Tarix : 2008 Oct 17
Kod 8085

MİTİNQƏ YENƏ İCAZƏ VERİLMƏDİ

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Müxalifətin Əməkdaşlıq Mərkəzinin oktyabrın 18-də keçirmək istədiyi aksiya ilə bağlı müraciətə mənfi cavab verib
Azərbaycan servisi/Aran Agentliyi
Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Müxalifətin Əməkdaşlıq Mərkəzinin oktyabrın 18-də keçirmək istədiyi aksiya ilə bağlı müraciətə mənfi cavab verib. Aksiyanın keçirilib-keçirilməyəcəyi ilə bağlı “Yeni Müsavat”ın əməkdaşının sualına cavabında Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı bildirdi ki, qurum meriyanın cavabını müzakirə edərək son qərarını açıqlayacaq.
A.Hacılının sözlərinə görə, meriyanın rəsmi cavabını ayın 16-da alıblar: “İcra hakimiyyəti bizim təklif etdiyimiz 9 meydanda kütləvi aksiyanın keçirilməsini qeyri-mümkün hesab edir. Bunu bildirərkən heç bir əsas göstərmir və Bibiheybət stadionunda aksiya keçirməyi tövsiyə edir. Bu isə ”Sərbəst toplaşmaq azadlığı haqqında" qanuna tamamilə ziddir, çünki kütləvi aksiyanın yerinin, saatının, şüarlarının göstərilməsi kütləvi aksiya təşkilatçısına aid olan hüquqdur. Bakı Şəhər İcra Hakimiyyəti başçısının belə bir qərar vermək hüququ yoxdur".
A.Hacılı BŞİH-in müraciətin cavabının ləngitməsinin də qanun pozuntusu olduğunu bildirib: “Qanuna görə, meriya müraciətə cavabı nəzərdə tutulan tədbirin keçirilməsinə 3 gün qalmış verməli idi. 15 oktyabr ölkədə qeyri-iş günü olduğundan ən geci oktyabrın 14-də cavab açıqlanmalı idi”.
Xatırladaq ki, seçkini boykot edən beş müxalifət təşkilatının Müsavat, Xalq Cəbhəsi, Liberal, Vətəndaş və İnkişaf partiyaları və Azərbaycan Naminə İctimai Forumun birləşdiyi MƏM aksiyanın 9 meydandan birində keçirilməsinə razılıq verilməsini istəyirdi: “Azneft” meydanı, Əzizbəyov heykəlinin qarşısı, Teleteatrın binası qarşısındakı meydan, “Nərimanov” kinoteatrının qarşısındakı meydan, Cəfər Cabbarlı meydanı, Füzuli meydanı, Gənclik meydanı, Milli Elmlər Akademiyasının qarşısındakı meydan və Hüseyn Cavid bağı.
Qurumun sentyabrın 28-də həmin meydanların birində keçirmək istədiyi mitinq meriyanın rədd cavabı üzündən təxirə salınmışdı. BŞİH aksiyanın keçirilməsi üçün indiki kimi Azərbaycan Dövlət Neft Şirkətinin Bibiheybətdəki İdman-Sağlamlıq Mərkəzini (Bibiheybət stadionu) ayırmış, müxalifət isə ora getmək istəməmişdi.
  • Yazılıb
  • da (də) 2008 Oct 17