və ya bəzi xeyirxah işlər edərsə Allah-təala dərmana həmin müddətdən daha tez təsir imkanı yaradar. (Biharul-ənvar, 62-ci cild, səh.260) Başqa bir yerdə də buyurur ki, bal hər dərdə şəfadır. Əgər hər kəs ac qarına bir barmaq bal yeyərsə, onun sinəsinin bəlğəmini, bədəndə olan sodanı təmizləyər. Həmçinin əgər onu kündürlə yeyərsə, zehnini saflaşdırıb, hifzini möhkəmləndirər. (Biharul-ənvar, 62-ci cild, səh.261, hədis 7)

Soyuq su hərarəti və səfranı yatıraraq qidanı rahat həzm etməyə kömək edir. (Biharul-ənvar, 62-ci cild, səh.261, hədis 8) Həmçinin mədə yolunda olan ixtilatı təmizləyir və qızdırmanı aradan aparır.

Sədəqə vermək göyün bəlalarından və çətin hadisələrdən saxlayar, eləcə də, «xəstəliyi sədəqə, dua və soyuq su apardığı kimi heç bir şey aradan apara bilməz» deyə buyurulmuşdur. (Biharul-ənvar, 62-ci cild, səh.261, hədis 11) Və buyurulur ki, pəhriz etmək və ya bir şeydən çəkinməyin nəhayəti on dörd gündür. Həmçinin pəhriz heç nə yeməmək deyil, əksinə az miqdarda qidalanmaqdır. İnsan bədənində xəstəlik və sağlamlıq bir-birilə çəkişmə və qarşı durma vəziyyətindədirlər. Ona görə də hər vaxt sağlamlıq əldə olunarsa, xəstə də şüurlanar və həmçinin yeməyə qarşı onda iştaha yaranar. Elə buna görə də o, hər zaman yemək tələb edərsə, onun üçün bunu tez hazırlayın. Ola bilər ki, onun şəfası bunda olsun – deyə buyurulur. (Biharul-ənvar, 62-ci cild, səh.261, hədis 14) Və həmçinin buyurdu: «Bütün dərdlərin şəfası Qurandadır. Onun üçün də öz xəstələrinizə sədəqə verməklə müalicə edin, bir də onlar üçün Quranla şəfa istəyin. Quran şəfa etməyən kəsə heç bir şey kömək etməz. (Biharul-ənvər, 62-ci cild, səh.262, hədis 17-18) Rəvayətlərdən belə məlum olur ki, xəstələrinizi sədəqə ilə müalicə edin, çünki sədəqə böyük bəlaları dəf edir.

Nəql olunur ki, peyğəmbərlərdən biri xəstə olduqda belə dedi: «Mən özümü müalicə etmərəm. Gözləyirəm ki, bu dərdi mənə verən özü şəfamı versin». Allah-təaladan ona vəhy yetişdi ki, özünü müalicə etməyincə sənə şəfa vermərəm. (Məkarimul-əxlaq, 2-ci cild, səh.180).

  • Yazılıb
  • da (də) 2008 Oct 17