Tarix : 2008 Oct 20
Kod 8144

İnquşetiyada iri miqyaslı döyüşlər başlayıb

Qaranlıq düşəndən sonra respublikaya nəzarət naməlum silahlı qruplaşmanın əlinə keçib
Rusiya SERVİSİ/ARAN AGENTLİYİ

İnquşetiyada vəziyyət son dərəcə kəskinləşib. Lent.az-ın Rusiya kütləvi informasiya vasitələrinə istinadən verdiyi məlumata görə, artıq respublikanın bir çox rayonlarında toqquşmalar qeydə alınıb. “İnquşetiya.org” saytı isə respublikada iri miqyaslı döyüşlər başladığını bildirir.

Oktyabrın 20-nə keçən gecə Maloqbek rayonunda Daxili İşlər Şöbəsinin əməkdaşı Musa Çeçoyevə məxsus ev avtomatik silahlardan və qumbara atanlardan atəşə tutulub. Bir qədər sonra həmin rayonun Psedax kəndində Maloqbek rayon Fenderal Təhlükəsizlik Xidməti İdarəsinin rəisi Amur Kartoyevin evi qumbara atan və avtomatlardan atəşə tutulub. Oktyabrın 19-da isə Nazran rayonunun Yandərə yaşayış məntəqəsində nəzarət buraxılış məntəqəsi 10 dəqiqə ərzində snayper tüfəngindən atəşə tutulub. Hər üç halda itki olmayıb.

Müxalifətdə olan “İnquşetiya.org” saytı bildirir ki, redaksiyaya müxtəlif rayonlardan partlayışlar və atışma ilə bağlı məlumat daxil olur. Həmin məlumatlara görə, Nazran şəhərinin Zavodskoy rayonunda və mərkəzdə, Sunjen rayonunun Alxastı kəndindəki hərbi hissələrin dislokasiyası rayonunda və “OMON”un Qarabulaqdakı bazasında partlayışlar qeydə alınıb. Bundan əlavə, Maloqbek rayonunun Saqopşi kəndində, Troitskaya və Orconokidzevskaya stansiyalarda atışmalar baş verib.

Sayt qeyd edir ki, qaranlıq düşəndən sonra respublika ərazisinə nəzarət naməlum hərbi qruplaşmanın əlinə keçib. İnternet saytı respublikada iri miqyaslı döyüşlər başladığını vurğulayır. Rəsmi mənbələr isə hələlik heç bir məlumat vermirlər.

  • Yazılıb
  • da (də) 2008 Oct 20