Tarix : 2008 Oct 20
Kod 8146

BAKIDA EV KİRAYƏSİ BAHALAŞIB

Mütəxəssislər bunu paytaxta axınla və inflyasiya ilə əlaqələndirirlər
BEYNALXALQ SERVISI/ARAN AGENTLİYİ

Son aylar paytaxtda kirayə evlərin qiyməti 50 faizədək bahalaşıb. Daha dəqiq desək, ötən il 200-250 dollara olan birotaqlı kirayə mənzillər indi müştərilərə 400 dollara təklif olunur. Qeyd edək ki, bu rəqəm kirayəşinlərə təklif olunan mənzillərin şəraitindən və yerləşdiyi ərazidən asılı olaraq artıb-azala bilər. Mütəxəssislər isə kirayə evlərin bahalaşmasını ölkədə gedən inflyasiya ilə əlaqələndirirlər. Onların fikrincə, bölgələrdə sosial vəziyyətin ağır olması insanların Bakıya axınını gücləndirib. Nəticədə kirayə evlərə tələbat bir neçə dəfə artıb və bu, qiymətlərə təsirsiz ötüşməyib.

Dünən paytaxtda fəaliyyət göstərən ev alğı-satqısı məntəqələrində olduq. 7-ci mikrorayonda bu sahə ilə məşğul olan Kamil Eyvazov bildirdi ki, həqiqətən son bir neçə ayda kirayə mənzillərin qiyməti artıb: “Bu isə əsasən ölkədəki bahalaşma ilə əlaqədardı. İndi 7 və 8-ci mikrorayonlarda birotaqlı mənzillərdə kirayə haqqı 250 manatdır. İkiotaqlı mənzillərdə isə şəraitindən asılı olaraq bu rəqəm 400-500 dollar təşkil edir.

Karl Marks dairəsində 2 otaqlı mənzillər 400, 3-cü mikrorayon ətrafında isə 300, 350 dollar təşkil edir. Şəhərin mərkəzində isə kirayə evlərin qiyməti daha yüksəkdir. Məsələn, Səbayel rayonunda üçotaqlı mənzilin kirayə haqqı təxminən 1200 dollardı. Yeni tikilən mənzillərdə isə vəziyyət tamamilə fərqlidir. Belə ki, bu evlərdə şərait yaxşı olduğundan qiymətlər 2 min dollar civarındadır. Qiymət artımı həyət evlərində də özünü göstərməkdədir. İndi belə həyətlərdə yaşayanlar, “xozeynə” 150 manatdan yuxarı kirayə haqqı ödəməli olurlar. Amma Qobustan, Ələt, Səngəçal qəsəbələrində kirayə evlər bir qədər ucuzdur. İndi bu qəsəbələrdə ikiotaqlı kirayə mənzilin qiyməti 100 manatdır".
Apardığımız araşdırmalar zamanı o da, bəlli oldu ki, Bakıda mövsümlü işləməyə gələnlər əsasən dəmir yolu vağzalı ətrafında və bazarların yaxınlığında yaşayırlar. Heç bir şəraiti olmayan kiçik bu mənzillərdə bəzən 6-7 nəfər bir yerdə qalmalı olur. Maraqlısı odur ki, bu evlərin sahibləri də kirayə haqqını artırıb. Belə ki, ötən il həmin mənzilin bir gecəsinə 50 qəpik ödəyənlər indi bir manatlarından keçməlidirlər.

  • Yazılıb
  • da (də) 2008 Oct 20