Nyu-Yorkdakı Medli” İqtisadi Məsləhətlər Mərkəzinin eksperti Kaan Nazli: “Bu, çox qəribədir, məncə, ortada başqa problemlər var
Azərbaycan servisi/Aran Agentliyi
Dünya bazarlarında qiymətlərin tədricən enməyə başladığı bir vaxtda Azərbaycan rəsmiləri ölkədə qiymət artımının son 1 ildə 21 faizi ötdüyünü bəyan ediblər. Dövlət Statistika Komitəsi 2008-ci ilin geridə qalan dövrü üçün inflyasiya göstəricilərini açıqlayıb. Xəbər verildiyi kimi, rəsmi dövlət qurumunun bahalaşmanın 21,3 faizə çatdığını göstərməsi həm yerli, həm də beynəlxalq ekspertlər səviyyəsində ciddi müzakirələrə səbəb olub.
Hökumətin elan etdiyi rəqəmlərə görə, ötən ilin sentyabr ayı ilə müqayisədə ölkədə ərzaq 30, qeyri-ərzaq məhsulları 11,3, xidmətlər isə 11,5 faiz bahalaşıb. Ölkədə alternativ inflyasiyanı hesablayan İqtisadi Tədqiqatlar Mərkəzinin həftənin əvvəlində açıqladığı məlumata görə isə son 1 ildə Azərbaycanda qiymətlər 28,34 faiz artıb. Təşkilatın mütəxəssisləri bildirir ki, ilin axırına inflyasiyanın 25 faiz səviyyəsində olacağı proqnozlaşdırılır.
Ümumilikdə dünya boyunca ölkələr bir neçə aydır ki, yüksək qiymət artımı və inflyasiya ilə qarşılaşmaqda idi. Lakin bu iqtisadi fenomen artıq qismən aradan qalxmağa başlayıb. İndi hamını təəccübləndirən odur ki, qlobal maliyyə böhranı neftlə zəngin Azərbaycanda da varlığını bu cür kəskin hiss etdirməyə başlayıb.
Bəs bu problemin real səbəbləri nədir və onunla Azərbaycanda necə rəftar etmək lazımdır? Nyu-Yorkda yerləşən “Medli” İqtisadi Məsləhətlər Mərkəzinin eksperti Kaan Nazlinin fikrincə, Azərbaycan kimi ölkələrdə ərzağın qiymətlərinin böyük fərqlə artımı real vəziyyətə adekvat deyil, burada süni problemlər də ola bilər. Ekspert “Amerikanın səsi” radiosuna açıqlamasında belə deyib: “Bu, çox qəribədir. Çünki Azərbaycanda əsas qiymət artımı problemi ötən illərdə başqa amillərdən, yəni neft pullarının kəskinÿaxınından və böyük yatırımlardan qaynaqlanırdı. Amma indi ortada belə kəskin qiymət artımının olması yenə təəccüblüdür. Çünki dünya bazarlarında bu prosesin əksi gedir - qiymətlərdə düşmə var. Ona görə də mənim fikrimcə, burada başqa problemlər var. Məncə, bu, süni əngəllər və ölkədəki seçkiöncəsi xərclərlə bağlı ola bilər”.
K.Nazlinin fikrincə, ümumilikdə qlobal maliyyə sisteminin mənzərəsi dəyişib. Belə ki, Amerikanın üzləşdiyi problemlər artıq Avropaya da sıçrayıb: “İnkişaf etməkdə olan ölkələrdə iqtisadi sürət azalıb. İqtisadi böhran dövründə ərzağa tələbat azaldığı üçün qiymətlərdə müvəqqəti enmə də gözlənilir. Amma bu, qısamüddətli prosesdir. Uzunmüddətli perspektivdə isə dünyanı ciddi ərzaq böhranı gözləyir. Çünki ərzağa beynəlxalq tələbat artır, bu da qiymətlərin artmasına, həttaÿərzaq çatışmazlığına səbəb ola bilər”.
Beləliklə, gümanlar müxtəlifdir. Ən bədbin fikir odur ki, ABŞ-dakı iqtisadi geriləmənin çoxluğu enerjinin qiymətlərində əlavə azalmaya və bütün dünyada inflyasiyanın azalmasına gətirib çıxara bilər. Bir qədər radikal fikir isə bundan ibarətdir ki, Amerika iqtisadiyyatını tərk etməyə başlayan reqressiya Avropaya yayılacaq, iqtisadi fəaliyyət məhdudlaşacaq, işsizlik artacaq, inflyasiya isə deflyasiyaya çevriləcək. Amma ekspertlərin fikrincə, iqtisadi proqnozlara düzgün əməl edilsə, bu problemlər bütün hallarda Azərbaycan kimi ölkələrə o qədər də təsir etməməlidir.