Tarix : 2008 Oct 19
Kod 8120

SİYASİ HEÇ KİMLƏR

Neftlə zəngin bu kiçik ölkə prezident seçkisi keçirdi, ancaq Bakıda ətrafa baxanda siz deməzdiniz ki, burada prezident seçilir
Azərbaycan servisi/Aran Agentliyi

Dünyanın ən nüfuzlu qəzetlərindən olan «Nyu York Times» belə yazır.

Qəzet bildirir ki, nə plakatlar vardı, nə şüarlar, nə də ki, namizədlər.

Son üç ildə iqtisadiyyatı ildə 28 faiz sürətlə artan, son beş ildə büdcəsi 12 dəfə çoxalan ölkədə bununla belə seçicilər öz səslərini İlham Əliyevə tərəddüdlə verirdilər. Niyə? Qəzet parkda oturan bir müğənninin sözlərini yazır:

«Azərbaycanda pul doğrudan da çoxdur, ancaq bu pul camaata gəlib çatmır».

Məqalənin başqa bir yerində isə deyilir ki, Azərbaycan varlandıqca, demokratiyası bir o qədər azalır.

«Nyu York Times» indiki prezidentin seçki rəqiblərini isə «siyasi heç kimlər» adlandırır. Qəzetin müxbiri seçki günü Bakıda təsadüfi adamlardan soruşub ki, bu namizədlər haqda nə bilirlər, çox az adam nəsə deyə bilib.

Qəzet seçkini boykot edən müxalifətdən İsa Qəmbərin sözlərini sitat gətirir:

«Müxalifəti televiziyalara buraxmadılar, mitinq etməyə qoymadılar, təbliğat kampaniyası 28 günə endirildi. Bu şəraitdə seçkilərə qatılmaq axmaqlıq idi».

Amerikanın «İnternational Herald Tribune» qəzeti də İsa Qəmbərdən sitat gətirir:

«Bu seçki fars və tragikomediya oldu».

Qəzet təhlilçilərə istinadla yazır ki, müxalifətə nə əngəllər törədildisə, seçki günündən qabaq törədildi. Seçki gününün rəvan keçməsi isə Azərbaycan hakimiyyətinə imkan verir ki, Qərbdən özünə sərf edən qiyməti alsın.

Təhlilçilərin fikrincə, buna geosiyasi səbəb də var. Qərb ölkələri bu seçkini tənqid etməyə meylli olmayacaqlar. Çünki İlham Əliyevin üzünü Rusiyaya tutmasını Qərb qətiyyən istəmir.

«Türkish Daily News» isə təhlilçi Leyla Əliyevanın sözlərini sitat gətirir:

«Qərbin Azərbaycanda prioritetləri başqadır, Azərbaycan cəmiyyətinin demokratikləməsi deyil».

«Türkish Daily News» onu da yazır ki, bir çoxlarının fikrincə, Azərbaycan monarxiyaya daha yaxındır, nəinki demokratiyaya.

  • Yazılıb
  • da (də) 2008 Oct 19